NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanlı karateçilər XI “Arpachay Open” turnirində qələbə qazanıb

...

Bakı şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş XI “Arpachay Open” beynəlxalq karate turniri böyük uğurla başa çatıb. 30 yanvar - 1 fevral 2026-cı il tarixlərdə “Sərhədçi” İdman Mərkəzində baş tutan yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Karate Federasiyasının dəstəyi, “Arpaçay” İdman Birliyinin təşkilatçılığı ilə keçirilib.

Turnirin əhatə dairəsi olduqca geniş olub. Belə ki, yarışlarda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar bütün çəki və yaş kateqoriyaları üzrə mübarizə aparıblar. 10-dan çox xarici ölkənin müxtəlif bölgələrinin təmsil olunduğu turnirdə 1000-ə yaxın idmançı qüvvəsini sınayıb.

Güclü rəqabət mühitində keçən yarışlarda “Naxçıvan” Karate Klubunun idmançıları  da yüksək texniki hazırlıq nümayiş etdiriblər. Klubu təmsil edən  Fatimə Bağırzadə (10-11 yaş, +38 kq) və Sona Nəcəfbəyli (8-9 yaş, -30 kq) bütün rəqiblərini məğlub edərək beynəlxalq dərəcəli yarışın qızıl medallarına layiq görülüblər. Ölkədaxili görüşlərdə isə Fuad Sadiqov (10-11 yaş, -40 kq) birinci, Ruslan Fətullazadə (9 yaş, -40 kq) isə üçüncü yerin sahibi olublar.

Yarışdan sonra təəssüratlarını bizimlə bölüşən gənc çempionlar qələbəyə gedən yolun heç də asan olmadığını, lakin əzmkarlıq sayəsində zirvəyə ucaldıqlarını bildirərək qələbə hisslərini bu sözlərlə ifadə ediblər: “2026-cı ilin ilk yarışı olduğu üçün çox həyəcanlı idik. Hətta yarışdan əvvəl bəzi uğursuzluqlar, zədələr yaşasaq da, özümüzə güvənərək döyüşdük. Ağrılara və güclü rəqiblərə baxmayaraq, sona qədər davam etdik və qalib gəldik. Bu uğurda hər zaman yanımızda olan, bizi peşəkar şəkildə hazırlayan müəllimimizə, eləcə də bizə hər addımda dəstək olan valideynlərimizə minnətdarıq”.

Bu qələbə gənc karateçilər üçün həm də böyük bir təcrübə olub. Cari ilin ilk yarışını yüksək səviyyədə başa vuran idmançılar artıq növbəti böyük hədəflərə kökləniblər. Onlar aprel ayında keçiriləcək “Grand Prix Azerbaijan” beynəlxalq turnirinə, ondan dərhal sonra isə İstanbulda baş tutacaq Dünya çempionatına hazırlaşırlar. İdmançılarımız həmin mötəbər yarışlarda da qızıl medallarla ölkəmizə qayıdacaqlarına və Azərbaycan Bayrağını yüksəklərə qaldıracaqlarına söz veriblər.

          Səmayə RƏSULOVA

          Naxçıvan Dövlət Universitetinin

Jurnalistika ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 08.02.2026 14:33