Türkiyə və Qazaxıstan liderləri ikitərəfli məsələl...
19:08 17.05.2025
0
0
0
NAXÇIVAN :
17 May 2025, Şənbə
Ötən günlərdə Gürcüstanın Tbilisi şəhərində keçirilən açıq karate çempionatına Naxçıvandan 7 idmançı qatılıb və hər biri mükafatçılar sırasına düşməyi bacarıb. Onlar arasında Qafar Hüseynov və Yusif Orucov erməni rəqibləri ilə mübarizədən qalib gələrək qızıl medal qazanıb. Üç qalibimiz – Qafar, Yusif və Nizami öz təəssüratlarını “Şərq qapısı” ilə bölüşdülər.
Qafar bildirdi ki, bu gün çox sevincliyəm. Çünki finalda erməni rəqiblə qarşılaşaraq qələbə qazanıb. Bu qələbə onun üçün çox böyük əhəmiyyət daşıyır: – “Qızıl medalı boynuma taxarkən Azərbaycanın üçrəngli bayrağının ən yüksəkdə dalğalanmasını izləmək qürurverici idi. Dövlət Himni səslənəndə keçirilən hisslərin əvəzini heç nə verə bilməz. Məhz o anlarda bilirsən ki, çəkilən bu əziyyətlər, yorğunluqlar, zədələr, ağrılar hədər deyilmiş”.
Söhbətimizə Yusiflə davam edirik: “Bu yarışa çox ciddi hazırlaşdım, gecə-gündüz məşqlər etdim və nəhayət, zəhmətimin bəhrəsini gördüm. Döyüşlər çətin idi, amma özümə inandım və sona qədər mübarizə apardım. Məni dəstəkləyən məşqçimə, ailəmə və komanda yoldaşlarıma minnətdaram. Bu qalibiyyət məni daha da motivasiya edir və növbəti yarışlara daha güclü hazırlaşacağam”. Müsahibimiz deyir ki, karate digər döyüş növləri kimi amansız idmandır. Kənardan asan görünsə də, qazanılan hər qələbə, hər uğur böyük əziyyətlər hesabına mümkün olur. Həftənin 6 günündə, gündə iki, bəzən üç məşq keçmək, ciddi qida rejiminə riayət etmək lazımdır.
Yarışda gümüş medala layiq görülən 13 yaşlı Nizami Orucov bildirdi ki: “Qarşıda daha böyük hədəflər bizi gözləyir. Bu gün qazandığımız uğurlar təkcə mənim yox, bir komandanın zəhmətinin nəticəsidir. Növbəti yarışlara daha böyük motivasiya ilə hazırlaşacağıq. Məqsədimiz daha böyük beynəlxalq arenalarda Azərbaycanın adını daim zirvədə saxlamaqdır”.
Qeyd edək ki, qaliblər bundan əvvəl həm daxili yarışlarda, həm də beynəlxalq arenalarda müxtəlif medallar və diplomlara layiq görülüblər.
Biz də idmançılarımıza davamlı uğurlar arzu edirik.
Bülbül QULİYEVA
Digər xəbərlər