NAXÇIVAN :

18 Sentyabr 2026, Cümə

Naxçıvanlı güləşçilər Artvindən böyük zəfərlə qayıdıblar

...

Türkiyənin Artvin şəhəri növbəti dəfə nüfuzlu idman yarışına ev sahibliyi edib. 14-15 yaş qrupu arasında təşkil olunan Mehmet Sosanoğlu Sərbəst Güləş Festivalı beynəlxalq miqyasda gərgin və maraqlı mübarizəyə səhnə olub. 20 ölkədən 140 idmançının qüvvəsini sınadığı bu turnirdə ölkəmizi layiqincə təmsil edən Naxçıvan komandası möhtəşəm qələbəyə imza ataraq komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gürcüstanın ikinci, Türkiyə və İranın isə üçüncü yeri bölüşdürdüyü turnirdə komandamıza kuboku Türkiyə Güləş Federasiyasının prezidenti, tanınmış güləşçi Taha Akgül təqdim edib.

Baş məşqçi Faiq İsgəndərov, məşqçilər Orxan Əsgərov, Barı Əliyev və Nihad Muradovun rəhbərliyi altında 11 idmançı ilə turnirə yollanan komandamız, ümumilikdə, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Qızıl medalları komandamıza Cahangir Əhmədov, Alcəfər Musayev və Şamxal Əlizadə qazandırıb. Ramazan Məmmədli gümüş, Adəm Babayev isə bürünc medalla mükafatçılar sırasına düşüb.

Yarışın yekunları ilə bağlı fikirlərini bölüşən baş məşqçi Faiq İsgəndərov bildirib ki, 20 ölkənin idmançıları arasında birinci yeri tutmaq böyük məsuliyyət və qürurdur: “Xüsusilə Türkiyə, Gürcüstan və İran kimi sərbəst güləş ənənələri zəngin olan ölkələri geridə qoymağımız idmançılarımızın fiziki və psixoloji cəhətdən yarışa yüksək səviyyədə hazırlaşdığının əyani sübutudur. Güləşçilərimiz hər bir görüşə qələbə əzmi ilə çıxdılar, son saniyəyədək mübarizə apardılar. Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgülün əlindən çempionluq kubokunu almaq isə bütün heyətimiz üçün əlavə motivasiya və unudulmaz an oldu”.

Turnirin qızıl medalçısı Alcəfər Musayev də yarışla bağlı təəssüratlarını bölüşüb. 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edən yeniyetmə idmançımız qeyd edib ki, beynəlxalq yarışda döşək üzərinə çıxarkən yeganə məqsədi Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Dövlət Himnimizi səsləndirmək olub: “Rəqiblərim kifayət qədər güclü idi. Məşqçilərimin taktiki tapşırıqlarını dəqiq yerinə yetirməyim mənə qələbə qazandırdı. Bu uğur növbəti, daha böyük yarışlar üçün mənim karyerama böyük bir təkandır”.

Ağır çəki dərəcəsində mübarizə apararaq komandamıza bürünc medal qazandıran Adəm Babayev isə turnirin olduqca gərgin keçdiyini diqqətə çatdırıb: “Ağır çəkidə rəqabət həmişə yüksək olur və hər bir xal uğrunda ciddi mübarizə gedir. Yarışda bürünc medal qazansam da, komanda hesabında birinci olmanın qürurunu yaşayıram. Buraxdığım kiçik səhvlər üzərində çalışaraq gələcək turnirlərdə yalnız qızıl medal üçün xalçaya çıxacağam”.

Artvində güləşçilərimizin qazandığı bu uğur onlarda qarşıdakı digər beynəlxalq turnirlər üçün böyük inam və zəmin yaradır.

Elnurə CƏFƏROVA

 

Nəşr edilib : 18.09.2026 14:26