Azərbaycan və Estoniya rəqəmsal inkişaf və nəqliyy...
18:32 04.11.2026
0
0
0
NAXÇIVAN :
04 Noyabr 2026, Çərşənbə
Türkiyənin Trabzon şəhərində keçirilən 15 yaşlılar arasında boks üzrə Avropa çempionatında Azərbaycan millisinin heyətində mübarizə aparan Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Sadiq Xəlilov uğura imza atıb. Naxçıvan idmançısı ilk dəfə qatıldığı qitə birinciliyində bürünc medal qazanıb.
54 kiloqram çəki dərəcəsində rinqə çıxan Sadiq Xəlilov 1/8 final mərhələsində ukraynalı Mixaylo Tatsii üzərində 3:2, növbəti görüşdə isə rusiyalı Yaroslav Mikolauskas üzərində 5:0 hesablı qələbə qazanaraq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finala gedən yolda şotlandiyalı Cey Şeridana məğlub olan dəri əlcək sahibimiz çempionatı üçüncü pillədə başa vurub.
Avropa çempionatının təəssüratlarını bizimlə bölüşən boksçumuz Sadiq Xəlilovun sözlərinə görə, qitə birinciliyində iştirak etmək onun üçün həm böyük təcrübə, həm də məsuliyyət olub: “Avropanın bir nömrəli çempionatında iştirak etmək mənim üçün çox sevindirici idi. Bura yollanmamışdan əvvəl çempionata məşqçimlə birlikdə ciddi hazırlaşmışdıq. Məqsədim ölkəmizi layiqincə təmsil etmək və medal qazanmaq idi. İlk iki görüşdə qalib gəlsəm də, yarımfinalda məğlub oldum. Buna baxmayaraq, bürünc medal qazanmağım məni çox sevindirdi. İlk Avropa çempionatımda belə nəticə əldə etmək mənim üçün böyük uğurdur. Gələcək yarışlarda daha yaxşı nəticələr göstərmək, Avropa və dünya çempionu olmaq istəyirəm. Bunun üçün məşqlərimi daha da artıracağam”.
Yeniyetmə idmançının məşqçisi Elnur Kərimli də yetirməsinin qazandığı nəticəni yüksək qiymətləndirib. Onun fikrincə, Avropa çempionatında medal qazanmaq Sadiqin gələcək idman karyerası üçün mühüm təcrübədir: “Sadiq məşqlərdə öz əzmkarlığı və intizamı ilə seçilən idmançılardandır. Avropa çempionatına hazırlıq prosesində qarşıya medal qazanmaq məqsədi qoymuşduq. Bunun üçün məşqlərimizi planlı şəkildə qurmuş, fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsinə də xüsusi diqqət yetirirdik. Yarışda ilk iki görüşünü uğurla başa vuraraq yarımfinala yüksəldi. Yarımfinal qarşılaşması kifayət qədər gərgin keçdi. Təəssüf ki, finala vəsiqə qazana bilmədi, ancaq bürünc medal əldə etdi. Nəzərə alsaq ki, bu, onun ilk Avropa çempionatı idi, nəticəni uğurlu hesab edirəm. Bu medal həm idmançımızın özünəinamını artıracaq, həm də qarşıdakı yarışlara daha böyük həvəslə hazırlaşmasına stimul verəcək. Sadiqin potensialına inanıram və qarşıdakı dövrdə daha böyük nailiyyətlərə imza atacağına şübhəm yoxdur”, – deyə məşqçi bildirib.
Qeyd edək ki, Sadiq Xəlilov 2026-cı ildə bir neçə uğurlu nəticələri ilə də diqqət çəkib. Belə ki, o, həmyaşıdları arasında keçirilən ölkə birinciliyinin və kubokunun qalibi olub. Avropa çempionatının bürüncü isə gənc boksçunun medal kolleksiyasını daha da zənginləşdirib.
Elnurə CƏFƏROVA
Digər xəbərlər