Pakistanın Baş naziri: Azərbaycan xalqının birliyi...
14:33 26.12.2024
0
0
0
NAXÇIVAN :
26 Dekabr 2024, Cümə axşamı
"Şərq qapısı" xəbər verir ki, Neolit dövrü abidələri ilə dünyada xüsusi şöhrət qazanmış Şanlıurfa Dünya Neolit Konqresinə ev sahibliyi edir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva həmin konqresdə iştirak edir.
4 noyabr 2024-cü ildə konqresin təntənəli açılış mərasimi olub. Zeynəb Quliyeva konqresin birinci günündə “Cənubi Qafqazda Neolit mədəniyyətinin mənşəyi və Yaxın Şərqlə əlaqəsi məsələsi” mövzusunda məruzə edib.
Məruzədə Naxçıvanın Neolit dövrü abidələrində aparılmış tədqiqatlar haqqında ətraflı məlumat verilib. I Kültəpə, Osmantəpə, Naxçıvantəpə, Xələc və Sədərək abidələrindən aşkar olunan arxeoloji materiallar əsasında regionda Neolit mədəniyyətinin meydana çıxmasını şərtləndirən təbii-coğrafi amillər nəzərdən keçirilib. Alim aktuallıq kəsb edən məruzəsində Naxçıvanın qonşu bölgələrlə əlaqəsi məsələsinə də toxunub, Kültəpə mədəniyyətinin mənşəyi, dövrləşdirilməsi və lokal xüsusiyyətləri barədə əldə olunan elmi yenilikləri beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıb.
Qeyd edək ki, dünyanın 64-dən artıq ölkəsindən, 487 qurumdan 1000-ə yaxın arxeoloqun qatıldığı konqres noyabr ayının 8-dək davam edəcək.
Bu mötəbər tədbirin əsas qayəsi Neolit dövrü mədəniyyətlərinin öyrənilməsi üçün yeni perspektivlər yaratmaq, elmi ədəbiyyatlarda həmin dövrlə bağlı mövcud ənənəvi fikir və nəzəriyyələri, Neolit insanının oturaq həyat tərzi, sosial iyerarxiyası, inanc sistemi və digər faktorlarla yanaşı, bioarxeologiya, fiziki antropologiya və geoarxeologiya elm sahələri üzrə elmi yeniliklərin müzakirəsi üçün unikal platforma formalaşdırmaqdır.
Digər xəbərlər