NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

“Naxçıvanın yetişdirdiyi böyük ədəbi simalarla yanaşı, bizim kimi xırda qələm sahiblərinə də yer verdiyinizə görə sağ olun”

...

Tarix 2025-ci ilin 16 avqustunu göstərir... Bu il Azərbaycanın Xalq şairi, ədəbiyyatşünas və pedaqoq, istiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunur.
Mənim uşaqlığım babamın kitab rəflərində başlayıb. O rəflərdə saralmış səhifələr vardı, kiril əlifbası ilə çap olunmuş, qoxusu belə keçmişin nəfəsini daşıyan kitablar... Mikayıl Müşfiq, Tofiq Mütəllibov və başqaları... Və onların arasında həmişə xüsusi yeri olan Bəxtiyar Vahabzadə. Evimizdə hər dəfə söz ədəbiyyata gələndə  sanki hələ də şairin öz doğma səsi gəlirdi.  O illərdə görkəmli qələm adamlarının Naxçıvana səfərlərindən danışılırdı. Bəxtiyar Vahabzadə, yazıçı Anar və digərləri... Onların əksəriyyətinin ozamankı akademik Yusif Məmmədəliyev adına Pedaqoji İnstitutda tələbələrlə keçirdiyi görüşlərdən söhbət açılardı. Mən uşaq idim, amma təsəvvürümdə həmin danışıqlar, həmin baxışlar, həmin alqışlar var idi.
Bir gün düşündüm: “Görəsən, Bəxtiyar Vahabzadənin Naxçıvanda olduğuna dair izlər haradadır?” İnternetdə axtardım. Sözün düzü, tapmadım. Lakin birdən Naxçıvan Ədəbiyyat Muzeyində gördüyüm bir eksponat yadıma düşdü, şairin öz imzası ilə göndərdiyi avtoqraf. Və qərara aldım: “İz axtarıramsa, onu buradan tapacağam”. Muzeyin direktoru Aləmzər   İbrahimovanın köməkliyi ilə bir andaca özümü o keçmişin içində tapdım, muzeyin fondunda qarşıma çıxan fotolar, ­kitablar, əlyazmalar sanki məni 60-70 il əvvələ ­apardı.
Fotolara baxdıqca üzümə qəribə bir təbəssüm qonurdu... Elə bil, şair qarşımda dayanmışdı. Bakıdakı şəkillər, amma ən çox da Naxçıvanda qələm dostları ilə çəkilən kadrlar məni ovsunlayırdı. Ən təsirli fotolardan biri 1965-1966-cı illərə aid idi. Möminə xatun türbəsinin önündə dayanmış bir qrup ziyalı – Həsən Mehdiyev, İslam Səfərli, Həsən Seyidbəyli, Rəsul Rza, Xalq yazıçısı Süleyman Rəhimov və Bəxtiyar Vahabzadə... Arxa fonda isə əsrlərin yaddaşını daşıyan türbə. O illərdə türbə yenidən bərpa olunurdu. Və bu il Prezidentin imzaladığı Sərəncamla türbənin bir daha restavrasiya ediləcəyi xəbəri sanki zamanın qapanmayan dairəsi kimi həmin fotonu mənim üçün daha da mənalı edirdi.
Naxçıvana aid fotolar az idi, amma hər biri bir tarix idi. Digər fotoların sirrini isə şairin muzeyə ünvanladığı məktub açırdı. Muzeyin ikinci mərtəbəsində, şüşə vitrinin arxasında nümayiş etdirilən məktubu oxuyarkən bir tərəfdən sətirləri izləyir, digər tərəfdən xəyalımda şəkillər canlanırdı:
“Hörmətli Firəngiz xanım, salam. Məktubunuzu aldım. Muzeyinizi təbrik edir və ona uğurlar diləyirəm. Naxçıvan bizim gözəl vətənimizin fəxr olunmalı guşələrindən biridir. Orada Ədəbiyyat Muzeyinin olması zəruri idi. Naxçıvanın verdiyi böyük ədəbi simalarla yanaşı, bizim kimi xırda qələm sahiblərinə də yer verdiyinizə görə sağ olun. İstədiyiniz şeylərin hamısını göndərmək imkanı olmadığından, məndən bir kitabımı, iki şeirimin əlyazmasını və üç şəkli qəbul edin (şəkillərin biri Çingiz Aytmatov və Yevgeni Yevtuşenko ilə çəkilib). Rica edirəm, göndərdiklərimin çatıb-çatmadığı barədə yazasınız.”

    21.07.1986   
  Bəxtiyar”

Məktub bitdi, amma mənim beynimdəki səhnələr davam edirdi. Başqa fotolarda isə yenidən İslam Səfərli, Bəxtiyar Vahabzadə və Hüseyn Mehdiyev ağaclıq bir məkanda, ayaqüstə, səmimi bir söhbətin içində idilər. Ən önəmli kadr isə Naxçıvan Ədəbiyyat Muzeyinin əvvəlki binasının önündə, qələm dostları ilə çəkilən foto idi. Muzey fondunda Yazıçılar İttifaqının VII Qurultayından fotolar, Rəsul Rza, akademik Əbdülkərim Əlizadə və şairin İraq xatirələrindən görüntülər də vardı. Və əlbəttə ki, dost söhbətlərinin əks olunduğu saysız-hesabsız kadrlar...
Bütün bunların yanında fondun ən qiymətli inciləri isə   şairin kitabları idi. “İstiqlal” poeması, “Gülüstan” poeması, “İnsan və zaman” – şeirlər və poemalar toplusu, “Bir baharın qaranquşu” və daha neçə-neçə əsər.
Bu fotolar və səhifələr mənim üçün, sadəcə, muzey eksponatı deyil, həm də bir epoxanın nəfəsi idi. Orada, o şəkillərdə, o məktubda Bəxtiyar Vahabzadə hələ də Naxçıvandadır... Və mən bilirəm ki, onun izi bu torpaqdan heç vaxt silinməyəcək. Və indi illərin o üzündən xatirələrin buraxdığı izlərlə muzeydən çıxarkən başa düşürəm ki, Bəxtiyar Vahabzadə üçün Naxçıvan, sadəcə, səfər yeri deyil, bu torpağın daşına, havasına, insanına hopan bir yaddaş olub. Onun türbə önündə dayanıb çəkdirdiyi foto, dostları ilə söhbətləri, muzeyə ünvanladığı səmimi məktub, bunlar bir xalqın ədəbiyyat yaddaşına vurulan möhür kimidir. 
Zaman fotoları saralda bilər, kağızları köhnəldə bilər, amma şairin sözü, nəfəsi, səsi heç vaxt köhnəlmir. Çünki o səs hər dəfə “Vətən” deyəndə, əslində, Naxçıvandan da keçib gəlir. Bəlkə də, gələcək nəsillər bu fotolara baxanda, bu məktubu oxuyanda düşünəcəklər: “Bir şair burada dayanıb, bu küçələrdən keçib, bu torpağın nəfəsini alıb”. Və bu onların da qəlbində Vətən sevgisinin bir parçası olacaq. Bəxtiyar Vahabzadə indi muzey vitrinindəki fotolardan bizə baxır. Baxışlarında isə eyni mesaj var:
 “Biz Vətən məcnunu, el aşiqi, 
               sülh əsgəriyik,
Biz Vətən naminə ölsək, dirilərdən diriyik”.

Rafiq TƏHMƏZ
 

Nəşr edilib : 16.08.2025 09:15