Azərbaycan və İran Xarici İşlər nazirlikləri arası...
22:31 16.04.2025
0
0
0
NAXÇIVAN :
17 Aprel 2025, Cümə axşamı
Xan çinarlar uzunömürlülük rəmzi, təbiətin salnaməsidir
Ötən həftədən başlayaraq Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində əkilən beşillik Xan çinar fidanları sakinlərin və bölgəmizə səyahatə gəlmiş qonaqların marağına səbəb olub. Belə ki, təkcə yaşıllıq deyil, eyni zamanda tarix boyunca Azərbaycan şəhərlərinin yaraşığı olmuş xan çinarlar uzunömürlülük, vüqar simvolu, gözəllik, təmizlik və sərinlik mənbəyi olmuşdur. Odur ki, hər yayın istisində şəhərimizin mərkəzindəki cəmi üç çinar ağacının sərin kölgəsindən həzz alan Naxçıvan sakinləri də bir zamanlar digər yerlərdə onların yerinə əkilmiş “liliput yolkaların” heç bir kölgəliyə və sərinliyə yaramadığını açıqca etiraf edirdilər.
Dünya yaranandan bəri insanın gördüyü ən savab işlərdən biri, bəlkə də, birincisi ağac əkib onu ərsəyə çatdırmaqdır. Naxçıvan kimi iqlimi quraq və isti olan bir diyarda el birliyi ilə əkilən ağaclar da sadə insanların bu torpağa məhəbbətinin məhsuludur. Amma ağaclandırma da bir elm sahəsidir və burada elmi araşdırma aparılıb və dünya təcrübəsi öyrəniləndən sonra bölgədə əkiləcək düzgün ağac növü və yerin torpaq və su təminatı xüsusiyyətləri də mütləq nəzərə alınmalıdır. Ona görə də bir zamanlar Naxçıvanda şəhəri başdan-başa kifayət qədər bahalı qiymətə idxal olunmuş iynəyarpaqlı ağaclarla “bəzəmək” həvəsi ilə alışıb yananlar, hələ bir də Allahdan da qorxmayaraq tikinti və ya təmir bəhanəsi ilə on illərlə çəkilmiş əziyyətin bəhrəsi olan iri ağacları təkcə kəsmir, hətta ağır texnika ilə onları dibindən qazıyıb çıxarırdılar. Əlincəqalanın, Ordubad, Culfa, Qarabağlar abidələrinin tarixinə yamaq vurub “tarixə düşmək” istəyənlər bu minvalla şəhərimizdəki qocaman ağacları da, onların yenidən pöhrələməməsi üçün inadla çalışırdılar. Beləcə, şəhərimizin ekoloji vəziyyətinə məsul olan qurumların da məsuliyyətsizliyi ucbatından hər il yüzlərlə iri ağac xırda məmur düşüncəsizliyinin qurbanına çevrilirdi. Əgər kimsə onların yerini görmək istəsə belə, səhralaşmış konkret ünvanları aidiyyəti üzrə göstərə bilərik.
Amma halbuki ölkəmizin Gəncə, Şuşa, Şəki, Zəngilan, Ordubad kimi şəhərlərində Xan çinarları görəndə bu gözəlliyə çata bilmək üçün çox da dərin təhlil gərəkmədiyini düşünmək olar. Hələ on il əvvəl təhsil proqramı çərçivəsində qardaş ölkə Özbəkistanın iqlimi Naxçıvanla bənzər olan Fərqanə, Əndican kimi şəhərlərində gördüyüm, sözün əsl mənasında, səmaya tavan çəkmiş iri gövdəli, beşmərtəbəli binadan da hündür çinarlar bu mənada, insanda həm sevgi, həm də qısqanclıq hissləri də yaradırdı. Bəzilərinin ömrü min ildən çox olan, torpaq eroziyasının qarşısını alan, havadakı toz və digər suspenziya şəkilli zəhərli maddələri süzdürüb yox edən, sərin mikroiqlim mühiti yaradan belə çinarlar iqlim dəyişikliyinə də qarşı ən yaxşı mübarizə vasitələrindən biri kimi isti qurşaqda yerləşən ərazilərdə geniş yayılıb. Otuz il ərzində erməni vandalizminə və ekosidinə məruz qalmış Bəsitçay Dövlət Təbiət Qoruğundakı çinarlarımız da bu, mənada, bu ərazilərimizdəki genetik bankımız kimi uğurla öz kimliyini qorumağı bacarmışdır.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə artıq Naxçıvan şəhərində yerləşən Zəfər parkında, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, Heydər Əliyev prospektində, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, İstiqlal və Nizami Gəncəvi küçələrində və şəhərin digər ərazilərində xeyli sayda Xan çinar və akasiya ağaclarının əkintisi davam etdirilir. İnanırıq ki, Araz üsündəki qədim Naxçıvanın bu mərkəzi prospekt və küçələrində, həmçinin Naxçıvan Dövlət Universitetinin ərazisində əkiləcək toplamda 1300-dək fidan sürətlə boy atıb, bir zamanlar Şuşada Vaqifin, Natəvanın ilham mənbəyi olmuş ağaclar kimi bizim şəhərimizə yeni bir estetik görüntü, torpağa ikinci həyat, insanlara yeni bir rifah qazandırıb, gənclərin görüş məkanı kimi də tanınacaqlar. Şahbuz torpağının ölməz nəğməkar şairi Məmməd Arazın “Araz üstə çinar gördüm” şeirində yazdığı kimi:
Araz üstə çinar gördüm.
Qoşa çinar.
Budaqları bir-birinə
dolaşan çinar.
Yarpaqarı bir-biriylə
öpüşən çinar.
Əli CABBAROV
Digər xəbərlər