Naxçıvan Muxtar Respublikasında noyabr ayının 27-n...
23:54 26.11.2024
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2024, Çərşənbə
Çoxsaylı faydalı qazıntıları ilə seçilən Naxçıvan həm də “yaşıl” sərvətləri ilə zəngindir. Son dövrlərdə Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadədə bir çox regionlarla (xüsusilə Qarabağ və Şərqi Zəngəzur) bərabər, Naxçıvanın da adı çox çəkilir. Bu da təsadüfi deyil. Çünki muxtar respublikanın yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpaolunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Bu sırada isə Günəş enerjisindən istifadə imkanları daha çox ön plandadır. Aparılan hesablamalara görə, muxtar respublika ərazisində günəşli saatların ortaillik miqdarının 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi 0,8-1,2 kilovatsaat təşkil edir. Bu isə soyuq fəsillərdə belə Günəş enerjisindən istifadə etmək imkanlarını ortaya qoyur.
Muxtar respublikada günəş elektrik stansiyalarının tikilməsinə son illərdə başlanılıb. Həmçinin stansiyaların layihələndirilməsi zamanı yaşayış məntəqələrinə yaxın əkinəyararsız ərazilərdə qurulması nəzərə alınıb ki, bu da istehsal olunan elektrik enerjisini istehlakçılara daha az itki ilə çatdırmağa imkan verir. İlk dəfə olaraq 2015-ci ildə Babək rayonunun Xalxal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, həmçinin 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi yaxınlığında 2 meqavat və 2020-ci ildə 3 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına öz töhfəsini verib. Bu sahədə görülən işlərin davamı kimi Şərur rayonunun Zeyvə kəndi yaxınlığında 2021-ci ildə 5 meqavat və 2022-ci ildə 3 meqavat, 2023-cü ildə daha 3 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası, həmçinin Culfa rayonunda muxtar respublikada ilk dəfə olaraq 2021-ci ildə 1,1 meqavat gücündə Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası, 2022-ci ildə 0,3 meqavat gücündə Culfa Külək Elektrik Stansiyası istismara verilib. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada elektrik enerjisinin istehsalında “yaşıl enerji”nin payı artıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatına görə, hazırda günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü 58,5 milyon kilovat-saata çatdırılıb.
Bu gün Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Azərbaycan və Türkiyə prezidentlərinin bu il sentyabrın 25-də Naxçıvanda görüşündə cənab İlham Əliyevin dediyi kimi: “…Naxçıvanın qazı, nefti olmasa da, Günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunduqdan sonra Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq “yaşıl enerji”nin Naxçıvan vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarılması ölkəmizin enerji prioritetləri sırasındadır. Bu isə Naxçıvanın “yaşıl dəhliz”ə çevrilməsində mühüm rol oynaycaq. Bu il sentyabrın 28-29-da Naxçıvanda ilk dəfə olaraq Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan – Yaşıl Enerji Zonası” Beynəlxalq konfransının keçirilməsi də yaxın gələcəkdə bu istiqamətdə mühüm addımların atılacağını göstərir. Təsadüfi deyil ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamətin biri də elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır. Digər tərəfdən proqram üzrə Naxçıvan Muxtar Respublikasının enerji sisteminin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulması üçün tədbirlər görülməsi Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı və ixracı potensialını artıracaq, bu isə ölkənin əlavə enerji gücləri hesabına dünya bazarına (Türkiyəyə və Avropaya) elektrik enerjisi satmaq imkanlarını və alternativlərini genişləndirəcəkdir. Bundan əlavə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş prioritetdən biri kimi müəyyənləşdirilib və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “yaşıl enerji məkanı” layihəsi üzrə müəyyənləşdirilən tədbirlər qarşıya mühüm vəzifələr kimi qoyulub. Buradan da göründüyü kimi, Azərbaycanda bərpaolunan enerji mənbələrindən geniş istifadə təkcə ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı deyil, həm də az karbonlu enerji sistemi və dayanıqlı gələcək qurmaq, həmçinin xaricdə enerji gücümüzə olan tələbatı ödəmək məqsədi daşıyır. Qarşıya qoyulan vəzifələrin və prioritet istiqamətlərin uğurla reallaşdırılması Naxçıvanın “yaşıl gələcəyi”nə də yaşıl işıq yandıracaq.
Səbuhi HƏSƏNOV
Digər xəbərlər