NAXÇIVAN :

28 Iyun 2026, Bazar

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb

...

Naxçıvanın qədim tarixinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı mühüm elmi əhəmiyyətə malik yeni fakt ortaya çıxıb. İlandağ yazısının 30 illik axtarışlardan sonra yenidən aşkar olunması qədim tariximizin araşdırılması baxımından mühüm hadisə hesab olunur. Bu barədə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyevlə həmsöhbət olduq.

Vəli Baxşəliyev bildirdi ki, İlandağ yazısı XX əsrin 80-ci illərində, daha dəqiq desək, 1988-1989-cu illərdə elm aləminə məlum olub. Yazını həmin ərazidə çalışan geoloqlar aşkar edərək onun fotoşəkillərini və koordinatlarını Ermənistan Milli Elmlər Akademiyasına göndəriblər. Yazını oxumaq mümkün olmadığından materiallar sonradan İtaliya arxeoloqlarına təqdim olunub.

Professor qeyd etdi ki, məşhur urartuşünas alim Mirjo Salvini yazını oxuyaraq onun məzmununu müəyyənləşdirib. 1996-cı ildə bu yazı haqqında məqalə dərc olunub və həmin yazının məzmunu barədə geniş məlumat verilib. Onun sözlərinə görə, yazıda Urartu hökmdarı İşpuini və onun oğlu Menuanın Arsini şəhərlərini fəth etdikləri, Poladi  ölkəsində Tanrı Haldinin şərəfinə abidə ucaltdıqları qeyd olunur. Həmçinin Tanrı Haldiyə bir öküz, onun xanımına isə bir inək qurban verildiyi bildirilir. Bu məlumatlardan aydın olur ki, İşpuini və Menua birgə yürüş təşkil edərək Naxçıvan ərazisindən keçməklə Cənubi Azərbaycandakı Poladi ölkəsinə gediblər. Həmin dövrdə Naxçıvanda Etiuni tayfa birliyi mövcud idi. Bölgədə aşkar olunan arxeoloji abidələr də göstərir ki, Naxçıvan Etiuni tayfa birliyinin əsas yaşayış məkanlarından biri olub. Bu tip abidələr Ordubad, Şahbuz və Şərur rayonlarının ərazilərində də qeydə alınıb.

Müsahibimin sözlərinə görə, etiunilər bölgədə kifayət qədər güclü olduqlarından urartular dəfələrlə hücum etmələrinə baxmayaraq, bu əraziləri tam şəkildə ələ keçirə bilməyiblər. İlandağ yazısında Əlincəçay vadisində yerləşən iki kəndin fəth edildiyi qeyd olunsa da, sonrakı yazılı mənbələr bunun tam həqiqəti əks etdirmədiyini, Urartu mixi yazılarında verilən bəzi məlumatların reallığa uyğun olmadığını sübut edib. Əslində, onların hakimiyyəti indiki Ermənistan ərazisində yerləşən bir neçə şəhərdə olub. Başqa bölgələrə yürüşlər etsələr də, həmin torpaqlar uzun müddət Urartu dövlətinin tərkibində qalmayıb.

Vəli Baxşəliyev bildirdi ki, bu faktlar Assuriya mənbələrində də öz əksini tapır. Həmin mənbələrdə urartuların etiunilər və skiflərlə mübarizədə məğlubiyyətlərə uğradığı qeyd edilir. Halbuki Urartu kitabələrində bu barədə məlumat verilmir. Alim vurğuladı ki, İlandağ yazısının mühüm əhəmiyyəti də məhz bundadır.

Yazı elm aləminə çoxdan məlum olsa da, uzun müddət onun dəqiq yeri müəyyən edilə bilməmişdi. Bunun əsas səbəbi ilkin koordinatların düzgün göstərilməməsi olub. Yazı Culfa rayonunun keçmiş Xoşkeşin kəndinin yaxınlığında, İlandağın ətəyində yerləşir. Hazırda həmin ərazidə yaşayış yoxdur və ətraf ərazilər uzun müddət axtarılıb. Son ekspedisiya zamanı aparılan araşdırmalar nəticəsində yazının yeri müəyyənləşdirilib və onun, həqiqətən, mövcud olduğu təsdiq edilib. “Dostumuz tarixçi Hüseyn Cəfərov və digər tədqiqatçılarımızla birlikdə uzun axtarışlardan sonra yazını aşkar etdik”, – deyə o bildirib.

Vəli Baxşəliyev qeyd edib ki, bir vaxtlar bəzi tədqiqatçılar belə bir yazının mövcudluğunu inkar edir, onu uydurma hesab edirdilər. Bunun səbəbi sovet dövründə Urartu dövlətinin yanlış olaraq ermənilərlə əlaqələndirilməsi idi. Lakin dünya elmi göstərir ki, urartuların ermənilərlə nə dil, nə də antropoloji baxımdan birbaşa əlaqəsi var.

Alim bildirib ki, Urartu dili qədim Şərq dillərinə daha yaxın olub. Bu xalq bu gün mövcud olmasa da, onlardan qalan maddi mədəniyyət nümunələri Azərbaycanın tarixi irsinin bir hissəsidir və qorunmalıdır. İlandağ yazısının yenidən aşkar edilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır və onunla bağlı indiyədək aparılan araşdırmaların əsassız olmadığını göstərir. Urartular qədim dövrdə mövcud olmuş dövlət olub, günümüzə isə onların yazıları, qalaları və digər maddi mədəniyyət nümunələri gəlib çatıb.

Sonda Vəli Baxşəliyev vurğulayıb ki, uzun illərdir, tarixi-mədəniyyət abidələrinin tədqiqi ilə məşğuldur və İlandağ yazısı Naxçıvanın qədimliyini təsdiqləyən ən mühüm tarixi abidələrdən biridir. Onun sözlərinə görə, bu kimi tapıntılar tarix və arxeologiya elmində zamanla formalaşmış bir sıra yanlış nəzəriyyələrin aradan qaldırılmasına, qədim tariximizin daha obyektiv şəkildə öyrənilməsinə mühüm töhfə verir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 07.06.2026 16:00