Milli Məclisdə maraqlar toqquşması haqqında qanun ...
17:31 29.10.2026
0
0
0
NAXÇIVAN :
29 Oktyabr 2026, Cümə axşamı
Bəzən bir yerin torpağına qədəm qoymaq əsrlərin yaddaşına, nəsildən-nəslə ötürülən mənəvi və mədəni xəzinəyə səyahət etməkdir. Naxçıvanın qədim və bərəkətli guşələrindən olan Babək rayon Nehrəm qəsəbəsinə etdiyimiz budəfəki səfər də məhz belə unudulmaz təəssüratlarla yadda qaldı. Nehrəmin torpaq qoxulu küçələrindən keçib təmiz havanı ciyərlərimizə çəkərkən bizi qarşılayan doğma qonaqpərvərlik qarşıda bizi gözləyən doğma bir ləzzətdən xəbər verirdi. Bu səfərin əsas məqsədi elə milli mətbəximizin ən ləziz təamlarından biri olan Nehrəm küftəsinin hazırlanma qaydası ilə tanışlıq idi. Bu yemək daha çox səbir və ustalıq tələb edir, əslində.
Bu qədim yeməyi bizə 77 yaşlı qəsəbə sakini Xuraman Abutalıbova hazırladı və yeməyin özünəməxsus incəliklərindən danışdı. Düz 54 ildir ki, Nehrəmdə yaşayan, ömrünün böyük hissəsini və qəlbinin sevgisini bu torpağa bağlayan Xuraman nənənin yanında olmaq, onun təcrübəsini izləmək adamı lap uşaqlığına, nənə ocağına aparırdı. İllərin sınağından keçmiş təmkinli hərəkətləri, nurani üzü və hər detalda göstərdiyi xüsusi diqqət əsl el ağbirçəyinin portretini gözlər önündə canlandırırdı. Yaşının gətirdiyi müdriklik və həyat təcrübəsi ilə Xuraman nənə işinin başına keçdi və yeməyi hazırlamağa başladı. Biz də onun bu ustalığını izləyərək Nehrəm küftəsinin sirrlərini addım-addım kəşf etdik.
Nehrəm küftəsi başqa bölgələrin küftəsindən fərqləndirən incəliklərdən söhbət açan Xuraman nənə bu qədim xörəyin hazırlanma qaydasından bizə danışdı: “Bizim Nehrəm küftəsinin əsas sirri onun hazırlanmasında və içindədir. Bizdə ət maşından keçirilməz. Xalis dana və quzu ətini babalarımızdan qalan dədə-baba üsulla, daşın üstündə xüsusi toxmaqla səbirlə döyərik. Ət yaxşıca döyüldükdən sonra ona soğan, düyü, noxud, ədviyyatlar və bizdə, Naxçıvanda “küftə pencəri” dediyimiz məzrə qatıb yoğururuq. Bir də ən əsas şərt odur ki, ətin içinə heç bir bulyon vurulmaz, ət gərək öz təbii şirəsini saxlasın. Yoğrulan iri küftə yumrularının tən ortasına isə öncədən qaynadılıb bişirilmiş yumurta yerləşdiririk”.
Xuraman nənə döyülmüş ətdən iri küftələri tutub bir-bir qazana saldıqca və yemək zəif odda ağır-ağır bişdikcə Nehrəmin qədim biş-düş adətlərindən söhbət açdı: “Əti döyüb hazır etdikdən sonra gərək küftələri ehtiyatla qazana salasan. Küftə gərək tələsmədən, zəif odda, öz buğunda ağır-ağır bişsin ki, ətin dadı, şirəsi tam çıxsın. Bizim nənələrimiz də həmişə deyərdi ki, küftə bişərkən qazanın ağzını tez açmazlar, qapağını azca açıb baxarsan ki, suyu durulsun, əti dağılmasın. Qaynar-qaynar süfrəyə çəkib ortadan kəsəndə o yumurtayla döymə ətin bir-birini tamamlaması elə nənələrimizin bizə qoyub getdiyi bərəkətdir, el adətidir”.
Nehrəm səfərimiz və Xuraman nənənin bişirdiyi bu möhtəşəm yeməyi dadmaq mənə milli köklərimizə olan bağlılığın gözəlliyini bir daha yaşatdı. 77 yaşlı el anasının ustalıqla ərsəyə gətirdiyi bu Nehrəm küftəsi, damğasını vurduğu əsrarəngiz dadı ilə uzun müddət xatirələrimdə yaşayacaq. Azərbaycan mətbəxinin bu ləziz təamlarını qoruyub saxlamaq, öyrənmək və gələcək nəsillərə ötürmək hər birimizin mənəvi borcudur.
Elnurə CƏFƏROVA
Digər xəbərlər