NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

Naxçıvanın güclənən hərbi potensialı: ordu quruculuğunda yeni mərhələ

...

Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.

   İlham Əliyev

  Azərbaycan Respublikasının Prezidenti

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunması daim dövlət siyasətinin əsas prioritetlərindən olub. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu bu gün yeni mərhələdə davam etdirilir. Ərazi bütövlüyünün silahlı müdafiəsinin təşkili, hərbi təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi, qoşunların əməliyyat imkanlarının və döyüş qabiliyyətinin artırılması, müasir növ silahlarla təchizat Azərbaycan Ordusunun artan gücünün və nüfuzunun göstəricisidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 30 illik işğala son qoyulması, Ağdam, Kəlbəcər və Laçının döyüşsüz qaytarılması, 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunması Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi.

Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir

Zəfərin əldə olunmasında özünəməxsus payı olan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun fəaliyyəti daim dövlət başçısının diqqətindədir. Naxçıvanın coğrafi mövqeyi, Azərbaycanın əsas hissəsi ilə quru bağlantısının olmaması burada müdafiə və təhlükəsizlik məsələlərinin xüsusi yanaşma ilə təşkilini zəruri edir. Silahlı Qüvvələri peşəkar kadrlarla təmin edən Heydər Əliyev adına Hərbi Liseydən sonra Naxçıvanda daha bir hərbi təhsil ocağının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardandır. Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin ilk məzunlarını yola salması gələcəkdə ordunun peşəkar gizir kadrları ilə təminatına töhfə verəcək. Dövlət başçısının Naxçıvana son səfəri zamanı hərbi potensialla tanış olması da bu diqqətin göstəricisidir. Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması mərasimində iştirak etdilər. Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın müdafiə potensialını yüksək qiymətləndirən ölkə başçısı deyib: Bu illər ərzində, əlbəttə ki, ilk növbədə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi prioritet məsələlər sırasında idi. Bu istiqamətdə də böyük işlər görüldü və bu gün bayrağın təqdimetmə mərasimində bir daha Naxçıvanın hərbi gücü özünü göstərdi, həm texnika ilə təchizat, – özü də ən müasir texnika ilə, – həm də yeni komando qüvvələrinin yaradılması. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir”.

Yenilməyən güc komando

Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, hərbi infrastrukturun təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi daim diqqət mərkəzindədir. Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları müxtəlif təyinatlı yerli və beynəlxalq təlimlərdə iştirak edir, qazandıqları təcrübəni təkmilləşdirirlər. Ən böyük təcrübəni isə Vətən müharibəsində qazanan və öz şücaətləri ilə tarix yazan hərbi qulluqçular bu gün öz bilik və bacarıqlarını gənc əsgərlərlə bölüşürlər. Tarixi Zəfərdən sonra yeni əməliyyat (komando) qüvvələrinin yaradılması Naxçıvanın müdafiəsinin gücləndirilməsinə, daha peşəkar, bacarıqlı kadrların yetişməsinə göstərilən diqqətin ifadəsidir. Vətən müharibəsi bir daha göstərdi ki, ordunun gücü yalnız müasir silah, texnika ilə ölçülmür, şəxsi heyətin peşəkarlığı vacib amildir və bu amil məhz qələbəyə aparan yolda həlledici məqamdır. Naxçıvandan Şuşaya qədər şərəfli döyüş yolu keçən Naxçıvan xüsusi təyinatlılarının şücaətini yüksək qiymətləndirən ölkə başçısının Naxçıvana növbəti səfərində yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarını təqdim etməsi də bu baxımdan xüsusi məna və məzmun kəsb edir. Göstərilən etimad bu günə qədər yüksək hazırlığın, verilən tapşırıqlara peşəkar yanaşmanın nəticəsi olmaqla yanaşı, Əlahiddə Ümumqoşun Ordunun komando hərbi hissələrinin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində üzərlərinə qoyulan məsuliyyətdir.

Naxçıvanı relyef baxımından səciyyələndirsək, dağlıq və ya düzən ərazilərdə fəaliyyət göstərmək üçün bölmələrin yüksək manevr qabiliyyətinə və çevik idarəetmə xüsusiyyətlərinə malik olması mühüm şərt kimi önə çıxır. Bu baxımdan, komando hərbi hissələrinin yaradılması Əlahiddə Ümumqoşun Ordunun döyüş qabiliyyətinin daha da artırılması istiqamətində atılan vacib addımlardan biridir.

Qalib orduda xidmət etmək qürurdur

Tarix də göstərir ki, ordu quruculuğu ən mürəkkəb proseslərdən biridir. Bu, peşəkar yanaşma ilə bərabər, bacarıq, dözümlülük, vətənpərvərlik, psixoloji hazırlığı özündə ehtiva edir. Eyni zamanda dövrün çağırışlarına uyğun olaraq yeni yanaşmalar, davamlı inkişaf, maddi-texniki bazanın modernləşdirilməsini tələb edir. Dövlət başçısının daim diqqətdə saxladığı Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığının yüksəldilməsi ilə yanaşı, lazımi şəraitin yaradılması da ordu quruculuğu istiqamətində aparılan məqsədyönlü tədbirlərin nəticəsi kimi özünü göstərir. Çəkiliş heyətimizlə birlikdə yeni yaradılan komando hərbi hissələrindən birindəyik. Burada şəxsi heyət üçün yaradılmış şərait, nizam-intizam və gündəlik hazırlıq prosesi diqqətimizi çəkir.

Mayor Emin Quliyevlə həmsöhbət oluruq. Emin Quliyev Heydər Əliyev adına Hərbi Liseyin məzunudur. Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində “N” hərbi hissəsinin bölük komandiri vəzifəsində xidməti vəzifəsini icra edib. 2022-ci ildə “Qisas” əməliyyatında, 2023-cü il lokal xarakterli antiterror əməliyyatında Ağdam, Ağdərə istiqamətində yüksəkliklərin əldə olunmasında heyəti ilə birgə şücaət göstərib. “Vətən uğrunda”, “Şücaətə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

“Qalib orduda xidmət etmək qürurdur. Vətən müharibəsindən sonra biz bunun bir daha şahidi olduq. Zəfər çalmış ordu sıralarında xidmət etmək üçün müraciətlər, hərbi məktəblərə qəbul göstəriciləri sevindiricidir. Biz də, öz növbəmizdə, gənc zabitlər, gizirlər və əsgərlərimizlə bu istiqamətdə qazandığımız təcrübəni bölüşürük. Tez-tez gənclərlə də görüşlər keçirilir. Onlara ilkin hərbi biliklər aşılanır. Bu görüşlər, eyni zamanda hansısa gəncin gələcəkdə peşə seçiminə də müsbət təsirini göstərmiş olur”.

Komando bölmələrinin yaradılmasının müharibədən sonrakı dövrə təsadüf etdiyini bildirən Emin Quliyev bunun döyüş təcrübəsindən irəli gələn zərurət olduğunu deyir: “Piyada və motoatıcı bölmələrin öz tapşırıqları var. Komando bölmələrinin tapşırıqları isə tamamilə fərqlidir. Yüksəkliklərin əldə olunması, müəyyən dərinliklərə doğru irəliləmək üçün çevik bölmələr lazım idi. “Qisas” əməliyyatı və 2023-cü ilin antiterror tədbirləri komando bölmələrinin hazırlığının əhəmiyyətini bir daha göstərdi”.

Mayor Emin Quliyev bildirir ki, gündəlik fəaliyyət döyüş hazırlığı proqramına uyğun qurulur. Atəş, taktiki və fiziki hazırlıq əsas istiqamətlərdir. Komando bölmələrində taktiki məşğələlərə xüsusi üstünlük verilir. Dağlıq və mürəkkəb relyefdə, müxtəlif iqlim şəraitində fəaliyyət qabiliyyəti, fiziki və taktiki hazırlıq hərbi qulluqçular üçün əsas tələblərdəndir.

Digər həmsöhbətimiz kapitan Bəxtiyar Əsədovdur. Vətən müharibəsi iştirakçısı olan zabit “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda xidmətini yeni yaradılan komando hərbi hissəsində davam etdirən kapitan deyir: “Ağrılı-acılı, eyni zamanda qürur dolu müharibə xatirələri çoxdur. Amma Ali Baş Komandanın hərbi hissəmizə Döyüş bayraqlarını təqdim etməsi mənim üçün unudulmaz ana çevrildi. Və bu an fotoda əbədiləşdi”.

Baş gizir Zəfər Cəfərovun sözləri isə döyüş xatirələrinin insan yaddaşında necə yaşadığını göstərir: “Döyüşdən danışmaq döyüşdə olmaqdan daha çətindir. O yaşadığımız anları xatırlamaq, yaşadığımız sevinc hisslərini bölüşmək, ifadə etmək olduqca çətindir. Döyüşdə qazandığımız təcrübə, qatıldığımız təlimlər gündəlik fəaliyyət gücümüzü daha da artırıb”. Günnüt əməliyyatının iştirakçısı olan Zəfər Cəfərov həmin dövrdə Qızılqaya yüksəkliyindən Laçın istiqamətinə baxdıqlarını xatırlayır: “İki il sonra artıq müzəffər Ordunun əsgərləri kimi Laçın dəhlizində qürurla addımlayırdıq. Qarabağda gedən quruculuq işlərini böyük şövqlə izləyirik. Bütün bu hadisələr göstərir ki, biz güclü dövlətik”.

Baş çavuş Şahin Həsənov və çavuş Vasif Əmirov da Şuşaya qədər şərəfli döyüş yolu keçən hərbçilərdəndir. Böyük zəfər yolu keçmiş orduda xidmət etmək onlar üçün qürur və şərəfdir: “İstənilən tapşırığı hər zaman yerinə yetirməyə hazır və qadirik. Komando bölməsində xidmət etmək isə üzərimizə əlavə məsuliyyət qoyur. Daha çevik, daha güclü və hər zaman döyüşə hazır olmalıyıq”, – deyirlər.

Naxçıvanda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması Azərbaycan Ordusunun müasir tələblərə uyğun inkişafının göstəricilərindən biridir. Bu proses yalnız yeni hərbi hissələrin formalaşdırılması deyil, həm də peşəkar şəxsi heyətin hazırlanması, döyüş təcrübəsinin ötürülməsi, hərbi infrastrukturun yenilənməsi və müasir texnologiyaların tətbiqi ilə müşayiət olunur. Dövlət başçısının diqqət və qayğısı ilə Naxçıvanın müdafiə potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Əlahiddə Ümumqoşun Ordunun qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə imkan yaradır. Vətən müharibəsində qazanılan zəfər və suverenliyimizin tam bərpası yeni reallıqlar yaradıb. Bu reallıqlar fonunda güclü ordu, peşəkar hərbi qulluqçu və müasir hərbi infrastruktur dövlətimizin təhlükəsizliyinin əsas təminatlarından biri olaraq qalır. Naxçıvanda yaradılan yeni komando hərbi hissələri də bu gücün mühüm elementlərindən biri kimi Azərbaycan Ordusunun inkişaf tarixində öz layiqli yerini tutacaq.

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 14.09.2026 15:29