Media və Yayım Şurası: Almaniya kəşfiyyatının keçm...
10:25 07.10.2026
0
0
0
NAXÇIVAN :
07 Oktyabr 2026, Çərşənbə
Azərbaycan müasir dövrdə sabit inkişafı, müstəqil siyasəti, güclənən iqtisadi potensialı və sosial rifahın yüksəldilməsi istiqamətində əldə etdiyi nailiyyətlərlə seçilən ölkələrdəndir. Dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qətiyyətlə qorunması, iqtisadiyyatın şaxələndirilməsi və insan kapitalına sərmayə qoyuluşu ölkəmizin tərəqqisini təmin edən başlıca amillərdəndir. Bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilən inkişaf strategiyası dayanır.
Bu siyasi kurs Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına, beynəlxalq nüfuzunun artırılmasına, vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin yeni və şanlı səhifələri yazılır.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da bu ümumi inkişaf siyasətində xüsusi yer tutur. Qədim dövlətçilik ənənələri, zəngin tarixi-mədəni irsi, strateji coğrafi mövqeyi və iqtisadi potensialı Naxçıvanı ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bölgəyə çevirir. Muxtar respublikanın təhlükəsizliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının sürətləndirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi dövlət başçısının daim diqqət mərkəzindədir.
Son illərdə Naxçıvanda həyata keçirilən genişmiqyaslı layihələr, qəbul edilən Dövlət proqramları və mühüm qərarlar bu diqqət və qayğının real ifadəsidir. Prezident İlham Əliyevin Naxçıvana hər səfəri yeni layihələrin başlanması, görülən işlərin yerində dəyərləndirilməsi, mövcud ehtiyacların müəyyənləşdirilməsi və gələcək inkişaf hədəflərinin konkretləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin bu il avqustun 11-də Naxçıvana səfəri də muxtar respublikanın inkişaf gündəliyində mühüm mərhələ oldu. Səfər çərçivəsində yalnız görülən işlərlə tanışlıq deyil, Naxçıvanın gələcək inkişaf modelini müəyyənləşdirən layihələrin təqdimatı, yeni təşəbbüslərin başlanması və sosial-iqtisadi hədəflərin dəqiqləşdirilməsi həyata keçirildi.
Səfər zamanı 50 meqavatlıq “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıq oldu, Naxçıvan Sənaye Parkının təməli qoyuldu, elektrik mühərrikli avtobuslara baxış keçirildi və dəmir yolu infrastrukturunun yenilənməsi ilə bağlı məlumat verildi. Naxçıvan Regional DOST Mərkəzinin açılışı, sosial evlər kompleksinin və “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimləri, Möminə xatun türbəsində aparılan bərpa işləri, Əcəmi Naxçıvaninin abidəsinin açılışı səfərin sosial, iqtisadi və mədəni məzmununu tamamladı.
Əslində, bunlar bir-birindən ayrı layihələr deyil. Sadalanan tədbirlər Naxçıvanda iqtisadi fəallığın artırılması, dayanıqlı enerji imkanlarının genişləndirilməsi, müasir şəhər mühitinin formalaşdırılması, sosial xidmətlərin əlçatanlığının təmin edilməsi və tarixi-mədəni irsin qorunmasının vahid inkişaf yanaşmasında birləşdirildiyini göstərir. Naxçıvan Sənaye Parkı yeni iş yerlərinin yaradılması və özəl investisiyaların cəlbi, bərpa olunan enerji layihələri enerji təhlükəsizliyinin gücləndirilməsi və gələcək ixrac imkanlarının genişləndirilməsi, Naxçıvan Regional DOST Mərkəzi isə vətəndaşlara göstərilən sosial xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfərin ardınca, avqustun 12-də imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam bu siyasi iradəni konkret maliyyə və icra mexanizmləri ilə möhkəmləndirdi. Sərəncama əsasən 2026-2027-ci illərdə enerji, yol, nəqliyyat, təhsil və abadlıq layihələrinin həyata keçirilməsi üçün, ümumilikdə, 258 milyon manat vəsait nəzərdə tutulub.
Tivi Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi, 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometrlik avtomobil yollarının əsaslı təmiri, Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksinin inşası, yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bir sıra yaşayış binaları və istilik qazanxanalarının əsaslı təmiri, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi kimi tədbirlər Sərəncamda öz əksini tapıb. Bu qərarlar Naxçıvanın inkişafına yalnız mövcud ehtiyaclar baxımından deyil, gələcək nəsillərin yaşayış, təhsil və sosial imkanları prizmasından yanaşıldığını göstərir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı, dağ-mədən sənayesinin inkişafı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə bağlı tədbirlər də bu strateji yanaşmanın mühüm istiqamətlərindəndir. Bütün bunlar Naxçıvanın iqtisadi dayanıqlılığının gücləndirilməsinə və sakinlərin rifahının yüksəldilməsinə xidmət edir.
Bu baxımdan, Naxçıvanın uzun illər mövcud olmuş logistik məhdudiyyətlərdən çıxaraq beynəlxalq nəqliyyat qovşağına çevrilməsi perspektivi xüsusi əhəmiyyət daşıyır. Zəngəzur dəhlizinin Naxçıvan ərazisindən keçən 194,2 kilometrlik hissəsi üzrə işlərin başlanması muxtar respublikanın Azərbaycanın əsas hissəsi, Türkiyə və daha geniş regionla nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsi baxımından mühüm imkanlar yaradır. Bu perspektiv Naxçıvanın yalnız tranzit əhəmiyyətini artırmır, eyni zamanda ticarət, logistika, sənaye və xidmət sektorlarının inkişafı üçün yeni imkanlar formalaşdırır.
Gələcək Naxçıvanın siması yalnız nəqliyyat və iqtisadi layihələrlə deyil, müasir və rahat şəhər mühiti ilə də müəyyənləşəcək. Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan məskunlaşma sahəsinin genişləndirilməsini, əhalinin artımına uyğun yaşayış fondunun formalaşdırılmasını, yaşıllıq zonalarının artırılmasını, velosiped zolaqlarının yaradılmasını, təhsil, səhiyyə və digər sosial obyektlərin əlçatanlığının yüksəldilməsini nəzərdə tutur.
Bu yanaşma şəhərsalmanın yalnız yeni binaların inşasından ibarət olmadığını, əsas məqsədin insan üçün rahat, təhlükəsiz və keyfiyyətli həyat mühitinin yaradılması olduğunu göstərir. Deməli, Naxçıvanın gələcək inkişaf modelində iqtisadi artımla yanaşı, şəhər həyatının keyfiyyəti də mühüm göstərici kimi çıxış edir.
Naxçıvanın gələcəyi enerji, sənaye, kənd təsərrüfatı, logistika və turizm imkanlarının qarşılıqlı şəkildə inkişaf etdirilməsi ilə sıx bağlıdır. Bununla yanaşı, su təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, insan kapitalının inkişafı və sosial xidmətlərin daha da əlçatan olması qarşıdakı dövrün mühüm vəzifələri sırasında qalır.
Bu gün Naxçıvanda həyata keçirilən layihələr göstərir ki, muxtar respublika yalnız zəngin tarixi və mədəni irsi ilə deyil, müasir inkişaf potensialı ilə də Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biridir. Prezident İlham Əliyevin diqqət və qayğısı, qəbul edilən qərarlar və onların icrasına yönəlmiş ardıcıl tədbirlər Naxçıvanı sosial rifahın, “yaşıl enerji”nin, müasir şəhərsalmanın, sənayenin və beynəlxalq nəqliyyat imkanlarının qovuşduğu yeni inkişaf mərhələsinə aparır.
Beləliklə, Naxçıvanın gələcəyi ilə bağlı müəyyənləşdirilən hədəflər və səsləndirilən statistik göstəricilər muxtar respublikanın inkişafının təsadüfi və epizodik deyil, konkret məqsədlər, maliyyə imkanları və mərhələli icra mexanizmləri əsasında qurulduğunu göstərir. Qarşıdakı dövrdə həyata keçiriləcək layihələr Naxçıvanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə və muxtar respublikanın Azərbaycanın ümumi inkişafında daha fəal mövqe tutmasına geniş imkanlar yaradacaq.
Rəmzi İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının əməkdaşı
Digər xəbərlər