NAXÇIVAN :

17 Avqust 2026, Bazar ertəsi

Naxçıvanın enerji təhlükəsizliyi: dayanıqlılıqdan ixrac potensialına

...

Enerji və logistika maraqlarının kəskinləşdiyi müasir dünyada ölkələrin enerji təhlükəsizliyinin təmin olunması dövlət siyasətində mühüm prioritetlərdən birinə çevrilib. Azərbaycan Respublikası da zəngin və çoxşaxəli enerji resurslarına malik olmaqla yanaşı, davam etdirdiyi etibarlı əməkdaşlıq ənənəsinə uyğun olaraq bu siyasətdə regional müstəvidən qlobal aktor səviyyəsinə yüksəlib. Bu mənada, Prezident İlham Əliyevin həyata keçirdiyi yeni strateji enerji siyasəti Azərbaycanın etibarlı enerji, nəqliyyat və logistika tərəfdaşına çevrilməsini təmin edib. Xəzərdəki zəngin karbohidrogen yataqları ilə yanaşı, ölkəmizin müxtəlif ərazilərində — Abşeron-Bakı, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarında bərpa olunan enerji resurslarının istehsalı və ixracı da getdikcə daha böyük əhəmiyyət qazanır. Xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi bu potensialın daha geniş regional əməkdaşlığa cəlb olunması üçün yeni imkanlar yaradır.

Keçmişdə vahid enerji sisteminə qoşulmuş Naxçıvan SSRİ-nin dağılması və Ermənistan tərəfindən blokadaya alınması nəticəsində uzun illər enerji və nəqliyyat böhranı ilə üzləşib. Azərbaycanın təbii qazının tranzit yolu ilə Naxçıvana çatdırılması, regionun zəngin Günəş, hidro və külək potensialının enerji istehsalına cəlb edilməsi ilə enerji təminatında mühüm irəliləyiş əldə olunsa da, nəqliyyat blokadası hələ də aradan qalxmayıb. II Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yaranan yeni reallıqlar isə Zəngəzur dəhlizinin açılması perspektivində Naxçıvanın rolunu daha da artırır. Bu dəhlizin fəaliyyətə başlaması gələcəkdə Azərbaycan-Türkiyə-Avropa xətti üzrə enerji mübadiləsinin genişləndirilməsi, eləcə də Azərbaycanın enerji potensialının digər region ölkələri üçün əlçatanlığının artırılması baxımından mühüm imkanlar yarada bilər. Bütün bunlar Azərbaycanın neft erası sonrası dövrdə də enerji istehsalı və ixracında regional lider mövqeyini qorumaq və daha da möhkəmləndirmək istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətin tərkib hissəsidir.

Bütün bu prioritetlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bir daha diqqətə çatdırıldı. Dövlət başçısının Azərbaycanın strateji ərazisi olan Naxçıvanda enerji məsələsinin əhəmiyyətini regionun müdafiəsi və sənaye potensialının artırılmasından sonra xüsusi olaraq vurğulaması bu sahədən gözləntilərin nə qədər böyük və dövlət əhəmiyyətli olduğunu bir daha ortaya qoydu. Azərbaycanın regionda elektrik enerjisi ilə bağlı problemi olmayan nadir ölkələrdən biri olduğunu qeyd edən Prezident artan risklər fonunda Naxçıvanın davamlı və dayanıqlı enerji təminatının heç vaxt pozulmaması üçün bütün mümkün vasitə və resurslardan istifadə edilməsinin vacibliyini vurğuladı.

Bir vaxtlar, blokadanın ilk illərində yalnız Araz çayı üzərindəki elektrik stansiyasından əldə olunan cəmi 22 meqavat güclə enerji tələbatını qarşılamağa çalışan Naxçıvanın hazırkı generasiya gücü, təqribən, 200 meqavata çatıb. Daxili istehlak tələbatının hazırda, təxminən, 130 meqavat olduğu nəzərə alınarsa, Naxçıvanın elektrik enerjisi ixracı üçün kifayət qədər geniş potensiala malik olduğu görünür. Bu potensialın gələcəkdə daha da artırılması da dövlət başçısının müəyyən etdiyi mühüm prioritetlər sırasındadır. Bu hədəflərə çatmaq üçün Naxçıvanın enerji resursları kifayət qədər geniş və şaxəlidir. Təkcə Naxçıvan Sənaye Parkında inşa ediləcək 300 meqavat gücündə istilik elektrik stansiyası mövcud generasiya gücünün əhəmiyyətli dərəcədə artırılmasına imkan verəcək. Bununla yanaşı, regionun zəngin Günəş enerjisi və hidroenerji potensialı bərpa olunan enerji sahəsində yeni imkanlar yaradır.

Bu potensialı bu gün reallığa çevirmək və gələcəyə hesablanmış dayanıqlı inkişaf hədəflərində Azərbaycanın mövqeyini daha da gücləndirmək baxımından həyata keçirilən hər bir investisiyanın xüsusi əhəmiyyəti var. Bu sahədə özəl sektorun fəallığını xüsusilə qeyd edən Prezident İlham Əliyev Naxçıvandan böyük həcmdə elektrik enerjisinin ixracının nəzərdə tutulduğunu bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi, təkcə günəş enerjisi üzrə bu potensial ən azı 500 meqavat, hətta 1000 meqavata qədər ola bilər. Hazırda Naxçıvanda artıq istismarda olan bir neçə Günəş elektrik stansiyası, tikilməkdə olan 50 meqavat gücündə iki Günəş elektrik stansiyası, həmçinin Ordubad rayonunun Tivi kəndində inşa ediləcək 15 meqavat gücündə su elektrik stansiyası bu istiqamətdə qarşıya qoyulan vəzifələrin ilk addımlarıdır. Qarşıdakı mərhələdə isə hədəflər daha genişdir. Bu, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın təkcə nəqliyyat-logistika deyil, eyni zamanda elektrik enerjisi, neft-qaz kəmərləri və fiber-optik kabel xətlərinin qovşağına çevrilməsidir.

Naxçıvanın yaxın keçmişdə yaşadığı blokada çətinlikləri, eləcə də regionda hazırda davam edən proseslər göstərir ki, enerji təhlükəsizliyi sabitliyin və davamlı inkişafın mühüm amillərindən biridir. Enerji təminatının dayanıqlılığı yalnız iqtisadi fəaliyyətin fasiləsizliyi üçün deyil, həm də əhalinin təhlükəsiz və rahat yaşayışı, sənayenin inkişafı və strateji ərazilərin dayanıqlılığının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Davamlı iqtisadi-sosial sabitlik üçün isə hər şeydən əvvəl, güclü siyasi iradə, maliyyə resursları və tam müstəqillik lazımdır. Müasir Azərbaycanda bunların hamısı vardır. Bu istiqamətdə həyata keçirilən layihələr və islahatlar da məhz vahid strateji məqsədə-regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, xalqımızın rahat və firavan şəraitdə yaşamasına xidmət edir.

Naxçıvanın enerji sahəsində qarşıdakı mərhələdə atılacaq addımlar, bu baxımdan yalnız mövcud tələbatın ödənilməsinə deyil, həm də regionun enerji istehsal edən və ixrac edən mərkəzə çevrilməsinə hesablanıb. Zəngin bərpaolunan enerji potensialı, yeni generasiya layihələri və Zəngəzur dəhlizinin açılması ilə yaranacaq imkanlar Naxçıvanın Azərbaycanın enerji strategiyasında rolunu daha da artıracaq. Beləliklə, vaxtilə blokadanın yaratdığı enerji məhdudiyyətləri ilə üzləşən Naxçıvan gələcəkdə enerji təhlükəsizliyini təmin edən deyil, həm də regional enerji təhlükəsizliyinə töhfə verən mühüm mərkəzlərdən birinə çevrilə bilər.

Əli  CABBAROV

Nəşr edilib : 17.08.2026 10:10