NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Naxçıvanın bölgə müxbirləri

...

Jurnalistika cəmiyyətin güzgüsü, informasiya isə bu güzgünün bütöv və dəqiq olmasını təmin edən vasitədir. Bu güzgüdə baş verənləri daha dəqiq görmək üçün yalnız mərkəzdə deyil, bölgələrdə baş verənləri də işıqlandırmaq lazımdır. Müasir jurnalistikada bu vəzifəni bölgə müxbirləri həyata keçirir. Onlar ucqar kəndlərdən tutmuş, şəhər və rayon mərkəzlərinədək baş verən hadisələri, sosial və iqtisadi prosesləri mərkəzi informasiya sisteminə daşıyan əsas sütunlardan biridir. Odur ki, bölgə müxbirləri təkcə jurnalist deyil, həm də yerli ictimaiyyətin hüquqlarını müdafiə edən, dövlət orqanlarını hesabatlı olmağa təşviq və məcbur edən, həmçinin yerli informasiya sisteminin təməlini təşkil edən peşəkar şəxslərdir.
Müasir dünyada informasiya cəmiyyətinin əsas təməl daşlarından biri azad mediadır və burada bölgə müxbirlərinin üzərinə daha böyük məsuliyyət düşür: onlar bölgədə yalnız informasiya daşıyıcısı yox, cəmiyyətin səsini eşidən və onu ictimaiyyətə, bəzən də dövlət qurumlarına çatdıran vacib vasitəçidirlər. Elə bu səbəbdən bölgə müxbirlərinin rolu xüsusilə əhəmiyyətlidir. Naxçıvanda fəaliyyət göstərən bölgə müxbirləri regionda baş verən hadisələri, sosial və iqtisadi prosesləri, ictimai narazılıqları və uğurları işıqlandıraraq mühüm bir informasiya missiyasını həyata keçirirlər. Eyni zamanda vətəndaşla dövlət arasında vasitəçi rolunu oynayırlar. Yerli əhalinin gündəlik həyatında qarşılaşdığı problemlər barədə hazırlanan reportajlar isə daim diqqət mərkəzinə düşür. Bəzi hallarda bu məlumatlar mərkəzi icra hakimiyyətinin müdaxiləsinə səbəb olur və konkret tədbirlərin görülməsi ilə nəticələnir. Beləliklə, muxtar respublikada fəaliyyət göstərən bölgə müxbirləri yalnız xəbərləri çatdırmır, həm də sosial dəyişikliklərə səbəb olan proseslərin iştirakçısına çevrilirlər. Bu baxımdan, onların fəaliyyəti həm ictimai nəzarətin güclənməsinə, həm də yerli problemlərin mərkəzi səviyyədə həllinə şərait yaradır.
Sevindirici haldır ki, son illərdə Naxçıvanın media sahəsində müxtəlif islahatlar aparılıb, Medianın İnkişafı Agentliyinin (MEDİA) Naxçıvan regional idarəsi yaradılıb,  bölgə müxbirlərinin fəaliyyət mühitini təmin etmək üçün mühüm işlər görülüb. Bunun nəticəsidir ki, muxtar respublikada Azərbaycan televiziyası, İctimai tele­viziya, “Azərtac”,  “Report” İnformasiya Agentliyi, “APA” Media Qrupu, “Baku TV” kimi ölkənin böyük media qurumlarının bölgə postları yaradılıb. Bu da həmin qurumların bölgədə öz məlumatlarını daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. 
Naxçıvanda fəaliyyət göstərən bölgə müxbirləri təkcə sosial və iqtisadi mövzularla kifayətlənmir: onlar muxtar respublikada mədəniyyətin, tarixin və milli dəyərlərin qorunmasına da mühüm töhfələr verirlər. Bu dəyərlər onların hazırladığı reportajlar, videosüjetlər və məqalələr vasitəsilə geniş ictimaiyyətə tanıdılır. Bu baxımdan, bölgə müxbirlərinin fəaliyyəti həm də milli kimliyin qorunmasına xidmət edir. Mərkəzi media qurumları bölgə müxbirlərinin sayəsində daha geniş informasiya bazasına malik olur. Bu da medianın ölkə miqyasında daha balanslı və müxtəlif mövzularda yayım etməsini təmin edir.
Deyə bilərik ki, bu gün Naxçıvandakı bölgə müxbirləri ölkədə informasiya məkanının ayrılmaz hissəsi hesab olunurlar. Bu da regionda jurnalistikanın balanslı, həmçinin şəffaf şəkildə formalaşmasında mühüm rol oynayır. Bölgə müxbirləri yalnız informasiya daşıyıcısı deyil, həm də ictimai maraqların müdafiəçisi, sosial ədalətə töhfə verən fəal iştirakçılardır. Onların fəaliyyətinin stimullaşdırılması və  hüquqlarının qorunması isə muxtar respublikada medianın inkişafı baxımından strateji əhəmiyyət daşıyır. 

 Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 22.07.2025 10:30