NAXÇIVAN :

11 May 2026, Bazar ertəsi

Naxçıvanın al-qırmızı bənzərsiz gözəlliyi

...

Naxçıvanın bahar havası adamı öz ağuşuna elə alır ki, bəzən yol səni tamam başqa bir ovqata aparır. Bu gün Ordubad istiqamətində uzanan yolda bizi qarşılayan mənzərə də elə həmin ovqatın özü idi. Təbiət öz güllü-çiçəkli libasını hələ çıxarmağa tələsmir. Yolboyu dağların qoynuna sığınan yaşıllıq, uzaqdan görünən qar örtüklü zirvələr və səmada nazlana-nazlana üzən buludlar Naxçıvanın əzəmətini bir daha göz önünə sərirdi.
Bu yolun ən heyrətamiz dayanacağı isə hər kəsin səbirsizliklə üz tutduğu laləlik idi. Bir az geciksək də, bizi qarşılayan mənzərə bütün yorğunluğu unutdurdu. Torpağın sinəsindən boylanan rəngbərəng lalələr baharın al rənglərini sərgiləyirdi. Qırmızı, sarı  çalarların bir-birinə qarışdığı bu rəng seli insanı valeh etməyə bilməzdi.
Küləyin zərif toxunuşu ilə yırğalanan çiçəklər, sanki Naxçıvan torpağının qədim ruhunu əks etdirirdi.  O an anlayırsan ki, təbiətin yaratdığı bu gözəllik qarşısında sözlər bəzən aciz qalır.
Naxçıvan hər fəsildə başqa bir gözəllik təqdim edir. Yaz gələndə isə bu diyar tamam başqa rəngə boyanır. Dağların ətəyindən başlayan yaşıl örtük, çayların gur səsi, yamaclarda açan çiçəklər bu qədim yurdu canlı bir tabloya çevirir. Burada təbiət, sadəcə, seyr edilmir, hiss olunur. Hər nəfəsində torpağın ətri, hər baxışında minilliklərin sakitliyi duyulur.
Ordubada gedən yol isə bu gözəlliklərin içindən keçən bir nağıl yolunu xatırladır. Hər döngədə insanı yeni bir mənzərə, yeni bir heyrət gözləyir. Yol yoldaşı olduğumuz dostlarla birlikdə gah dayanıb şəkillər çəkir, gah da səssizcə bu gözəlliyi seyr edirdik. Çünki bəzi mənzərələrə, sadəcə, baxıb heyran qalmaq istəyirsən.
Bəzən ən möhtəşəm mənzərələr elə doğma torpağın qoynunda gizlənir. Naxçıvanın baharı da məhz belə bir möcüzədir. Hər baxanda yenidən aşiq olduğun, hər gördükcə heyrətini təzələyən bir möcüzə.
Bu gün yolumuz Ordubada idi, amma yaddaşımızda qalan lalələrin rənginə boyanan o bahar mənzərəsi, dağların əzəməti və Naxçıvanın insanın ruhuna toxunan bənzərsiz gözəlliyi oldu. Bəzən bir günün içində bütün bir fəslin sehrini yaşamaq mümkündür.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 11.05.2026 16:03