NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanın 4 qızıl məzunu

...

Ümumtəhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı Elm və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası üzrə 4 məzun qızıl nişana layiq görülüb. Onlar Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmayılova, eləcə də Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlovadır. Uğur qazanan məzunlar redaksiyamızın qonağı oldu.

“Uğur yalnız öz zəhmətinizlə qazanılır”, – deyir Oruc Heydərov. O, 2025-ci ildə keçirilən Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə üç mərhələdə uğurla çıxış edərək 3-cü yerə layiq görülüb və bürünc medal qazanıb. Bu nəticə ona qızıl nişan qazandırıb. Oruc olimpiadaya, əsasən, müstəqil hazırlaşıb, müxtəlif riyazi vəsaitlər üzərində işləyərək biliklərini artırıb. Yalnız imtahan öncəsi bir ay Təhsil Nazirliyinin təşkil etdiyi xüsusi hazırlıq kursunda iştirak edib. Həmin kurs biliklərini sistemləşdirməyə və imtahana daha yaxşı hazırlaşmasına kömək edib. Buraxılış imtahanında Oruc 281,2 bal, blok imtahanında isə 384,5 bal toplayaraq, ümumilikdə, 665,7 bal nəticə göstərib. O, Respublika Fənn Olimpiadasındakı nəticələrinə əsaslanaraq ADA Universitetinə qəbul olmağı düşünür. Gələcək planı proqramlaşdırma, süni intellekt və informasiya texnologiyaları sahəsində ixtisaslaşmaqdır. O, arzulayır ki, əldə etdiyi biliklərlə ölkəsinin texnoloji inkişafına töhfə versin. Oruc Heydərov həmyaşıdlarına tövsiyə edir ki, daim öz üzərlərində çalışsınlar, qarşılarına hədəf qoysunlar və həmin məqsəd istiqamətində ardıcıl irəliləsinlər. Uğur yalnız kurslarla yox, həm də zəhmətlə qazanılır. Hər çətinliyin arxasında bir fürsət gizlənir, sadəcə onu görmək və dəyərləndirmək lazımdır.

Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunu Fidan Bədəlova isə uğurlarını təkcə fərdi deyil, kollektiv əmək nəticəsi kimi qiymətləndirir: “Bu uğurlarımı məktəb rəhbərliyinə, fədakar müəllimlərimə və hər zaman yanımda olan valideynlərimə borcluyam. Onların dəstəyi olmasaydı, bu nəticələri əldə etmək çətin olardı”. Fidanın uğurları çoxdur. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülüb, 2024-cü ildə isə ölkə üzrə keçirilən fənn olimpiadasında I yeri qazanaraq qızıl medal əldə edib. Bu uğurlar ona gələcək təhsilində də üstünlük verir. Fidan deyir ki, bu nailiyyətlər sistemli hazırlıq və məktəbdə yaradılan əlverişli mühitin nəticəsidir: “Məktəbdə mütəmadi sınaq imtahanları keçirilirdi. Bu imtahanlar zəif tərəflərimizi müəyyənləşdirməyə və əlavə məşğələlərlə onları aradan qaldırmağa imkan verirdi. Bu sistemli yanaşma uğurumuzun əsas səbəbidir”.

Qeyd edək ki, Fidan qəbul imtahanında 495,4 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almağı planlaşdırır.

Digər qızıl nişanlı məzun, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunu Fidan Ağazadə isə həkim olmaq arzusundadır: “Təhsilimin bu vacib mərhələsini uğurla başa vurmağım həm böyük sevinc, həm də məsuliyyətdir. Dövlət İmtahan Mərkəzinin attestat imtahanında 295 bal, blok imtahanında isə 339,7 bal toplayaraq, ümumilikdə, 634,7 bal nəticə əldə etmişəm. Bu, illərlə davam edən zəhmətin, fədakarlığın və dəstəyin nəticəsidir”.

Fidan qeyd edir ki, məqsədi savadlı və vicdanlı həkim olmaqdır və Azərbaycan Tibb Universitetinə qəbul olunmağı planlaşdırır. O, təhsil aldığı məktəbin direktoru Natiq Əhmədova və müəllimlərinə minnətdarlığını bildirib. Fidan bu uğuru yalnız başlanğıc hesab edir və qarşıdakı məqsədlər üçün daha çox çalışacağını vurğulayır. O həm də şagird kimi bir çox olimpiadalarda uğur qazanıb.

Şahbuz rayonunun Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmayılova 9 mart 2025-ci il tarixdə keçirilən buraxılış imtahanında 300 bal toplayaraq muxtar respublika birincisi olub. Bu onun üçün qürurverici an olub. Səma, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş təqdimat müsabiqəsində III yerə layiq görülüb. Bu nailiyyətlər Səmanın qızıl nişana layiq görülməsinə əsas səbəb olub. O, ali məktəbə qəbul imtahanlarının I mərhələsində 356,9 bal, ümumi nəticədə isə 656,9 bal toplayıb. Daha sonra II cəhdlə 369,7 bal toplayaraq ümumi balını 669,7-yə çatdırıb. Səma İsmayılova bu uğurunu valideynləri və müəllimləri ilə bölüşdüyünü, onların dəstəyini xüsusi vurğulayıb. Müsahibimiz deyir ki, yüksək nəticə yalnız zəhmət deyil, həm də özünə inam, iradə və məqsədə qətiyyətli addımlarla mümkündür. O, abituriyentlərə daim özlərinə inanmalarını tövsiyə edir.

Bu nailiyyətlər göstərir ki, gənclərimiz gələcəyə inamla, öz gücünə arxalanaraq addımlayır. Qızıl nişan həm bu günün, həm də gələcəyin uğur müjdəsidir.

Bütün məzunlarımıza yeni həyatlarında uğurlar, daim yüksəkliklər arzulayırıq!

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 18.07.2025 16:07