NAXÇIVAN :

20 May 2026, Çərşənbə

Naxçıvanda türk mətbəxinin zənginliyi təqdim olunub

...

“May ayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türkiyə diplomatik nümayəndəlikləri tərəfindən türk mətbəxinin zənginliyini və rəngarəngliyini tanıdan tədbirlər keçirilir. Bu çərçivədə Naxçıvanda da artıq ikinci dəfədir, belə bir tədbir təşkil olunur”.

“Şərq qapısı” xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.

Asip Kaya vurğulayıb ki, türk mətbəxi dünyanın ən zəngin mətbəxlərindən biridir və UNESCO tərəfindən təsdiqlənmiş çox qədim tarixə malikdir. Məqsəd bu zəngin mətbəx mədəniyyətini qorumaq, daha geniş şəkildə tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır.

 Baş konsul, həmçinin Azərbaycan və Türkiyə arasında digər sahələrdə olduğu kimi, mətbəx sahəsində də böyük oxşarlıqların mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, hər iki xalqın ortaq yeməkləri və zəngin kulinariya ənənələri var.

Tədbirdə iştirak edən qonaqlar türk mətbəxinin seçilən təamlarını dadmaq imkanı əldə ediblər. Sonda Baş konsul bu kimi tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Tədbirdə türk mətbəxinin tarixindən bəhs olunub, müxtəlif milli təamlar iştirakçılara təqdim edilib.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 20.05.2026 15:58