Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Dünyada hökm sürən qlobal iqlim dəyişikliklərinin müsbətə doğru irəliləməsini hədəfləyən COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz bütün diqqətləri həm ümumbəşəri problemlərin həllinə, həm də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasına yönəldərək mühüm töhfələrlə yadda qalacaq. Bu mənada, Azərbaycanın iqlim dəyişmələri mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətindəki davamlı fəaliyyətinə biomüxtəlifliyin qorunması, “yaşıl enerji”yə keçid, dayanıqlı kənd təsərrüfatının təşviqinə yönəlmiş ciddi prinsiplər və təşəbbüslərlə yanaşı, su ehtiyatlarından səmərəli istifadənin artırılması da daxildir.
Bugünkü COP29 çərvivəsindən baxanda ölkəmizdə bu beynəlxalq tədbirin prinsiplərini özündə ehtiva edən müxtəlif istiqamətlər, o cümlədən su ehtiyatlarından səmərəli istifadə üzrə bir neçə il bundan əvvəl işlərə başlanılıb desək, yanılmarıq. Dörd il bundan öncə, 2020-ci il 15 aprel tarixdə dövlətimiz tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb. Belə ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb, komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif, sudan istifadədə isə itkilərin yüksək olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb. Nəzərə alsaq ki, ölkəmizdə son illərdə aqrar sahənin inkişafına həm hökumət, həm də əhali tərəfindən böyük diqqət yönəldilib, ilboyu minlərlə hektar ərazidə əkin-biçin işləri aparılır, o zaman daha çox su sərfiyyatının yarandığı suvarmada israfçılığın qarşısının alınması üçün əsas şərtlərdən biri kimi səmərəli metodların tətbiqi ön plana çıxır. Digər tərəfdən, suvarma prosesində ədalətli bölgünün təmin edilməsi də həm məhsuldarlıq, həm də suya qənaət baxımından olduqca vacib məsələdir. Məhz COP29-un qarşıya qoyduğu vəzifələrin icrasında da sadalanan amillərin təsir mexanizminin güclü olduğunu nəzərə alsaq, bu tədbirin ölkəmizin yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat prioritetlərini reallaşdırmasında geniş üfüqlər açacaq fikrini əminliklə söyləyə bilərik...
Ölkəmizin aqraryönümlü iqtisadi rayonlarından hesab olunan Naxçıvanda da su ehtiyatlarından səmərəli istifadə qarşıya qoyulan əsas hədəflərdən biridir və muxtar respublikada bu sahədə yeni layihələrin icrasını da COP29-a töhfə kimi dəyərləndirmək olar. Bu baxımdan ölkə Prezidentinin ötən il 5 iyun tarixdə imzaladığı Sərəncamla təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Dövlət Proqramının “2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ötən dövrdə bir sıra işlər görülüb. Tədbirlər Planında qeyd olunan layihələr üzrə, ümumilikdə, 6 tender müsabiqəsi uğurla yekunlaşaraq təchizatçı şirkətlərlə müqavilələr imzalanıb. Onlardan 5-i layihə-smeta sənədlərinin hazırlanması, digəri isə texnika parkının yenilənməsi olub ki, bunlarla bağlı müvafiq işlər görülüb. Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar Su Anbarını qidalandıran kanalın və Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması üzrə layihə-smeta sənədləri layihəçi şirkətlər tərəfindən hazırlanaraq ekspertizadan keçirilməsi üzrə FHN-ə təqdim olunub. Yaxın vaxtlarda müsbət rəyin alınması gözlənilir. Babək rayonu, Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının və boru xəttinin yenidən qurulması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər yekunlaşıb və aidiyyəti üzrə ekspertizadan müsbət rəy alınaraq təsdiq olunub. Həmin layihənin tikintisi üzrə iyunun 4-də tender müsabiqəsi elan olunub. Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin, Araz Su Anbarından Heydər Əliyev Su Anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyasının və boru xəttinin tikintisini nəzərdə tutan layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. Meliorasiya və irriqasiya sahəsində xidmətin təkmilləşdirilməsi məqsədilə təchizatçı şirkət tərəfindən 4 avadanlıq, 21 texnika və avtomobil gətirilərək nəqliyyat-texnika parkı yenilənib.
Təsərrüfatlarda mütərəqqi suvarma metodlarının tətbiqi, suvarma suyundan səmərəli və qənaətli istifadə olunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları mütəmadi olaraq təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçirir. Agentliyin qarşısında duran əsas məsələlərdən biri də suvarma suyunun səmərəli, az itki ilə kənd təsərrüfatı bitkilərinə çatdırılmasıdır. Bu məqsədlə kanal və arxların lildən təmizlənməsi işləri görülür, suvarma boru xətlərinin ehtiyac olan hissələrində təmir-bərpa işləri aparılır və ya yenisi ilə əvəz edilir.
COP29-un prioritetlərindən sayılan su ehtiyatlarından səmərəli istifadə məsələsinə toxunarkən onu da qeyd etmək yerinə düşər ki, cari ilin yaz aylarında muxtar respublikada yağıntıların ötən illərə nisbətən çox olması sututarların tam dolmasına, suvarma mövsümünü səmərəli keçirməyə imkan verib. Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşı Səttar Nəsirov məsələyə aydınlıq gətirərək deyir ki, ümumilikdə, son illərdə qlobal istiləşmə, yağıntıların miqdarının azalması ehtiyatların tükənmə riskini ortaya çıxarmaqla bu barədə rahatlaşmağa əsas yaratmır. Başqa sözlə, analoji vəziyyət yaxın iki-üç ay üçün keçərlidir, növbəti illərdə yağıntıların hansı miqdarda olacağına indidən proqnoz vermək mümkün deyil. Ona görə də təbii su ehtiyatları məhdud olan Naxçıvanda suvarma suyundan səmərəli və qənaətlə istifadə olunması vacibdir. Söhbət əkinçilikdə suya qənaətdən, səmərədən gedirsə, onu da deyə bilərik ki, ümumilikdə, kənd təsərrüfatı bitkilərinin suya olan tələbatından, torpaq və iqlim şəraitindən asılı olaraq suvarma müntəzəm və dəmyə suvarma olaraq iki yerə bölünür. Müntəzəm suvarılan torpaqlarda bitkilərin məhsuldarlığı dəmyə torpaqlarda alınan məhsuldarlığa nisbətən 2-2,5 dəfə çox olur. Son illərdə muxtar respublikada mütərəqqi suvarma metodlarından istifadə olunmaqdadır. Taxıl sahələrində, əsasən, şırım, bağçılıq təsərrüfatlarında isə damcı üsulu ilə suvarma geniş yayılır. Damcı üsulu ilə suvarmada su itkilərinin qarşısı tamamilə alınır, suvarma suyuna 2-4 dəfə qənaət edilir. Damcı üsulunun üstün keyfiyyətləri çoxdur. Bu metodda suya qənaət olunmaqla az su ilə daha çox sahə suvarılır, torpaqda eroziya prosesi baş vermir, qrunt sularının səviyyəsi su itkiləri olmadığından dəyişməz qalır, torpaqlarda təkrar şoranlaşmanın qarşısı alınır, suvarma suyu birbaşa bitkinin kök sisteminə verildiyindən onun kök ətrafı zonada bərabər şəkildə paylanması təmin edilir. Damcı sistemi qısa müddətdə böyük əraziləri optimal şəkildə suvarmağa imkan yaradır, sistem avtomatik idarə olunduğundan əl əməyi azalır, bitkilərin su təminatı yaxşılaşır. Bu suvarma üsulundan, əsasən, meyvə, tərəvəz, bostan və bir çox tarla bitkilərinin becərilməsində istifadə olunur. Damcı ilə suvarmanın iki növü vardır: bağçılığın salınmasında damcı ilə suvarma (daimi sistem), tərəvəz bitkilərinin damcı ilə suvarılması (mövsümi sistem). Damcı ilə suvarmada adi suvarmaya nisbətən 2-5 dəfə suvarma suyuna qənaət edilir, bitkinin kök ətrafı suvarıldığından suyun torpaq səthindən buxarlanması ilə itkiyə getməsi baş vermir. Suvarma ümumi sahənin 30-60 faizini əhatə edir. Damcı suvarma sistemi tətbiq olunan sahələrdə istənilən vaxt aqrotexniki xidmətlər göstərmək və məhsul yığmaq mümkündür.
Mütəxəssis qeyd edir ki, şırımla suvarma taxıl, eləcə də cərgəarası bitkilərin becərilməsində istifadə olunan mütərəqqi üsullardan biri kimi müasir əkinçilikdə xüsusi yet tutur: – Bu üsuldan istifadə zamanı suvarma suyuna qənaət edilir, eyni zamanda bitkilərin suya olan tələbatı müntəzəm təmin olunur. Atmosfer yağıntılarının torpaqda səmərəli toplanması və istifadəsi yüksək səviyyədə qalır. Şırım üsulunun səmərəliliyini izah etmək, fikrimizi tam olaraq aydınlatmaq üçün kiçik bir nümunə də göstərə bilərik. Misal üçün, mora üsulu ilə 1 hektar taxıla 1000-1200 kub su sərf edildiyi halda şırım üsulu ilə 800-900 kub yetərlidir. Bu üsulun üstün cəhətlərindən biri də sahələrdə dərmanlamanın əkinlərə ziyan yetirmədən, keyfiyyətli şəkildə aparılmasına yol açmasıdır. Bütün bu və digər səmərəli əkin, suvarma metodlarının tətbiqi ilə bağlı mütəmadi olaraq yerlərdə əkinçilərlə görüşlər keçirilir, maarifləndirici söhbətlər aparırılır. İnanırıq ki, qarşıya çıxan bütün maneələr kimi, bu ümumbəşəri vəziyyətdən də COP29 vəsiləsilə qlobal həmrəyliyi gücləndirməklə alnıaçıq, üzüağ şəkildə çıxacağıq...
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Əminliklə demək olar ki, Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə apardığı siyasi diplomatiyanın bəhrəsi olan COP29 ölkəmizin dünya səviyyəsində imicini daha da artırmaqla iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı dayanıqlılığın yaradılmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində və gələcək nəsillər üçün ətraf mühitin qorunması prosesində mühüm əhəmiyyəti ilə seçiləcək. Ümidvarıq ki, Naxçıvan da reallaşdırılacaq su ehtiyatlarından səmərəli istifadəyə xidmət edən layihələri, əkinçilikdə tətbiq olunan innovativ metodları ilə bu prosesə töhfə verəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər