NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda sahibkarlıq inkişaf edir: ilin ilk rübündə layihələr və investisiyalar artıb

...

Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər real nəticələr verməkdədir. Bu özünü 2026-cı ilin birinci rübündə də göstərir. Hesabat dövründə həm lisenziyaların sayında, həm də büdcə daxilolmalarında əhəmiyyətli artım müşahidə olunub, onlarla yeni layihə icra edilərək iqtisadi inkişafın davamlılığı təmin edilib. Belə ki, bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə, ümumilikdə, 12 lisenziya verilib. Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz, lisenziyalardan daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 82,4 faiz artıb. Cari ilin 3 ayında Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 1206 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 27,5 min manat vəsait daxil olub.
İlk rübdə regionda sahibkarlığın təşviqi və investisiya fəallığının artırılması istiqamətində mühüm nəticələr əldə edilib. Yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi iqtisadi dinamikanı gücləndirib, məşğulluğun artmasına və yerli istehsalın genişlənməsinə töhfə verib. Bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 48 layihə icra olunub. Həmin layihələrdən 13-ü yeni yaradılma, 35-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda 38-i yaradılma və 65-i genişləndirmə olmaqla, ümumilikdə, 103 layihənin icrası davam etdirilib. Həyata keçirilən layihələrin böyük hissəsi kənd təsərrüfatı və xidmət sahələrini əhatə edib. Kənd təsərrüfatı istiqamətində heyvandarlıq üzrə 29, arıçılıq üzrə 4, istixana təsərrüfatı üzrə 2 layihə, xidmət sahələri üzrə isə müxtəlif istiqamətlərdə 13 layihə icra olunub. Layihələrin maliyyələşdirilməsi dövlət dəstəyi və özəl investisiyalar hesabına təmin edilib. Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 39 layihənin maliyyələşdirilməsinə 882 min manat güzəştli dövlət maliyyə dəstəyi göstərilib.
Sahibkarlığın dəstəklənməsi məqsədilə təsdiqedici sənədlərin verilməsi və güzəştlərin tətbiqi davam etdirilib. Bu dəstək tədbirləri nəticəsində regionda həm idxal olunan texnoloji avadanlıqların həcmi artıb, həm də yerli müəssisələrin emal gücü və ixrac potensialı daha da güclənib. Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dəstəklənməsi istiqamətində 9 sahibkarlıq subyektinə 33 təsdiqedici sənəd verilib. Müvafiq investisiya təşviqi sənədi olan müəssisələrə təqdim olunan 5 təsdiqedici sənəd əsasında 1,5 milyon manat dəyərində Rusiya, Çin, Türkiyə mənşəli texnika, texnoloji avadanlıqlar və qurğular idxal edilib. 1 yanvar 2026-cı ildən qüvvəyə minən vergi, gömrük və sosial sığorta güzəştlərinə əsasən 28 təsdiqedici sənəd əsasında 2,4 milyon manat dəyərində xammal və materialların Avstriya, İran, İraq, Gürcüstan kimi ölkələrdən idxalı həyata keçirilib. Cari ilin 3 ayı ərzində idxal olunan xammal, material və texnoloji avadanlıqlara əlavə dəyər vergisi və gömrük rüsumları üzrə 1,1 milyon manat dəyərində güzəştlər tətbiq edilib. Bütün bunların nəticəsi olaraq qida məhsulları, tütün məmulatları, sərinləşdirici içkilər, mineral sular, metal və plastik məmulatlar istehsal edən müəssisələrin emal gücü və ixrac potensialı artıb.
Görülən tədbirlər və həyata keçirilən layihələr göstərir ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar artıq konkret nəticələr verməkdədir. Dövlət dəstəyi, tətbiq olunan güzəştlər və özəl investisiyaların artması regionda istehsal gücünün və ixrac potensialının genişlənməsinə zəmin yaradır. Bu tendensiyanın davam etməsi isə Naxçıvanın iqtisadi dayanıqlılığının daha da möhkəmlənməsinə və regionun ölkə iqtisadiyyatında rolunun artmasına xidmət edəcək. 

Nail ƏSGƏROV   

Nəşr edilib : 22.04.2026 15:37