NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlər başa çatıb

...

19 mart 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qlobal Pul Həftəsi” çərçivəsində sonuncu təlim keçirilib. 
“Şərq qapısı” xəbər verir ki, təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva açılış nitqi ilə çıxış edərək mövzunun aktuallığından və əhəmiyyətindən danışıb. Təlimdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov çıxış edərək bildirib ki, bu cür təşəbbüslərin əsas məqsədi uşaqların və gənclərin erkən yaşlardan maliyyə savadlılığının artırılması, onlarda düzgün pul idarəetmə bacarıqlarının formalaşdırılması və qənaət vərdişlərinin inkişaf etdirilməsidir.
Cavadxan Qasımov məsələyə iqtisadi baxımdan yanaşaraq vurğulayıb ki, maliyyə savadlılığı fərdi rifah üçün deyil, bütövlükdə, cəmiyyətin və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının Maliyyə inklüzivliyi üzrə proqram rəhbəri Sevinc Rüstəmova “Puldan danışaq” (“Smart Money Talks”) mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı pulun müasir cəmiyyətdə rolu, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirici məlumat verilib. Təlim çərçivəsində gənclərlə birlikdə mövzu ilə bağlı viktorina və master-klas təşkil olunub, iştirakçıların sualları cavablandırılıb. Təlim daha sonra diskussiya şəklində davam etdirilib. Qeyd edək ki, “Qlobal Pul Həftəsi” hər il mart ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən koordinasiya olunur. Bu il də Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində silsilə təlimlər təşkil olunub və artıq başa çatıb.
Qeyd edək ki, 16-22 mart tarixləri aralığında keçirilməsi nəzərdə tutulan təlimlər uğurla başa çatıb. “Qlobal Pul Həftəsi” çərçivəsində təşkil olunan silsilə təlimlər muxtar respublikanın müxtəlif bölgələrini əhatə edib.

Nəşr edilib : 19.03.2026 15:29