NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Naxçıvanda “Qəlblərimiz zəfərlə döyünür” adlı tibbi aksiyaya start verilib

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qəlblərimiz Zəfərlə Döyünür” adlı tibbi aksiyaya start verilib. 

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, aksiyada muxtar respublikanın müxtəlif rayonlarında yerləşən 7 Ailə Sağlamlıq Mərkəzində əhalinin tibbi müayinələrdən keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bir həftə davam edəcək aksiya çərçivəsində Şərur rayonu üzrə Cəlilkənd ASM, Ordubad rayonu üzrə Vənəd ASM, Babək rayonu üzrə Nehrəm ASM, Sədərək rayonu üzrə Dəmirçi ASM, Kəngərli rayonu üzrə Qarabağlar ASM, Culfa rayonu üzrə Qazançı ASM və Şahbuz rayonu üzrə Kükü ASM-də sakinlərin müayinələri aparılacaq. Burada vətəndaşlara kardioloji müayinələr, qan təzyiqi, qanda şəkər səviyyəsinin yoxlanılması kimi profilaktik tədbirlər həyata keçiriləcək.
Layihənin əsas məqsədi ürək-damar xəstəliklərinin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması, eyni zamanda sağlam həyat tərzinin geniş şəkildə təşviq olunmasından ibarətdir. Aksiyanın həyata keçirilməsi həm vətəndaşların sağlamlıqlarına diqqətin artırılmasına, həm də cəmiyyətimizdə sağlam həyat tərzi vərdişlərinin formalaşmasına mühüm töhfə verəcək.

Nəşr edilib : 19.09.2025 14:15