NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

Naxçıvanda qadınların aqrosahibkarlıq və rəqəmsal bacarıqlarının inkişafına dəstək layihəsi həyata keçirilib

...

Qadınların cəmiyyətin sosial-iqtisadi inkişafında rolu son illərdə daha da güclənməkdədir. Xüsusilə kənd yerlərində yaşayan qadınların istehsal, emal və satış sahələrinə inteqrasiyası həm ailə büdcəsinə, həm də regionların inkişafına mühüm töhfə verir. Aqrosahibkarlıqla məşğul olan qadınların dəstəklənməsi isə bu prosesin daha dayanıqlı və sistemli şəkildə formalaşmasına şərait yaradır.

Məhz bu məqsədlə həyata keçirilən layihələr çərçivəsində qadınların aqrosahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, onların kooperativlərdə birləşdirilməsi və rəqəmsal bacarıqlarının artırılması istiqamətində ardıcıl işlər görülür.

Biz də layihənin icrası, əldə olunan nəticələr və qarşıdakı hədəflərlə bağlı Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova ilə həmsöhbət olduq.

Gülbəniz Qənbərova bildirdi ki, assosiasiya 2018-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə kənd yerlərində yaşayan fermer və sahibkar qadınların sosial-iqtisadi inkişaf prosesində iştirakını gücləndirmək, onların regionların inkişafına verdiyi töhfəni artırmaq və bu fəaliyyəti daha dayanıqlı etmək məqsədilə yaradılıb. Hazırda assosiasiyanın fəaliyyəti ölkənin 24 rayonunu əhatə edir və Naxçıvan Muxtar Respublikasında da genişlənib.

Onun sözlərinə görə, assosiasiya uzun illərdir, Naxçıvanda müxtəlif inkişaf layihələri həyata keçirir və bu istiqamətdə qazanılan təcrübə yeni təşəbbüslərin uğurla icrasına zəmin yaradır. 2000-ci illərdən etibarən müxtəlif inkişaf layihələri çərçivəsində Naxçıvana mütəmadi səfərlər həyata keçirilib və bu müddətdə bir sıra uğurlu layihələr icra olunub. Budəfəki səfərin əsas məqsədi Azərbaycan QHT-lərinə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Aqrosahibkar qadınlarla iş” layihəsinin icrasıdır.

Gülbəniz Qənbərova vurğulayıb ki, layihənin əsas istiqaməti Naxçıvanda və işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində aqrosahibkar qadınların fəaliyyətinin genişləndirilməsi, onların kooperativlərdə birləşdirilməsi, kollektiv biznes modellərinə keçidinin təşviqi və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsidir. Layihə çərçivəsində artıq aqrosahibkar qadınlarla görüşlər keçirilib, onların ehtiyacları və inkişaf potensialı qiymətləndirilib. Aparılan təhlillər əsasında iştirakçılar üçün biznesin idarə olunması, sahibkarlıq və rəqəmsal bacarıqlar istiqamətində təlimlər təşkil edilir.

Assosiasiya sədrinin sözlərinə görə, hazırda kooperativ quruculuğu istiqamətində qiymətləndirmə işləri başa çatdırılıb və ikigünlük rəqəmsal bacarıqların artırılması təlimi keçirilib. Təlimlərin nəticəsi olaraq Naxçıvanda ilk qadın istehsal-istehlak kooperativinin yaradılması nəzərdə tutulur. Yeni yaradılacaq kooperativ kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, quru meyvə və mürəbbə istehsalı, həmçinin məhsulların satışına qədər olan bütün mərhələləri əhatə edən qadın sahibkarları bir araya gətirəcək. Bu isə istehsal prosesinin daha səmərəli təşkilinə və bazara çıxış imkanlarının genişlənməsinə şərait yaradacaq.

Assosiasiya sədri bildirib ki, layihə çərçivəsində yalnız aqrosahibkar qadınlarla deyil, gənclər və tələbələrlə də iş aparılır. Bu məqsədlə onlar üçün “İctimai inkişafın aspektləri” mövzusunda master-klass keçirilib. Əsas hədəf isə gənclərin gələcəkdə qadın kooperativlərinin, kollektiv bizneslərin və qadın qruplarının fəaliyyətinə dəstək verməsini təmin etmək, onların bu sahədə rolunu müəyyənləşdirmək olub.

Gülbəniz Qənbərovanın sözlərinə görə, layihənin əsas məqsədi qadınların rəqəmsal mühitdə sərbəst şəkildə fəaliyyət göstərməsini təmin edəcək bacarıqların formalaşdırılması, iştirakçıların sosial şəbəkələrdən, onlayn satış platformalarına çıxış əldə edərək məhsullarını rəqəmsal mühitdə daha effektiv şəkildə təqdim etməsi və satışlarını bu yollar üzərindən qurmasıdır.

O həmçinin vurğuladı ki, layihənin başlıca məqsədlərindən biri qadınların iqtisadi imkanlarını genişləndirmək, onların həm ailə daxilində, həm də cəmiyyətdə sosial mövqeyini gücləndirməkdir. Qadınların iqtisadi fəallığının artması onların ictimai həyatda daha aktiv iştirakına və müxtəlif sosial təşəbbüslərə daha çox töhfə verməsinə şərait yaradır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 21.06.2026 18:17