NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanda peyvəndlərin effektiv idarə olunmasına dair təlim keçirilib

...

9-10 aprel 2026-cı il tarixlərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən müalicə-profilaktik müəssisələrdə çalışan orta tibb işçiləri üçün “Peyvənd işinin təşkili” mövzusunda ikigünlük təlim təşkil olunub.
​Təlimə muxtar respublika üzrə fəaliyyət göstərən aidiyyəti tibb müəssisələrinin peyvənd tibb bacıları cəlb edilib. Ümumilikdə, 110 nəfər orta tibb işçisinin iştirak etdiyi tədbirin əsas məqsədi immunoprofilaktika sahəsində bilik və bacarıqların artırılması, peyvənd prosesinin daha səmərəli və təhlükəsiz təşkili olub.
​Təlimin birinci günündə nəzəri məşğələlər çərçivəsində “Azərbaycanda milli peyvənd təqvimi”, “Azərbaycanda istifadə olunan peyvəndlərin növləri, tərkibi və xüsusiyyətləri” mövzularında təqdimatlar keçirilib. İştirakçılara peyvəndlərin düzgün saxlanma qaydaları və tətbiq prinsipləri barədə ətraflı məlumat verilib.
​İkinci gün isə praktik yönümlü mövzulara həsr olunub. “Peyvəndlərin effektiv və təhlükəsiz tətbiqi”, “İmmunizasiyadan sonra əlavə təsirlər və onların idarə olunması”, həmçinin “Tibb müəssisələrində peyvənd məntəqəsinin işinin təşkili” istiqamətində təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
​Təlim zamanı iştirakçılar mövzu ətrafında fəal müzakirələr aparıb, onları maraqlandıran suallar cavablandırılıb. Bu kimi tədbirlərin keçirilməsi ölkədə immunoprofilaktika xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və əhalinin sağlamlığının daha etibarlı qorunmasına mühüm töhfə verir.

Nəşr edilib : 10.04.2026 21:23