NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanda  peşə təhsil müəssisələrinə 453  nəfər tələbə adını qazanıb

...

"Şərq qapısı" xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ında əsas proritet hədəflərdən biri də muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqramda muxtar respublikada əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə təhsili müəssisələrinin təşkili də nəzərdə tutulmuşdur ki,  bu istiqamətdə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq Fərmanı ilə Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək, onların bazasında Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsi yaradılmış, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri peşə liseylərinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrində 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik qəbul planı tərtib olunmuş, peşə təhsili müəssisələrinə ilk dəfə ölkə üzrə   mərkəzləşdirilmiş qaydada  ixtisas fənn müəllimləri və istehsalat təlim ustaları müsabiqə yolu ilə işə qəbul olunmuşdur. 
Qeyd edək ki, Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada ilk dəfə olaraq  29 iyul-14 sentyabr tarixlərini əhatə edən 2024- 2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu da artıq başa çatıb. Peşə təhsil müəssisələrinə  ümumilikdə 453  nəfər tələbə adını qazanıb. Qəbul olunan tələbələrin 95%-i dövlət sifarişi əsasında, 5%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb.
Məlumat üçün bildirək ki, ötən illərdə muxtar respublikada peşə təhsil müəssisələrinə tələbə qəbulu qısa müddətli 1, 2 və 3 aylıq kurslardan ibarət olmuşdur. 2024-2025-ci tədris ili üzrə isə   3 peşə təhsili müəssisəsinə  ilk peşə,  texniki peşə və yüksək texniki peşə səviyyələri üzrə 6 aylıq, 1, 3 və  4 illik olmaqla 35 ixtisasa qəbul aparılmışdır ki, ilk yüksək texniki peşə təhsil səviyyəsi üzrə  təhsil alan  tələbələrə subaklavr ixtisas dərəcəsi də veriləcək. Bu da həmin məzunların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmalarına şərait yaradacaq.   
2024-2025-ci tədris ilində muxtar respublikanın peşə təhsil müəssisələrində  yeni ixtisaslar da  tədris olunacaq. Bunlar baytar texniki, isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis, binaların tikintisi və istismarı, elektronika və kommunikasiya sistemlərinin istismarı, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi,  dəmiryolu stansiyası və keçid növbətçisi,  kargüzar, mühasibat uçotu, kompüterlərin təmiri və xidməti üzrə texnik ixtisaslarıdır.
Qeyd edək ki, peşə təhsili səviyyəsi əmək bazarına gedən qısa yol sayılır və burada tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə müəllimlərlə yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili məzunlara  qısa müddətdə iş tapmaq imkanı qazandırır. Bu cəhətdən  Dövlət Proqramına uyğun olaraq muxtar respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsi vətəndaşların   məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayacaq.

Nəşr edilib : 25.09.2024 19:05