NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda Novruz adət-ənənələri və milli dəyərlərimiz

...

Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs, heç vaxt  unutmayıb. Əksinə, Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş nikbin əhvali-ruhiyyə yaradıbdır. Buna görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır. Eyni zamanda hər bir şəxsin qəlbinin bayramıdır, hər bir ailənin bayramıdır.

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycan xalqının ən qədim bayramları içərisində Novruz bayramı öz həyatiliyi ilə daha çox seçilir, daha çox fərqlənir. Novruz bayramlar bayramı, şənliklər şənliyi, xalqın ümumi sevincidir. Bu bayram xalq bayramlarımızın bəzilərinin özülü-bünövrəsi, başının tacı-zirvəsidir. Min illərboyu Novruz bayramı Azərbaycanda el şənliyi, el bayramı kimi geniş keçirilmişdir. Bəzi tədqiqatçılar ən gözəl milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının neçə min il bundan əvvəl yarandığını söyləyirlər. Bu onu göstərir ki, Novruzun izləri Zərdüşt Peyğəmbərin dövründən əvvələ gedib çıxır. Belə qədim tarixə malik olan bu bayram böyük el şənliyi kimi Azərbaycanın hər bir bölgəsində təmtəraqla qeyd olunur.

Milli-mənəvi dəyərlərimizin ən böyük hamisi olan Ulu Öndərimiz Heydər Əliyevin dediyi  kimi: “İndi, Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Novruz bizim dövlət bayramımız olubdur. Buna görə də xalqımız  gözəl  ənənələrimizi son illərdə sürətlə bərpa edərək bu bayramı ildən-ilə daha da şən, gözəl, yüksək səviyyədə keçirir”.

Qədim tarixə malik olan, özündə çox qiymətli tarixi izləri qoruyub saxlayan  qədim diyarımız Naxçıvanda da bu bayram lap qədim dövrlərdən keçirilir. Bu gün də bölgəmizin hər bir guşəsində Novruz şənlikləri əsl toy-bayrama çevrilib. Bu şənliklərdə qədim adət-ənənələrə, etiqadlara ciddi əməl olunur.

Novruz bayramının baharla bağlanması çoxlu folklor nümunələrimizdə yaşamaqdadır. Çünki baharın gəlişi torpağın oyanışıdır. Yada salsaq ki, ulu babalarımız tarixən maldarlıqla, əkinçiliklə məşğul olublar, onda yazın, təzə ilin – Novruzun gəlişinə onların daha çox sevindiklərinə şübhə yeri qalmaz.

Baharın gəlişi ilə bağlı çoxlu xalq oyunları, meydan tamaşaları, adətlər icra olunardı ki, onların bir çoxu bu gün də diyarımızda yaşamaqdadır. “Kosa-kosa”, “Qodu-qodu”, “Qəzmədaş”, “Siçan-pişik”, “Dizədöymə”, “Gizlənqaç”, “Gözbağlayıcı”, “Bənövşə-bəndə düşə”, “Topaldıqaç”, “Qayışagirmə” və sair oyunlar milli-mənəvi dəyərlərimiz kimi indi də qorunur, onların təbliği, gələcək nəsillərə ötürülməsi diqqət mərkəzində saxlanılır.

Bu bayramın rəmzlərindən biri səmənidir. Bayram ərəfəsində elə bir ev tapmaq olmaz ki, orada səməni göyərdilməsin. Səməni ilə bağlı daha bir adət səməni bişirməkdir. Ancaq asan olmadığı üçün hər adam onu bişirə bilməz. Ona görə də səmənini də xüsusi səriştəsi olan qadınlar bişirərdi. Bunun üçün böyük tabaqlarda buğda töküb isladırlar. Buğda göyərər, rişələri bir-birinə yapışardı. Sonra onu parça-parça doğrayıb əzərdilər. Onun ağrəngli rişəsini sıxıb qablara yığardılar. Sonra ona bir qədər su qatar, ocaq qurub mis qazanlarda bir neçə gün qaynadardılar. Bişənə yaxın rəngi yavaş-yavaş qızarardı. Onun içinə qabıqlı qoz, fındıq tökərdilər. Qonşular da bəzəkli xonça düzəldib aparardılar və “Allah qəbul eləsin” deyib həyətə düzərdilər. Qaydaya görə həyətə düzülən xonçalar evə qoyulmazdı. Belə ki, həyətdə ayaq qoymağa yer tapılmazdı. Gecə hamı oturub gözləyərdi ki, filankəsin səmənisi qəbul olacaq, ya olmayacaq. Əgər səməni şirin çıxsa demək qəbul olunub, əgər şirin deyilsə, deməli, qəbul olmayıb.

Səməni halvası bişirmək də geniş yayılmışdı. Bu adət indi də bir sıra kəndlərimizdə, xüsusən Ordubad rayonunda yaşamaqdadır. Səməni halvası belə hazırlanır: sarımtıl rəngdə olan səməni cücərtiləri maşından keçirilir, şirəsinə un əlavə edilib xəmir yoğrulur. Xəmir yağlanmış mis tavaya qoyulur, yanmasın deyə, zəif alov üzərində arabir çevirməklə dörd saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirəndə altına azacıq yağ tökülür. Axırda külçəyə xırdalanmış qoz ləpəsi, ədviyyat (cirə, darçın, istiot, razyana və bəhməz) vurulub möhkəm qarışdırılır. Hazır halvadan iri şirniyyatlar formasında paylar düzəldilir.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, Novruzda bişirilən şirniyyatlar içərisində Ordubad paxlavasının, şəkərburasının, qozlu Ordubad dürməyinin öz yeri, öz dadı-tamı var. El arasında sucuq kimi tanınan şirniyyat növü Ordubad rayonunda daha gözəl bişirilir. İçərisinə qoz, yaxud badam ləpəsi qoyulan bu şirniyyatlara indi Azərbaycanın müxtəlif yerlərində rast gəlmək olar.

Bağlar diyarında yaşanan Novruz adətlərindən biri də “Xan bəzəmə”dir. Xan bəzəmə” mərasimi hər il Novruz bayramı günü keçirilir. Novruzda Ordubadda üç gün dalbadal “Xan” bəzəyirlər. Bir nəfəri “Xan” seçirlər. Onu əməlli-başlı əsl xan kimi geyindirirlər. Başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib “Xan”ı oturdurlar. İki nəfər balaca uşaq “Xan”ı yelpiklə yelləyir. Kim istəyir könüllü ona nökər, qulluqçu olur.

Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər. “Xan” əmr verir. Hamı çalıb oynayır. Hərə öz qabiliyyətini nümayiş etdirir. Burada “Təlxək”lər də olur. Onlar “Xan”ı güldürməyə çalışırlar. “Xan” isə gərək gülməsin. Əgər gülsə, onu suya basırlar, təzə “Xan” seçirlər. Meydanda bir qab qoyurlar. Hamı ora xələt atır. Əgər “Xan” üç gün vəzifəsinin öhdəsindən yaxşı gəlsə, bu xələtlər ona çatır.

Çərşənbə axşamı Ordubad rayonunun kəndlərində dağların başında tonqal qalamaq ənənəsi də var. Kəndin cavanları əvvəlcədən hazırlıq işləri görər, lazım olan yanacaqları dağın zirvəsinə qaldırarlar. Gün batana yaxın tonqallar alovlanar, qonşu kəndlərin uşaqları da öz tonqallarını çatarlar. Bütün dağların zirvələrində ulu Dədə Qorqudun dediyi kimi, bayram, şənlik tonqalları el bayramının  təntənəsindən soraq verər.

Ordubad rayonunda  İlaxır çərşənbədən bir gün sonra su üstü at yarışı olur. Kimin atı qalib gələrsə, o adama hədiyyə verilir.

Dini inanclara görə, qaba un qoyub həyətdə uca bir yerə qoyursan. Xızır Peyğəmbər gəlib əlin basır içinə. Ruzi-bərəkət bol olsun deyə.

Novruzda axır çərşənbə günü Naxçıvanda “İlaxır” və ya “yeddi ləvin”adı altında bayram edilir. “İlaxır” ilin axırı, “yeddi ləvin” isə “yeddi növ”, “yeddi cür” deməkdir. Buna “löyün” də deyirlər. Bu bayramda bazardan hər nə alınsa, yeddi növ alınmalıdır. Son çərşənbə günü nişanlı qızlara pay aparmaq adəti də diqqəti cəlb edir. Həmin gün xonçalar bəzənər, qoz, fındıq, püstə, kişmiş, mövüc, şabalıd, cürbəcür meyvələr, hədiyyələr, boyanmış yumurtalar tabaqlara yığılıb nişanlı qızlara aparılar. Çox zaman qırmızı lent bağlanmış səməniləri də apararlar. Bu da həmin evə xeyir-bərəkət, ruzi gətirsin deyə mənalandırılır.

Naxçıvanın bütün bölgələrində Novruz axşamının səhəri günü ağsaqqalları, ağbirçəkləri görmək adəti uzun illərdir, yaşamaqdadır. Ancaq bir sıra rayonlarımızda, kəndlərimizdə bu adət-ənənə Novruz günü deyil, ilin son çərşənbəsi günü olur. Səhər tezdən qız-gəlinlər axar su üstünə, bulaq başına gedər, evə su gətirər, həmin suyu həyət-bacaya səpərlər. Sonra cavanlar bir alma ilə də olsa, qonşuları, ağbirçəkləri yad edər, onların bayramını təbrik edərlər. Çərşənbə günü hər evdə çoxlu yumurta boyayarlar. Həmin yumurtaları bayramçalıq kimi qonşu uşaqlarına verərlər. Çərşənbə günü kəndlərimizin çoxunda Novruz günündə olduğu kimi, plov bişirərlər. Plovun “üz-gözünü” isə hər yerdə fərqli hazırlayırlar. Kimisi əti göy-göyərti ilə bişirib plovun yanına qoyar, kimisi də ətin yanına qovrulmuş, bişirilmiş ərik, almaxara, xurma, şabalıd və sair qoyar.

Çərşənbə günü həm Naxçıvan şəhərində, həm də kəndlərimizdə gün batanda tonqal qalamaq, od yandırmaq adəti var. Həyətlərdə kol-kosları yığıb yandırarlar. Sonra o tonqalın üstündən tullanıb deyərlər:

                Ağırlığım, uğurluğum

                Bu tonqala tökülsün

Bir sıra kəndlərimizdə  çərşənbə axşamı Xıdır bayramında olduğu kimi, qapılardan şal, papaq atmaq adəti indi də yaşayır. Uşaqlar, yeniyetmələr axşam qonşuların və yaxınların evlərinə şal, papaq atarlar. Ev sahibləri həmin yaylıqlara, papaqlara pay qoyarlar. Bayram şirniyyatı, qoz, fındıq, şabalıd, alma və sair çərşənbə günü qapı pusmalar da olur. Ona görə də gərək çərşənbə axşamlarında, Novruz günündə ağızdan pis söz çıxmaya. Qonşular ürəklərində niyyət tutub qapılardan qulaq asarlar. Eşitdikləri ilk söz xeyirli sözdürsə, demək, arzusu həyata keçəcək.

Naxçıvanda bayram günləri həyət-bacaları təmizləmək, bayrama bir neçə gün qalmış evin yorğan-döşəyini, pal-paltarını bayıra töküb təmizləmək adəti xalqımızın təmizliklə bağlı inanclarındandır. Xalqda belə bir inam var ki, Novruzda il təzələndiyi kimi, hər şey təzələnməli, təmiz olmalıdır. Elə buna görə də bayram ərəfəsində hər bir uşağa təzə paltar alınır, uşaqlar bir dəsmalla, köynəklə, corabla olsa belə, sevindirilir. Gənc qızlar çərşənbə axşamı qonşu evlərə gələr, əllərində bəzən iki stəkan fincan gətirərlər. Ancaq danışmazlar, ev sahibi onun niyyət tutduğunu bilib, o qabların birinə su tökər. Ondan sonra həmin qız danışar, niyyətinin baş tutub-tutmayacağını söylər.

Ustad Şəhriyar məşhur “Heydərbabaya salam” poemasında sanki Naxçıvandakı Novruz adətlərini qələmə alıb:

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı  qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ah nə gözəl qaydadır şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

 

Şal istədim, mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Göründüyü kimi, bu milli etnoqrafik parçalar hamımıza tanışdır, doğmadır. Bu adət-ənənələr qədim dövrlərdə olduğu kimi, bu gün də azərbaycanlıların yaşadığı hər bir eldə, obada yenə də icra olunmaqdadır.

Bütün bu deyimlər onu göstərir ki, min illikləri aşıb gələn milli bayramımız Novruz bütün qadağalara, yasaqlara baxmayaraq, yaşamış, yaşayır və yaşayacaqdır.

Müstəqillik illərində bütün milli adət-ənənələrimiz kimi, Novruz bayramımız da daha geniş miqyasda qeyd olunur. Qeyd edək ki, milli adət-ənənələrimizi, milli dəyərlərimizi qoruyub saxlamaq baxımından Naxçıvan həmişə seçilib, fərqlənir. Milli kökə və adət-ənənələrə qədim diyarımızın sakinləri qırılmaz tellərlə bağlı olduğu üçün bundan sonra da qədim, həmişəyaşar el bayramımız Novruzu  daha böyük sevinclə qeyd edəcək, onu qoruyub gələcək nəsillərə ən dəyərli  milli bayram kimi çatdıracaqlar.

Novruzum

Bahar gəlir, aləmə nur ələnir,

Çöllər, düzlər yaşıl dona bələnir,

Qız, gəlinlər deyib-gülüb, əylənir,

Xoş gəlibdi yurdumuza Novruzum.

 

Axar sudan qızlar qismət diləyir,

Buludlar da yaz yağışın çiləyir,

Qoca nənəm xeyir-dua eyləyir,

Xoş gəlibdi yurdumuza Novruzum

 

Bayram günü küsülülər barışır,

Mərd igidlər cəngi çalır, yarışır,

Sevinc, şadlıq bir-birinə qarışır,

Xoş gəlibdi yurdumuza Novruzum.

 

Süfrələri bəzəyir göy səməni,

Yaz yağışı yuyur, çölü-çəməni,

Qızlar dərir nərgizi-bənövşəni,

Xoş gəlibdi yurdumuza Novruzum.

                                                        Sədaqət NEMƏTOVA

filologiya  üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliyinin üzvü

Nəşr edilib : 21.03.2026 10:00