Azərbaycan Respublikasının hüdudlarından kənarda t...
19:23 20.11.2026
0
0
0
NAXÇIVAN :
20 Noyabr 2026, Cümə
Noyabrın 20-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən təhsilverənlərin sertifikatlaşdırılmasının mərhələləri və keçirilmə qaydası ilə bağlı muxtar respublikanın uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri üçün konfrans təşkil olunub.
Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Fazil Məmmədov çıxış edərək bildirmişdir ki, ölkəmizdə mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi, yaradıcı potensialın üzə çıxarılması, xüsusilə gənc istedadların dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü mədəniyyət siyasəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahənin inkişafına verdiyi mühüm töhfələr ölkəmizdə mədəniyyətin bütün sahələri ilə yanaşı, musiqi təhsilinin də inkişafına, milli musiqi ənənələrimizin yaşadılmasına, yeni istedadlı nəslin yetişdirilməsinə və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına geniş imkanlar yaradır. Ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında da mədəniyyət sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və yaradıcı potensialın dəstəklənməsi mühüm hədəflər kimi müəyyən edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2025-ci ildən etibarən ölkənin musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası həyata keçirilir. Bu gün qarşıda duran digər mühüm məsələ isə sertifikatlaşdırma ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təhsilverənlərin sertifikatlaşdırılması qaydası təsdiq edilib. Qaydaya əsasən ali və orta ixtisas təhsilli müəllimlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı beş ildə bir dəfə ödənişsiz əsaslarla yoxlanılacaq. Naxçıvan Muxtar Respublikasında da sertifikatlaşdırmaya hazırlıq məqsədilə müvafiq əmr imzalanıb. Prosesin 2027-ci ilin ikinci rübündən gec olmayaraq keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət ediləcək, hazırlıq işləri görüləcək və müəllimlər əvvəlcədən məlumatlandırılacaqdır. Eyni zamanda müəllimlərin nəzəri biliklərinin, metodiki hazırlıqlarının və praktik bacarıqlarının artırılması üçün məktəbdaxili məşğələlərin, açıq dərslərin, təcrübə mübadiləsinin təşkili və digər zəruri tədbirlərin keçirilməsi nəzərdə tutulub. Məqsəd hər bir müəllimin sertifikatlaşdırma prosesinə vaxtında və lazımi səviyyədə hazırlaşmasını təmin etməkdir.
Çıxışda Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq məsələlərinə də toxunulub. Bildirilib ki, razılaşmaya əsasən universitetin müvafiq sahələr üzrə müəllimləri tərəfindən musiqi və incəsənət məktəblərinin pedaqoji heyəti üçün təlimlər keçiriləcək, təlimləri uğurla başa vuran müəllimlərə müvafiq sertifikatlar təqdim olunacaq. Eyni zamanda orta ixtisas təhsilli müəllimlərin ali təhsil almalarının təşviqi istiqamətində də müvafiq addımlar atılacaqdır.
Diqqətə çatdırılıb ki, hazırda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində 26 musiqi təhsili müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1034 müəllim çalışır. Onlardan 257-si ali, 740-ı orta ixtisas, 37-si isə orta təhsillidir. Bu rəqəmlər musiqi və incəsənət təhsilinin əhatə dairəsini, eyni zamanda müəllimlərin üzərinə düşən məsuliyyətin miqyasını aydın göstərir. Ona görə də müəllimlər öz bilik və təcrübələrini zamanın tələbinə uyğun olaraq artırmalı, gənc musiqiçi kadrların hazırlanması diqqətdə saxlanılmalı, musiqi və incəsənət məktəbləri tərəfindən ümumtəhsil məktəblərində konsert proqramları təşkil edilməlidir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə işçi qaydada razılıq əldə olunmuşdur. Hər bir musiqi və incəsənət məktəbinin yerləşdiyi ərazi üzrə bu işin təşkili planlaşdırılmalı və Mədəniyyət Nazirliyinin müvafiq sektoru tərəfindən ümumiləşdirilərək icrası təmin olunmalıdır.
Sertifikatlaşdırma ilə yanaşı, musiqi təhsil müəssisələrində elektron idarəetmə sistemlərinin tətbiqi də mühüm əhəmiyyət daşıyır. Sertifikatlaşdırma nəticələrinin TMAİS-ə inteqrasiyası müəllimlərin peşə göstəricilərinin vahid elektron bazada əks olunmasına, kadr uçotunun və dərs yükünün bölgüsünün daha şəffaf aparılmasına, məlumatların operativ yenilənməsinə imkan verəcəkdir. Tam şəffaflığa nail olmaq məqsədi ilə növbəti tədris ilində dərs bölgüsü Təhsil Müəssisələrinin Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsi ilə aparılacaqdır.
Konfransda Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov “Təhsilverənlərin sertifikatlaşdırma prosesinin məqsədi, mərhələləri və keçirilmə qaydası” mövzusunda çıxış edib, uşaq musiqi və incəsənət məktəblərində sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlər, prosesin həyata keçirilmə qaydaları və mərhələləri barədə məlumat verib.
Sonda müəllimlərin mövzu ilə bağlı sualları ətraflı cavablandırılıb.
Digər xəbərlər