NAXÇIVAN :

08 Yanvar 2025, Çərşənbə

Naxçıvanda mövsümi virusla bağlı çağırış olunub

...

Hazırda Naxçıvan Muxtar Respublikasında mövsümi xarakter daşıyan qrip və digər respirator xəstəliklərə yoluxma halları müşahidə olunur. Bu xəstəliklər əsasən öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulması kimi simptomlarla özünü göstərir. Xüsusilə kiçikyaşlı uşaqlar, yaşlı insanlar və immuniteti zəif olan şəxslər bu infeksiyalara daha həssasdır və onlarda xəstəliklər daha ağır formada keçə bilər.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığını qorumaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün aşağıdakı tövsiyələri diqqətinizə çatdırır:
Fərdi qoruyucu vasitələrdən istifadə edin. Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tibbi maskalardan istifadə edin. Bu, tənəffüs yollarınızı qorumaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün mühüm əhəmiyyət daşıyır.
Gigiyenik qaydalara əməl edin. Əllərinizi tez-tez yuyun, əl gigiyenasına diqqət edin və gigiyena qaydalarına riayət edin. İmkan daxilində spirt əsaslı dezinfeksiyaedici məhlullardan istifadə edin.
Sağlam qidalanmaya üstünlük verin. Gündəlik rasionunuza bol vitaminlərlə zəngin ərzaqlar əlavə edin. Xüsusilə meyvə-tərəvəz istifadəsinə üstünlük vermək immun sistemini gücləndirmək üçün tövsiyə olunur.
Simptomatik müalicəyə diqqət edin. Hər hansı respirator simptomlar hiss etdiyiniz zaman ev şəraitində qalmaq və simptomatik müalicə almaq məqsədəuyğun hesab olunur. Bu həm öz sağalmanızı sürətləndirər, həm də başqalarının yoluxma riskini azaldar.
Xəstəlik əlamətləri şiddətli olduqda həkimə müraciət edin. Əgər yüksək hərarət, nəfəs darlığı və ya digər ağır simptomlar hiss edirsinizsə, dərhal tibb müəssisəsinə müraciət edin.
Unutmayın ki, sadə profilaktik tədbirlər həm özünüzü, həm də ətrafınızdakı insanları xəstəliklərdən qorumağa kömək edə bilər. Hər birimizin sağlamlığı ümumi ictimai sağlamlığın qorunması üçün vacibdir.

Nəşr edilib : 07.01.2025 18:03