NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvanda keçirilən sərgi-satış yarmarkası başa çatıb

...

10 oktyabr 2024-cü il tarixdən Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının bağlanış tədbiri olub. 
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə çıxış edərək bildiriblər ki, sərgi-satış yarmarkasının keçirilməsində məqsəd xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənət nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluqlarının təmin edilməsi və istedadlarının üzə çıxarılmasıdır. “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 dekabr tarixli 4248 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”nda nəzərdə tutlan “Məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkasının keçirilməsi” bəndinə müvafiq olaraq bu sərgi keçirilib. Ümumilikdə, 447 müəllifin 10929 adda əl işinin təqdim edildiyi sərgidə 12 min 965 manat məbləğində 1310 ədəd əl işi satılıb və yarmarkanı 1000 nəfərdən artıq qonaq ziyarət edib. 
Çıxışlar zamanı istedadlı qadın Afət Əhmədova və əməkdar rəssam Həmzə Sadiqov bildiriblər ki, bu cür platformalar təcrübə mübadiləsi aparmaq və peşəkar inkişaf baxımından müsbət əhəmiyyətə malikdir. 
Çıxış edənlər göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Bağlanış tədbirinin sonunda sərgi-satış yarmarkasında fəal iştirak edən şəxslərə Komitənin “Təşəkkürnamə”ləri təqdim edilib.

Nəşr edilib : 18.10.2024 19:15