Naxçıvan Perinatal Mərkəzdə yeni ilin ilk əkiz kör...
16:01 01.01.2025
0
0
0
NAXÇIVAN :
01 Yanvar 2025, Çərşənbə
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin Naxçıvan Regional Debat Mərkəzi (NRDM) ilə birgə təşkilatçılığı ilə muxtariyyətin 100-cü ildönümünə həsr olunmuş debat çempionatında yer tutan komandalar mükafatlandırılıblar. “Təbii resursların istifadəsi məhdudlaşdırılmalıdır” mövzusunda təşkil olunan budəfəki çempionat ümumtəhsil məktəblərinin şagirdləri arasında olub.
Bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov debat yarışmalarının əhəmiyyətindən danışıb, layihənin gənc nəsil nümayəndələri arasında araşdırma, inandırma, təqdimetmə bacarıqlarının, o cümlədən məntiqi təfəkkürün inkişafındakı rolundan bəhs ediblər. Qeyd olunub ki, bütün bu bacarıqların öyrənilməsi, son nəticədə, gənclərin özlərini dolğun şəkildə ifadə etməsinə, auditoriya qarşısında sərbəst çıxışına və natiqlik qabiliyyətlərinin formalaşmasına zəmin yaradır. Rəsmilər iştirakçıları və fərqlənən komandaları təbrik edib, onlara təhsil həyatında, gələcək karyeralarında uğurlar arzulayıblar.
NRDM-nin rəhbəri Bağdagül Cəfərli çempionatın gedişatı və nəticələr barədə məlumatı diqqətə çatdırıb, təşkilati dəstəyə görə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, çempionat çərçivəsində 218 məktəblinin iştirakı ilə təlimlər keçirilib, dekabrın əvvəlindən etibarən isə məktəbdaxili turnirlər, şəhər mərhələsi, qrup və pley-of mərhələləri təşkil olunub.
Tədbirdə sözügedən çempionatın icmal videosu izlənilib.
Sonra isə qalib və fərqlənən iştirakçılar mükafatlandırılıb, çempionatda fəallıq göstərən məktəblərin təmsilçilərinə təşəkkürnamə təqdim olunub. Nəticələrə əsasən Naxçıvan şəhər 17 nömrəli məktəbin komandası qalib olub. Naxçıvan şəhər 10 nömrəli məktəbin və Heydər Əliyev məktəbinin komandaları yarışı müvafiq olaraq ikinci, üçüncü yerlərdə tamamlayıblar.
Əlavə edək ki, tədbirin sonunda iki gənc jurnalist gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin mediada işıqlandırılmasında göstərdiyi əməyə görə mükafatlandırılıblar. Belə ki, Naxçıvan Televiziyasının əməkdaşı Sənan Bayramlı və "Şərq qapısı" qəzetinin əməkdaşı Bülbül Quliyeva diplomla təltif ediliblər.
Digər xəbərlər