NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Naxçıvanda kanalizasiya sistemində mövcud vəziyyət

...

Kanalizasiya suları hara axıdılır?

Son illərdə şəhərlərin infrastruktur inkişafı təkcə yollar və binalarla məhdudlaşmır. Ən az görünən, lakin ən həyati sistemlərdən biri kanalizasiya şəbəkələridir. Xüsusilə sürətlə böyüyən şəhərlərdə bu sistemin düzgün işləməsi ekoloji tarazlıq və ictimai sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan şəhəri də bu baxımdan istisna deyil. Son 15 ildə regionda aparılan genişmiqyaslı abadlıq və infrastruktur layihələri çərçivəsində kanalizasiya sistemi də yenidən qurulub, əhatə dairəsi genişləndirilib, müasir təmizləyici qurğular inşa edilib.

Bəs bu gün Naxçıvanda kanalizasiya sistemi hansı səviyyədədir? Sistem hansı əraziləri əhatə edir, hansı texniki problemlər mövcuddur və gələcək planlar nələrdir? Bütün bu suallara ətraflı cavab almaq üçün İri şəhərlərin birləşmiş su təchizatı xidmətinin Naxçıvan şəhər Sukanal idarəsi Texniki İstehsalat şöbəsinin rəisi Elnur Behbudov ilə söhbətləşdik:

– Elnur müəllim, ilk olaraq istərdim, Naxçıvan şəhərində kanalizasiya sisteminin strukturu necə formalaşdırılıb və əhatə dairəsi nə qədərdir bu haqda danışaq.

Hazırda Naxçıvan şəhərində və ona bitişik Əliabad qəsəbəsi, Hacıniyyət, Tumbul, Qaraxanbəyli, Bulqan və Qaraçuq kəndlərində mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi fəaliyyət göstərir. Bu layihə üzrə tikinti-quraşdırma işlərinə 2008-ci ildə start verilib və 2017-ci ildə tam olaraq icra edilib. Şəhərin böyük bir hissəsi artıq bu sistemə qoşulub. Kanalizasiya xətləri, əsasən, müasir standartlara cavab verir və texniki istismar müddəti 30 ildən yuxarı nəzərdə tutulur.

–Bəs sistemə nəzarət necə aparılır və son illərdə texniki baxımdan hansı problemlər ortaya çıxıb?

Kanalizasiya sisteminə nəzarət müvafiq qurumlar tərəfindən fasiləsiz şəkildə həyata keçirilir. Son illərdə əsas texniki problemlərdən biri bəzi istehlakçılar tərəfindən kanalizasiya şəbəkəsinə qadağan olunmuş maddələrin buraxılması nəticəsində yaranan tutulmalardır. Belə hallarda qəza-bərpa xidmətinin əməkdaşları tərəfindən operativ müdaxilə edilir. “Sudan istifadə Qaydaları”na əsasən bu cür maddələrin axıdılması qadağandır və nəzarət tədbirləri gücləndirilib.

–Şəhərdə yağış-kanalizasiya sistemi necə qurulub və iqlim dəyişiklikləri bu sistemə hansı təsirləri göstərir?

Şəhərin əsas küçə və prospektlərində yağış-kanalizasiya xətləri mövcuddur. İndiyədək sistemin düzgün qurulması nəticəsində subasma və daşqın halları hələlik qeydə alınmayıb. Lakin bəzi ərazilərdə yağış-kanalizasiya xətlərinin yenilənməsinə ehtiyac duyulur. İqlim dəyişikliyi və intensiv yağıntılar potensial riskləri artırsa da, sistem bu riskləri qarşılayacaq səviyyədədir.

–Maraqlıdır, bəs kanalizasiya sularının təmizləmə prosesi necə aparılır və kanalizasiya suları yekun olaraq hara axıdılır?

Naxçıvan şəhəri və ona bitişik ərazilərin tullantı suları müasir tipli Tullantı Su Təmizləyici Qurğular Kompleksinə ötürülür. Burada sular üç mərhələdə təmizlənir. Təmizlənmiş suların bir hissəsi kənd təsərrüfatında suvarma məqsədilə istifadə olunur, qalan hissəsi isə ekoloji təhlükəsizlik təmin edilməklə Araz çayına axıdılır. Qurğuların sayı və effektivliyi hazırkı tələbatı tam qarşılayır.

–Kanalizasiya lükləri və qapaqları ilə bağlı vəziyyət necədir? Sürücülərdən şikayətlər daxil olurmu və bu məsələlər necə həll olunur?

Avtomobil yolları üzərində yerləşən baxış quyularının qapaqları bəli, kanalizasiya sisteminə aiddir. Bəzən bu qapaqlar yol səviyyəsindən aşağıda qalır və belə hallarda “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” ilə birlikdə operativ tədbirlər görülür. Ara-sıra sürücülərdən bu məsələlərlə bağlı şikayətlər daxil olur, lakin onlar operativ şəkildə cavablandırılır. Bununla yanaşı, şəhərdə kanalizasiya qoxusu ilə bağlı rəsmi şəkildə narahatlıq yaradan ərazi qeydə alınmayıb.

PS. Naxçıvan şəhərində kanalizasiya sisteminin qurulması və idarə olunması sahəsində görülən işlər bu sahəyə göstərilən diqqətin və müasir yanaşmanın bariz nümunəsidir. Həm infrastrukturun müasirləşdirilməsi, həm də ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar şəhərin dayanıqlı inkişafına mühüm töhfə verir. Tullantı sularının təmizlənərək yenidən istifadəsi, qəza hallarında operativ müdaxilə və vətəndaş şikayətlərinə həssas yanaşma bu sahədəki idarəetmənin əsas üstünlükləridir.

Lakin bəzi texniki və istismar məsələləri köhnəlmiş xətlərin yenilənməsi, bəzi yağış-kanalizasiya xətlərində təmir ehtiyacı və yol səviyyəsindən aşağıda qalan lük qapaqları mühüm çağırışlar kimi qalmaqdadır. Bu məsələlərin də mərhələli şəkildə həll olunması Naxçıvanın urbanizasiya tempinə uyğun daha etibarlı və çevik kanalizasiya sisteminin qurulmasına şərait yaradacaq.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 06.07.2025 15:50