NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda ilk “Əkinçi”lər və “Əkinçi”lik

...

Məlum olduğu kimi, dünya maarifçilik hərəkatı dörd mühüm dayaq üzərində qurulmuşdur: məktəb, ədəbiyyat, teatr və mətbuat. Maarifçilik hərəkatının bu mühüm dayaqları yazıçı və şairlər, maarif fədailəri teatr həvəskarları üçün mənsub olduqları xalqları cəhalət və fanatizmdən, nadanlıq və gerilikdən xilas etmək, ölkənin ictimai-mədəni tərəqqisinə, elmi-texniki inkişafa çatdırmaq yollarında əsas istinad mənbələrindən biri olmuşdur. Əlbəttə ki, maarifçilik hərəkatının inkişafı baxımından məktəbin rolu digər faktorlarla müqayisədə çox böyük əhəmiyyətə və geniş təsir gücünə malikdir. Əvvəla, ona görə ki, cəhalət və nadanlığa qarşı mübarizə üçün zəruri olan maarifçi dünyagörüş, ilk növbədə, məktəbdə formalaşır. Təsadüfi deyildir ki, böyük Azərbaycan maarifçilərindən biri olan Naxçıvandakı “Tərbiyə” məktəbinin müdiri, tanınmış maarifçi şair Məhəmməd Tağı Sidqi (1854-1903) bəyan etmişdir ki, “Elm və ədəb bir xəzinəyə bənzər ki, onun açarı məktəbdir. Məktəb cəhalət dərdinin dərmanıdır, mərifət bağının xiyabanıdır”. İkincisi isə maarifçiliyin teatr və mətbuat kimi əsas atributlarının meydana çıxması, formalaşması və inkişafı üçün də məktəb əsas hərəkətverici qüvvə funksiyasını həyata keçirmişdir. Hətta ədəbiyyatın da inkişafında, xüsusən maarifçi ədəbiyyatın formalaşmasında məktəb faktoru ön mövqedədir.

Azərbaycan ədəbiyyatı yalnız XIX əsrdə dünyəvi məktəblərin yaradılması və maarifçilik ideyalarının meydana çıxması və inkişaf etməsi ilə ümumbəşəri, ümumtürk, ümummüsəlman kontekstindən çıxaraq mənsub olduğu xalqın və ölkənin inkişafına xidmət edən ədəbiyyata çevrilmişdir. XVIII əsrdə Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanan bu proses XIX əsrdə Mirzə Fətəli Axundzadənin əsərləri ilə özünün zirvəsinə çatmışdır. Azərbaycan peşəkar teatrı da 1873-cü ildə Bakı Realnı Məktəbinin müəllimi Həsən bəy Zərdabinin və onun şagirdlərinin ifasında məktəbin bazasında meydana çıxmışdı. Milli mətbuatımızın yaradıcısı olan Həsən bəy Zərdabinin də 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetini çap etməkdə əsas məqsədi məktəb vasitəsilə elmi təbliğ etməklə xalqın milli şüurunu oyatmaq; ictimai-mədəni tərəqqiyə nail olmaqdan ibarət idi.  Həsən bəy Zərdabinin “Milli nəğmələrimiz” adlı kitabındakı aşağıda misralar “Əkinçi” qəzetinin və bütövlükdə, “Əkinçi”lərin mübarizəsinin mahiyyətini ifadə edirdi:

Gülşəndə olar lalələrin nəşvü-nəması,

Məktəbdə olur, mərifət, elm binası

İnsaf eylə, gör, hansının artıqdır şəfası?

Məktəbdə olar xalq hüsnü-saf olasinə,

Elmi-ədəbə həmdəm olaq davamlı yenə.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetini 1875-1877-ci illərdə nəşr etməklə Azərbaycan xalqının maariflənməsinə və mənəvi təkamülünə bir ordudan çox xidmət göstərmişdir. Məhz “Əkinçi” qəzeti vasitəsilə Azərbaycanda elm, məktəb, təhsil, kitabxana, dərslik kimi maarifçilik üçün zəruri olan faktorlar gündəmə gəlmişdir. Ölkəmizdə maarifçiliyin ideyadan maarifçilik hərəkatına çevrilməsində “Əkinçi” qəzeti mühüm rol oynamışdır. Bu mənada, “Əkinçi”lik yalnız qəzetçilik deyil, daha çox maarifçilik və ictimai-mədəni inkişaf mənalarını ifadə etmişdir. Köhnəliklə, geriliklə, fanatizm və cəhalətlə, nadanlıqla mübarizə ideyalarının həyata keçirilməsi, elmə və məktəbə çağırış “Əkinçi”lik deməkdir.

Azərbaycanın ilk milli mətbuat orqanı olan “Əkinçi” qəzetinin müəlliflər heyətində qəzetin redaktoru Həsən bəy Zərdabidən başqa Mirzə Fətəli Axundzadə, Əsgər ağa Adıgözəlov Gorani, Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani kimi dövrünün ən görkəmli yazıçı və şairləri, Qafqazın Şeyxülislamı Axund Əhməd Hüseynzadə təmsil olunmuşlar. Bundan başqa, Təbrizdən Ələkbər Elçizadə, Dərbənddən Əliməmməd Abdullazadə Dərbəndi, Səlyandan Məhəmmədəli İsna Əşəriyi-Səlyani, Şuşadan Mirzə Həsən Hadi Qarabaği, Rəştdən Möhsün Badkubeyi, Şirvandan Beyadigari, Əlizadə Şirvani, İrəvandan Seyid Rza Əmirzadə, Məhəmmədəli bəy Vəliyev və başqaları açıq və gizli imzalarla məqalələr və xəbərlərlə çıxış etmişlər. “Əkinçi”nin müəlliflər heyətində imzasız çıxış edən şəxslər də olmuşdur ki, onların sıralarında da Azərbaycanın ayrı-ayrı bölgələrindən olan maarifçi ziyalıların adları vardır. Bu baxımdan, “Əkinçi” ilə Naxçıvandan olan ziyalıların əlaqələrini müəyyən etmək, “Əkinçi”nin Naxçıvana gəlib-gəlməməsi məsələlərini aydınlaşdırmağa ehtiyac vardır. Vaxtilə böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin müasirləri ilə əlaqədar tədqiqatlar apararkən biz bu suallara cavab tapmağa çalışmışdıq. Müxtəlif mənbələrdən Naxçıvandan iki nəfərin: İsa Sultan Şahtaxtinski və Əliqulu Novruzovun “Əkinçi” qəzeti ilə əlaqələri haqqında müəyyən materiallar və informasiyalar əldə edə bilmişdik. Həm İsa Sultan Şahtaxtinski və həm də Əliqulu Novruzov rəsmi dövlət məmuru olduqları üçün “Əkinçi” qəzetinə açıq imza ilə yazmaqdan çəkinmiş, qəzetə imzasız xəbərlər və digər materiallar göndərmişlər. “Əkinçi” qəzetində Naxçıvan diyarı ilə bağlı xəbərlərin və məlumatların əksəriyyəti hüquq sahəsində çalışan Əliqulu Novruzov tərəfindən göndərilmişdir. Əliqulu Novruzovun da səyləri nəticəsində İrəvan Quberniyası və Naxçıvan mahalı üzrə “Əkinçi” qəzetinə cəmi 11 nəfər abunəçi olmuşdur. Qəzetin 1875-ci ildə Zaqafqaziya və Dağıstan, hətta Cənubi Azərbaycan üzrə cəmi 119 abunəçisinin olduğunu nəzərə alsaq, XIX əsrin yetmişinci illəri üçün İrəvanda və Naxçıvanda 11 nəfərin “Əkinçi” qəzetini abunə yolu ilə alıb oxuması məqbul bir statistika hesab edilə bilər.

“Əkinçi” qəzeti ilə əlaqəsi olan Naxçıvan ziyalılarından biri də İsa Sultan Şahtaxtinski idi. Sankt-Peterburq Əkinçilik İnstitutunda ali təhsil almış, İsveçrə Surix Politexnik İnstitutunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə elmi dərəcə qazanmış İsa Sultan Şahtaxtinski (1851-1894) 1876-cı ildə Həsən bəy Zərdabiyə göndərdiyi məktubda “Əkinçi” qəzetinə xarici siyasətə dair materiallar göndərmək sahəsində öz xidmətini təklif etmişdir. Ehtimal ki, “Əkinçi” qəzetindəki Avropa həyatına dair informasiyaların bir çoxu İsa Sultan Şahtaxtinski tərəfindən göndərilmişdir. Bu Avropayönlü maarifçilik xətti tutan Həsən bəy Zərdabinin və “Əkinçi” qəzetinin fəaliyyət istiqamətinə və hədəflərinə uyğun gələn bir mövqe idi. “Əkinçi” qəzeti bir qayda olaraq xəbərləri imzasız çap etdiyi üçün İsa Sultan Şahtaxtinskinin göndərdiyi məlumatlar “Xariciyyə xəbərləri” rubrikası ilə çap olunduğuna görə imzaya ehtiyac olmamışdır.

Tədqiqatlar göstərir ki, XIX əsrin səksən-doxsanıncı illərində Naxçıvanda dünyanın müxtəlif ölkələrində çıxan qəzet və jurnallar alınıb oxunmuş, müzakirə edilmişdir. Bu mətbuat orqanlarının sırasında Rusiyada çap edilən “Novoye vremya” qəzeti, “Novoye obrazovaniye” jurnalını, Tiflisdə nəşr olunan “Qafqaz” qəzetini, Baxçasarayda İsmayıl bəy Qasprallının “Tərcüman” qəzetini, Hindistanın Kəlküttə şəhərindən “Həblül-mətn” qəzetini və bir neçə İran ruznamələrini göstərmək olar. Naxçıvanda həmin dövrdə fəaliyyət göstərən “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti”, “Ziyalı Məclisi” kimi cəmiyyətlərdə, yeni açılmış dünyəvi məktəblərdə, xüsusən Məhəmməd Tağı Sidqinin Naxçıvan şəhərində təsis etdiyi məşhur “Tərbiyə” məktəbində qəzetlərin oxunub müzakirə edilməsi yolu ilə dünyada baş verən yeniliklər diqqət mərkəzinə çəkilmiş, onlardan yerli şəraitə uyğun gələnlərinin tətbiq olunması üçün yollar axtarılmışdır.

Eyni zamanda yaxında adları çəkilən qəzet və jurnalların Naxçıvandan olan təmsilçiləri və əməkdaşları kimi fəaliyyət göstərən maarifçi ziyalılar var idi. Məhəmməd ağa Şahtaxtlı 1875-1880-ci illərdə “Qafqaz” qəzetinin, XX əsrin əvvəllərində “Novoye vremya” qəzetinin rəsmi əməkdaşı kimi Naxçıvan ziyalılarını həmin qəzetlə əlaqələndirmişdir. Eynəli bəy Sultanov 1891-ci ildən “Novoye obrazovaniye” qəzetində çoxsaylı məqalələrlə çıxış etmiş, 1905-1908-ci ildən Bakıda çıxan “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə müxbiri kimi fəaliyyət göstərmiş, 1908-ci ildən “Zaqafqaziye” qəzetinin “Müsəlman həyatı” şöbəsinin müdiri olaraq mətbuat sahəsindəki işini davam etdirmişdir. Eynəli bəy Sultanovun 1920-1921-ci illərdə Tiflisdə nəşr olunan “Kafkazkaya kommuna” qəzetinin redaktoru kimi fəaliyyət göstərməsi də mətbuat tariximizin qiymətli səhifələrindəndir. Beləliklə, “Kafkaz”, “Novoye vremya”, “Novoye obozreniye”, “Zaqafqaziye”, “Kafkazskaya kommuna” qəzetlərində geniş mənada Azərbaycan həyatına, o cümlədən Naxçıvana həsr edilmiş məqalələr Məhəmməd ağa Şahtaxtlı və Eynəli bəy Sultanovun qələmindən çıxmış qiymətli publisistika nümunələridir.

Naxçıvanda Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin 1881-ci ildəki ilk üç məzmunundan biri olan Əliməmməd Xəlilov da “Qafqaz” qəzetində Naxçıvanın təmsilçisi kimi fəaliyyət göstərmişdir. Bu da maraqlıdır ki, Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin müdiri Aleksey Osipoviç Çerniyayevski (1840-1894) seminariyadan aralandıqdan sonra, 1894-cü ildə Tiflisdə “Fikir” adına da qəzet təsis etmək istəmiş və həmin məqsədlə əməkdaşlıq etmək üçün müraciət etdiyi ilk keçmiş seminaristlərdən birincisi Əliməmməd Xəlilov olmuşdur. Qurbanəli Şərifzadə “Həblül-mətn” qəzetinin, Naxçıvan təmsilçiliyi missiyasını həyata keçirmişdir. Culfada yaşayıb-işlədiyi 1906-1913-cü illərdə Əliqulu Qəmküsar “Molla Nəsrəddin” jurnalının yerli müvəkkili olmuş, Tağı bəy Səfiyev bu satirik jurnala Şərurda abunə işinin təşkilində kömək etmişdir.

Ümumən Azərbaycanda və o cümlədən də Naxçıvanda ən çox yayılan və oxunan İsmayıl bəy Qaspıralının Baxçasarayda çap olunan “Tərcüman” qəzeti idi. İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” ideyası çar Rusiyasında yaşayan türk-müsəlman əhalisinin əsas həyat və fəaliyyət devizinə çevrilmişdir. Eyni zamanda İsmayıl bəy Qaspıralının “Üsuli-cədid məktəbləri”, yəni yeni üsullu dünyəvi məktəblər açmaq layihəsi çar Rusiyası türk-müsəlman əhalisinin hamısı üçün zəruri olan həyat və mübarizə amalına çevrilmişdi. Bu səbəblərdəndir ki, Qafqazlarda və Orta Asiyada yayılmaq və oxumaq baxımından “Tərcüman” qəzeti öndə gedən mətbuat orqanı idi. Hətta Rusiyanın Şərq vilayətlərinə xidmət etmək üçün yola çıxan Məhəmməd ağa Şahtaxtlının “Şərqi-rus” qəzeti də demokratik söz, ictimai baxış nöqteyi-nəzərindən xeyli irəli çıxsa da, qısa müddət ərzində, cəmisi üç ilə yaxın fəaliyyət göstərdiyi üçün “Tərcüman”ı tam üstələməyə imkan tapa bilməmişdir. Türk-müsəlman dünyasında ümummilli oyanışa və ictimai-mədəni tərəqqiyə xidmət göstərmək cəhətdən Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalı rəqabətdə böyük sıçrayışa nail ola bilmişdir. “Molla Nəsrəddin” jurnalı Şərq-müsəlman fanatizminə zərbə vurub aradan qaldırmaqda, yeni cəmiyyət quruculuğuna, elm və maarifə yol açmaqda misli görünməmiş rekord əldə etmişdir. Lakin Azərbaycan maarifçiləri paralel olaraq “Tərcüman” qəzetinə də böyük rəğbətlə yanaşmışlar. Məhəmməd Tağı Sidqinin 1891-ci ildə Ordubadda açdığı “Əxtər” məktəbi, xüsusən 1894-cü ildə Naxçıvan şəhərində təsis etdiyi “Məktəbi-Tərbiyyə” özünün xarakterinə görə “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qaspıralının “Üsuli-cədd” məktəbi ideyasının Azərbaycandakı ən mükəmməl nümunələrindən biri idi. Məhəmməd Tağı Sidqi özü də İsmayıl bəy Qaspıralının maarifçilik ideyalarına böyük rəğbət bəsləmiş, hətta “Tərcüman” qəzetinin xidmətlərini vəsf edən xüsusi bir şeir də yazmışdır. Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbində “Tərcüman” qəzeti alınıb oxunmuş, İsmayıl bəy Qaspıralının ideyaları geniş təbliğ olunmuşdur. Bundan başqa, Məhəmməd Tağı Sidqi özü də Cənubi Azərbaycan ziyalıları ilə birlikdə “Tərcüman” qəzeti ruhunda “Şəbnameyi-bəsirət” adlı qəzet çıxarmaq istəmiş, tədqiqatçıların fikirlərinə görə, nümunə üçün həmin qəzetin vərəqə halında bir neçə nüsxəsini çap etdirmişdir.

Bütün bunlar Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da Həsən bəy Zərdabi ideyalarının işığında “Əkinçi” qəzetinin açdığı yolun, təbliğ etdiyi ideyaların nəinki yaşadıldığını, yayıldığını, hətta həm maarifçilik və həm də qəzetçilik istiqamətlərində həyata keçirildiyini və inkişaf etdirildiyini göstərir. XIX əsrin yetmişinci illərinin ortalarından başlayıb XX əsrin əvvəllərinə, Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər davam edən həmin tarixi mərhələni Naxçıvan “Əkinçi”ləri dövrü adlandırmaq olar. Naxçıvan “Əkinçi”ləri Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əməkdaşlıq edən, “Əkinçi” ideyalarını həyata keçirmək, yaymaq və yaşatmaq üçün mətbuat dünyasında və məktəb hərəkatında təşəbbüslər göstərən maarifçi ziyalıların aparıcı qüvvələri olmuşlar. Naxçıvan “Əkinçi”ləri – Həsən bəy Zərdabinin və “Əkinçi” qəzetinin ideyaları əsasında ölkəmizdə milli şüurun oyanışına, maarifçi ideyalarının formalaşdırılmasına və gerçəkləşdirilməsinə xidmət edən yeni maarifçilər nəslinin Azərbaycanın bu regionunda yetişib meydana çıxmış işıqlı və fədakar simaları idilər. Naxçıvan “Əkinçi”ləri Azərbaycan üzrə “Əkinçi”lik hərəkatının ləyaqətli davamçıları kimi gələcək müstəqil dövlətçilik ideallarının yayılmasına və mətbuat dünyasının genişlənməsinə fədakarlıqla ömür həsr etmiş ziyalı nəsilləri demək idi.

Naxçıvan “Əkinçi”ləri Azərbaycanın ayrılmaz üzvü tərkib hissəsi olan Naxçıvan diyarında “Əkinçi”lik hərəkatını müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq etmək, yaxud qəzet təsis etməyə təşəbbüs göstərmək mərhələsindən, nəhayət, qəzet-jurnal yaratmaq səviyyəsinə qədər yüksəlmək baxımından da mühüm xidmətlər göstərmişdir. Bu yeni tarixi mərhələ Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra ilk mətbuat orqanının yaradılması ilə başlanan və dövlət müstəqilliyinin inkişaf etdiyi bizim günlərə qədər müxtəlif qəzet və jurnalların fəaliyyəti ilə davam etməkdə olan və bundan sonra da gələcək üfüqləri aydın görünən çoxcəhətli bir ədəbi-ictimai prosesi özündə cəmləşdirir. Obrazlı şəkildə desək, bu, Naxçıvanda ilk “Əkinçi”lərin fəaliyyətə başlamasından regionda “Əkinçi”lik hərəkatının formalaşdırılmasına qədər keçilmiş şərəfli və məsuliyyətli yolun uğur hekayəsidir.

Mətbuat tarixçiləri artıq müəyyən etmişlər ki, Naxçıvanda ilk mətbuat orqanı birinci sayı 1 noyabr 1921-ci ildə Naxçıvan Diyarı Gənclər Təşkilatının mətbuat orqanı kimi çıxmış “Cavanlar həyatı” qəzetidir. Cəmi iki aya yaxın fəaliyyət göstərmiş “Cavanlar həyatı” qəzetinin nəşri ilə Naxçıvanda mətbuat yaratmaq işinin təməli qoyulmuşdur. Bundan sonra 1921-ci ilin dekabr ayından etibarən Naxçıvan İctimai Şura Cümhuriyyəti Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı kimi bir neçə sayı işıq üzü görmüş “Füqəra səsi” qəzeti regionda mətbuat işinin davamlı olacağı fikrini gündəmə gətirmişdir. Nəhayət, 1922-ci ilin aprel ayında Naxçıvan Xalq Komissarları Şurasının mətbu orqanı kimi nəşrə başlayan “Şərq qapısı” qəzetinin bir əsrdən artıq uzun ömürlü və davamlı fəaliyyəti ilə Naxçıvanda mətbuat işi dövlət səviyyəsində təşkil olunmuş və inkişaf etdirilmişdir. Sonrakı dövrlərdə Naxçıvan Vilayət Partiya Komitəsinin orqanı kimi “Şərq qapısı”, əsasən, ictimai-siyasi qəzet kimi fəaliyyət göstərmiş, muxtar respublikasının mətbuat salnaməsinə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının bütün sahələr üzrə çoxcəhətli inkişafının əlamətdar hadisələri və faktları “Şərq qapısı” qəzetində salnamələşdirilmişdir. Regionun ədəbi qüvvələrinin və elm və incəsənət adamlarının da fəaliyyətini əks etdirdiyi üçün “Şərq qapısı” qəzeti həm də maarifçi mətbuat orqanı, ziyalı qəzeti kimi də fəaliyyətini uğurla davam etdirmişdir. Fikrimizcə, “Şərq qapısı” qəzetinin 104 illik fəaliyyətini aşağıdakı mərhələlərə ayırmaq olar:

1. “Şərq qapısı” qəzetinin yaradılması, formalaşdırılması və inkişaf dövrü (1921-1979-cu illər).

2. “Şərq qapısı” qəzetinin “Sovet Naxçıvanı” adı ilə nəşr olunduğu mərhələ  (1979-1989-cu illər).

3. Sovet hakimiyyəti dövründə “Şərq qapısı” qəzetinin müstəqil mətbuat orqanı kim fəaliyyət göstərdiyi aylar (yanvar-fevral 1990-cı il).

4. “Şərq qapısı” Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü mətbuat orqanı funksiyasında (1991-ci ilədək).

5. Həftəlik “Şərq qapısı” qəzeti mərhələsi (2024-cü ildən).

XX əsrin əvvəllərində Naxçıvanda dövlət mətbuat orqanı kimi “Şərq qapısı” qəzeti təsis edilərkən yuxarı dairələrdə SSRİ-nin Şərq siyasəti əsas olaraq qəbul edilmişdir. “Şərq qapısı” qəzeti isə özünün bir əsrdən artıq davam edən fəaliyyəti ərzində Azərbaycanın ayrılmaz bir parçası olan, bolşeviklər tərəfindən Zəngəzurun işğal edilərək Ermənistana verilməsindən sonra ana Vətəndən ayrı salınmış Naxçıvana açılmış mətbuat qapısı funksiyasını həyata keçirmişdir. “Şərq qapısı” qəzeti hazırda Naxçıvanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və sosial həyatını Azərbaycan tarixinin və inkişaf yolunun ayrılmaz tərkib hissəsi kimi təsvir və təqdim etmək missiyasını həyata keçirməkdə davam edir. Zaman-zaman Naxçıvan Muxtar Respublikasının ərazisinə iddia edən Ermənistana da “Şərq qapısı” sözünün daşıdığı, bu regionun Şərqyönlü türk-müsəlman diyarı, oğuz yurdu olduğunu bildirən mənaları əsl cavabın ifadəsidir. “Şərq qapısı” sözünün mənası vaxtilə sovetlər ittifaqının yüksək rəhbərliyində olub, Naxçıvanı Ermənistana birləşdirmək xülyalarına dəstək verənlərə də bu torpağın, muxtar respublikanın ərazisinin qeyri-azərbaycanlı xalqlarla heç bir əlaqəsi olmadığını bəyan etməyin isbatıdır. Bütün bunlara görə “Şərq qapısı” qəzetinin adı Naxçıvan Muxtar Respublikasının Azərbaycançılıq möhürüdür. “Şərq qapısı” bu şərəfli missiyanı bir əsrdən artıqdır ki, məsuliyyətlə davam etdirməkdədir.

“Şərq qapısı” qəzetinin formalaşdırdığı və ardıcıl olaraq həyata keçirdiyi Azərbaycançılıq missiyası sovet ideologiyası ilə uyğun gəlmədiyi üçün SSRİ-nin rəsmi dairələrində müəyyən narahatlıq doğurmuşdur. Analoji vəziyyət Özbəkistanda və digər keçmiş sovet-türk respublikalarında da müşahidə olunduğuna görə Sovetlər İttifaqının rəhbərliyi bu tendensiyadan ehtiyat etdiyi üçün “Şərq qapısı” qəzetinin adını dəyişdirərək “Sovet Naxçıvanı” sözü ilə əvəz etmişdir. Uzun illər həyatlarını “Şərq qapısı” qəzetinə həsr etmiş Naxçıvan “Əkinçi”ləri adı süni surətdə dəyişdirilsə də, “Şərq qapısı” qəzetinin məqsədinə və məramına xidməti həmişə qoruyub saxlamışlar. Hətta həm də rus dilində “Sovetskaya Naxçıvan” adı ilə çap olunan “Şərq qapısı” qəzetindən Azərbaycanın bu tarixi diyarının keçmişi və bu gününün daha geniş miqyasda təbliğ edilməsi məqsədilə istifadə edilmişdir. “Şərq qapısı” qəzeti 1979-cu ildən 1989-cu ilə qədərki dövrdə də “Sovet Naxçıvanı” və “Sovetskaya Naxçıvan” adlı ilə çıxsa da, ənənəvi Azərbaycançılıq idealına sadiq qaldığını nümayiş etdirmişdir.

Fikrimizcə, Azərbaycan mətbuatının tarixində ən nadir hadisələrdən biri “Şərq qapısı” qəzetinin fəaliyyətində baş vermişdir. Belə ki, Bakı şəhərində baş verən Qanlı 20 Yanvar 1990-cı il hadisələrinə və Ermənistanın həmin günlərdə muxtar respublikada törətdiyi qırğınlara cavab olaraq Naxçıvan Muxtar Respublikasının Ali Soveti muxtar respublikanın SSRİ-nin tərkibindən çıxdığını bəyan etdiyi üçün “Şərq qapısı” qəzeti qısa bir müddətdə olsa da, öz fəaliyyətini müstəqil dövlətçilik prinsipləri əsasında davam etdirmişdir. “Şərq qapısı” qəzetinin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının deyil, Naxçıvan Muxtar Respublikasının mətbuat orqanı olaraq 1990-cı ildə, təxminən, bir ay “Bütün ölkələrin proletarları, birləşin” ənənəvi şüarı ilə yox, “Birlik və demokratiya uğrunda” devizi ilə çap edilməsi Azərbaycan mətbuatının tarixinin nadir hadisədir. O vaxta qədər digər sovet respublikalarının mətbuat tarixində də buna bənzər heç bir hadisə baş verməmişdir. Özünü yeni Naxçıvan Muxtar Respublikasının mətbuat təmsilçisi kimi təqdim edən “Şərq qapısı” qəzetinin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqındakı qərarını baş səhifəsində yerləşdirib çap etməsi ilə zamanı qabaqlamış, dövlət müstəqilliyi uğrunda başlanan mübarizəyə böyük təkan vermişdir. Bu, müstəqil dövlətçilik uğrundakı mübarizə yolunda “Şərq qapısı” qəzetinin tarixi xidmətidir. “Şərq qapısı” qəzeti 1990-cı ilin yanvar-fevral aylarında müstəqil Naxçıvan Muxtar Respublikasının orqanı kimi çıxan 8 sayında verilmiş materiallar vasitəsilə Azərbaycanda SSRİ rəhbərliyi tərəfindən törədilmiş Qanlı 20 Yanvar hadisələri haqqındakı həqiqətləri qonşu Türkiyə və İran dövlətlərinin sərhəd bölgələrindəki yaşayış məntəqələrində yaymaqla beynəlxalq müstəviyə çıxararaq Sovetlər İttifaqına sarsılmaz zərbə vurmuşdur. Həmin məsuliyyətli günlərdə Naxçıvan televiziyası və Naxçıvan radiosu da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-nin tərkibindən çıxması haqqında Muxtar Respublika Ali Sovetinin qərarını bir neçə dəfə müxtəlif xarici dillərdə səsləndirmiş və qanlı 20 yanvar hadisələrinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmışdır. “Şərq qapısı” qəzeti, təxminən, 1 ay davam edən müstəqillik əhvali-ruhiyyəsini öz səhifələrində əks etdirərək tarixə çevirmişdir. Bütün bunlara görə “Şərq qapısı” qəzeti SSRİ-nin dağılması proseslərini sürətləndirmiş, Azərbaycanda dövlət müstəqilliyi uğrunda aparılan mübarizədə ön mövqeyə çıxmışdır.

Artıq 35 ildir ki, “Şərq qapısı” qəzeti müstəqil Azərbaycan Respublikasının tərkibində Naxçıvan Muxtar Respublikasının inkişaf yolunu işıqlandırmaqda və daha böyük sabahların ritmlərini və üfüqlərini göstərməkdə davam etdirməkdədir. Hazırda “Şərq qapısı” yeni inkişaf yoluna çıxmış və yeniləşməkdə davam edən Naxçıvanın müasir mərhələdəki yüksəliş strategiyasını əks etdirərək bu günün reallıqlarının təqdim olunmasına və sabahının üfüqlərinin göstərilməsinə inamla xidmət edir. Son dövrlərdə “Şərq qapısı” qəzetinin həftəlik və çox səhifəli qəzet formatında çap olunması da həm bu qəzetin tarixində, həm də region mətbuatının tarixi inkişaf yolunda ilk mühüm addımdır. Bu, həm də muxtar respublikada kiçikformatlı qəzetdən böyük formatda olan qəzetə keçid baxımından mühüm jurnalistika hadisəsidir. Hazırda təcrübəli mətbuat işçisi Sara Əzimovanın redaktorluğu ilə çıxan həftəlik “Şərq qapısı” qəzeti müstəqillik dövrü Azərbaycan jurnalistikasında özünəməxsus publisistika sənətkarlığı ilə seçilən orijinal qəzetçilik nümunəsidir. Bütün bunlar mətbuat dünyasında “Əkinçi”dən “Əkinçi”liyə keçidin əhəmiyyətli təzahürləridir.

XX əsrin otuzuncu illərində Naxçıvanda gələcəyin böyük yazıçısı və ictimai xadimi Mirzə İbrahimovun redaktorluğu ilə “Sürət” adlı qəzetin çıxması mətbuat tariximizin yaddaqalan hadisəsidir. O vaxtların siyasi idarəsi olan Maşın-Traktor Stansiyasının orqanı olması və “Sürət” adlandırılması bu qəzetin ideoloji xəttini müəyyən etməyə imkan verir. Lakin “Sürət” qəzetinə Mirzə İbrahimov kimi istedadlı və açıq görüşlü bir ziyalının rəhbərlik etməsi, onun həyatının Naxçıvan dövrü haqqındakı təsirli xatirələri bu qəzetdə dövrün həqiqətlərinin də əks etdirildiyini düşünmək üçün əsaslar yaradır. Hesab edirəm ki, qüvvələri səfərbər edib, “Sürət” qəzetinin nüsxələrini tapıb ortaya qoymaq ədəbiyyat və mətbuat tarixçilərimizin qarşısında duran mühüm vəzifələrdəndir.

Bundan başqa, Naxçıvanın bir əsrdən artıq mətbuat salnaməsində gələcək xalq yazıçısı Əli Vəliyevin “Şərq qapısı”na əlavə kimi çap etdirdiyi “Ədəbiyyat qəzeti” də mühüm yer tutur. Bu fakt haqqında xatirələrdə və məqalələrdə kifayət qədər yazılsa da, həmin qəzet də hələlik tapılıb üzə çıxarılmamışdır.

Müstəqilliyin başlanğıc illərində Bakı şəhərində çap edilən “Naxçıvan” qəzeti blokada və təzyiqlər dövrünün mübariz mətbuat orqanı kimi fəaliyyətini davam etdirmişdir. “Naxçıvan” qəzeti də mətbuat tarixi baxımından tədqiqata cəlb edilməyə layiqdir.

Bir neçə kəlmə də Naxçıvan Dövlət Universitetinin “Əkinçi”ləri haqqında deməyi əhəmiyyətli hesab edirəm. Naxçıvan Dövlət Universitetində ali məktəb qəzeti yaratmaq ideyası bu ali təhsil ocağını müasir dövrün çağırışlarının işığında hərtərəfli şəkildə inkişaf etdirmək ideyasından doğmuşdur. İlk sayı 15 oktyabr 1991-ci ildə çıxan “Fikir” adlı qəzet Naxçıvan Dövlət Universitetinin mətbu orqanı kimi ali məktəbin inkişafına işıq salan əhəmiyyətli mətbuat orqanıdır. Qəzetin adındakı “Fikir” ifadəsi isə bu qəzetin ilk sayının çıxmasından 98 il əvvəl məşhur maarif xadimi Aleksey Osipoviç Çernyayevskinin Tiflis şəhərində təsis etmədiyi “Fikir” adlı qəzetdə iştirak etmək üçün Naxçıvanda müəllimlik fəaliyyəti ilə məşğul olan Qori Müəllimlər Seminariyasının məzunu Əliməmməd Xəlilova göndərdiyi dəvət məktubunda irəli sürülmüş fikirlərlə üzvü surətdə əlaqədardır. Aleksey Çernyayevskinin 24 aprel 1894-cü il tarixdə imzaladığı məktubda öz əksini tapmış aşağıdakı fikirlər “Əkinçi” qəzetinin ali məqsədləri ilə səsləşən və bu gün də mətbuat üçün faydalı ola biləcək tezislərdən ibarətdir: “Mən bu işə qazanc üçün başlamıram… Mənim məqsədim xalis maarifpərvər ruhludur: xalqın düşüncəsini oyatmaq!”

Aleksey Çernyayevskinin 1894-cü ildə, Qori Seminariyasında oxuyan ilk azərbaycanlı tələbələrdən biri olmuş Əliməmməd Xəlilovun isə 1896-cı ildə dünyalarını dəyişməsi ilə “Fikir” adlı qəzet mətbuat dünyasına daxil ola bilməmişdir. Naxçıvan Dövlət Universiteti 98 ildən sonra “Fikir” adlı ali məktəb qəzeti çap etməklə böyük maarifçilərin yarımçıq qalmış arzularını həyata keçirmişdir. “Fikir” qəzeti Naxçıvan Dövlət Universitetinə yeni fikirlər, ideyalar, düşüncələr gətirmiş mətbuat kürsüsüdür. “Fikir” qəzeti Naxçıvan Dövlət Universitetində müəllimlərin və tələbə gəncliyin müstəqil dövlətçilik düşüncəsini möhkəmləndirmək və yeni dövrün yeni fikirli gənc “Əkinçi”lərini yetişdirib formalaşdırmaq üçün mühüm və aktiv jurnalistika tribunası rolunu oynamışdır. Filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimli baş redaktorluğu ilə “Fikir” qəzetinin 1991-1997-ci illərdə çap olunmuş 44 sayı Naxçıvan Dövlət Universitetinin “Əkinçi”si ola biləcək yaradıcı ziyalıları və istedadlı gənc “Əkinçi”ləri üzə çıxarmış, onları tanıtmış, gələcək “Əkinçi”lik yoluna – maarifləndirmə, qəzetçilik və tədqiqatçılıq yoluna hazırlamışdır.

Dünya universitetlərinin təcrübəsi nəzərə alınmaqla, Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 14 iyul 1998-ci il tarixli Qərarı ilə “Fikir” qəzeti eyniadlı informasiya bülleteninə çevrilmişdir. Bu, Azərbaycan ali məktəblərində universitet qəzetini əvəz edən ilk informasiya bülletenidir. Uzun illərdir ki Xəzər Universiteti də ali məktəb qəzeti yox, “Xəzər Xəbər” adlı informasiya bülleteni çap etməkdə davam edir. “Fikir” informasiya bülleteninin sayları Naxçıvan Dövlət Universitetinin xəbərləri külliyyatı kimi bu ali təhsil ocağının çoxcəhətli fəaliyyətini salnamələşdirmişdir. “Fikir” İnformasiya Bülleteni elmi-ədəbi və publisistik yazılara da müəyyən yer ayırmış, universitetdəki yaradıcılıq mühitinə işıq salmışdır. “Fikir” İnformasiya Bülletenində ara-sıra elmi məqalələrin də verilməsi bu ali məktəb xəbərlər jurnalını Naxçıvan Dövlət Universitetində 1997-ci ildən nəşr edilən “Elmi əsərlər” jurnalından sonra ikinci köməkçi elmi jurnal kimi də əhəmiyyətli və cəlbedici etmişdir.

Bütün bunlarla bərabər, Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisasının açılması bu ali təhsil ocağında qəzetçilik işini öyrənən gələcək “qəzetçi Xəlillər” üçün qəzetin də yenidən nəşr edilməsi zərurətini yenidən meydana qoymuşdur. Beləliklə, 1 noyabr 2011-ci ildən Naxçıvan Dövlət Universitetində “Yeni fikir” adlı qəzet çıxmağa başlamışdır. “Yeni fikir” qəzeti Naxçıvan Dövlət Universitetinin “Əkinçi”si kimi təsis edilmiş “Fikir” qəzetinin davamı olsa da, universitetinin  yeni inkişaf mərhələsinin mətbu orqanı kimi fəaliyyətini davam etdirmişdir. “Yeni fikir”in böyük formatda qəzet kimi çap olunması Naxçıvan Dövlət Universitetinin də bütün istiqamətlərdə böyük inkişaf yolunda olmasının göstəricisi idi. “Fikir” İnformasiya Bülletenində arabir özünə yer tapa bilən müəllimlərin və tələbələrin ədəbi-publisist və elmi yaradıcılığı böyük formatda 12-24 səhifədən ibarət olan “Yeni fikir” qəzetində özünə yeni həyat tapa bilmişdir. Jurnalistika fakültəsinin tələbələri “Yeni fikir”də əsl qəzetçilik məktəbi keçmək imkanı qazanmışdır. Ümumiyyətlə, Naxçıvan Dövlət Universitetində “Qeyrət” nəşriyyatının və mini mətbəənin mövcud olması, efirə çıxmaq səviyyəsində universitet radiosu və televiziyasının fəaliyyət göstərməsi ilə birlikdə bu ali təhsil ocağında paralel olaraq “Yeni fikir” qəzetinin ardıcıl surətdə işinin davam etdirməsi Naxçıvanda ölkə miqyası səviyyəsinə jurnalist kadrlarının hazırlanması üçün geniş imkanlar yaradır.

“Yeni fikir” qəzeti bu gün filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyevanın redaktorluğu ilə Yeni Naxçıvanın tam yeni inkişaf mərhələsinə çıxmış yeni tipli Naxçıvan Dövlət Universitetinin qəzeti kimi müasir dövrün elmi-maarifçi ideyalarına qol-qanad verən mətbuat orqanı miqyasında fəaliyyətini uğurla davam etdirməkdədir.

“Yeni fikir” qəzeti yeniləşmə yollarında uğurla addımlayan Naxçıvan Dövlət Universitetinin yalnız salnaməsini yaratmaqla kifayətlənmir, yeni tarixi dövrün meydana çıxardığı yeniliklərə dəstək verir və bələdçilik edir.

Nəhayət, “Yeni fikir” qəzeti XXI əsrin “Əkinçi”lərinin yeni nəslinin jurnalistika məktəbi funksiyasını ləyaqətlə və məsuliyyətlə həyata keçirir.

Azərbaycan mətbuatının 150 illik inkişaf yolu ölkəmizin hər yerində olduğu kimi, qəzetçilik sahəsində də böyük yol keçmiş, milli-mətbuat yolunda mübarizə aparmış Naxçıvanda da əsl mətbuat bayramı səviyyəsində qeyd olunur. Ölkəmizin milli mətbuat qvardiyasının layiqli təmsilçiləri və davamçıları olan Naxçıvan diyarının “Əkinçi”lərini, Naxçıvan Dövlət Universitetinin gənc “Əkinçi” nəsillərini milli mətbuatımızın şanlı il-dönümü münasibətilə ürəkdən təbrik edir və daha böyük uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti, akademik

Nəşr edilib : 22.07.2025 10:00