Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Aqrar İnnovasiya Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda ilk dəfə toxum sərgi-satış yarmarkası keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları, elmi-tədqiqat institutlarının, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və fermerlər iştirak edib.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova çıxış edərək muxtar respublikada aqrar sahədə əldə olunmuş nailiyyətlər, toxumçuluğun mövcud vəziyyəti barədə ətraflı məlumat verib, sərgi-satış yarmarkasının fermerlər üçün böyuk əhəmiyyət kəsb etdiyini bildirib. Nazir müavini “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da toxumçuluğun inkişafının qarşıya qoyulan əsas hədəflərdən biri olduğunu və bu istiqamətdə işlərin davam etdiyini diqqətə çatdırıb
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev Azərbaycan Respublikası Prezidenti tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev ölkədə toxumçuluq sahəsinin mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verərək bildirib ki, toxumçuluq kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biridir. Bol və keyfiyyətli məhsulun əsası toxumçuluğun düzgün təşkil olunmasından asılıdır. Bu məqsədlə də hər il ənənəvi olaraq respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkaları toxumçuluğun daha da inkişafına xidmət edir. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etmək, fermerlər üçün torpaq-iqlim şəraitinə uyğun sertifikatlı toxumlara əlçatanlığının təmin olunmasıdır. Eyni zamanda bu tədbirlər fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanları yaradır.
Sərdar Hacıyev Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi-satış yarmarkasının keçirilməsinin bölgədə toxumçuluğun inkişafına, eyni zamanda Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Naziriliyi ilə Aqrar Xidmətlər Agentliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini bildirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov respublikanın müxtəlif bölgələrində keçirilən toxum sərgi-satış yarmarkalarının əhəmiyyəti barədə ətraflı məlumat verərək yarmarkalara fermerlərin böyük maraq göstərdiyini bildirib. Qeyd edib ki, növbəti illərdə muxtar respublikanın digər bölgələrində də toxum sərgi-sətiş yarmarkalarının keçirilməsi nəzərdə tutulub.
Yarmarkada Aqrar Xİdmətlər Agentliyi tərəfindən göstərilən xidmətlər təqdim olunub, eləcə də özəl toxumçuluq təsərrüfatlarında istehsal olunan sertifikatlı toxumlar nümayiş etdirilib.
Toxum sərgi-satış yarmarkası çərçivəsində dəyirmi masa keçirilib, toxumçuluğun mövcud vəziyyəti və problemləri müzakirə olunub, təkliflər qeydə alınıb.
Fermerlərə agentliyin əməkdaşları tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi”, "Sertifikatlı toxumdan istifadənin əhəmiyyəti", "Müasir iqlim dəyişiklikləri şəraitində heyvan sağlamlığına təhdidlər" mövzularında təlimlər keçirilib. Həmçinin toxumçuluğun mövcud vəziyyəti və gələcək qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Qeyd edək ki, sərgi-satış yarmarkasında, ümumilikdə, 200-ə yaxın fermer iştirak edib. Yarmarka öz fəaliyyətini sabah Şərur rayonunda davam etdirəcək.
Digər xəbərlər