NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Naxçıvanda ilk dəfə “Sığorta Festivalı” keçirilib

...

Sentyabrın 6-da Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Naxçıvanda ilk dəfə “Sığorta Festivalı” keçirilib. “Həyat sığorta ilə rahat” devizi altında təşkil olunan festivalda əvvəlcə təşkilati dəstəyə görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə təşəkkür edilib. Sonra layihənin əhəmiyyəti, festivalda iştirak edən sığorta şirkətləri barədə məlumat verilib.

Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısında keçirilən festivalda Naxçıvan şəhər sakinləri və qonaqlar üçün hazırlanan proqram maarifləndirici və əyləncəli anlarla zəngin olub. Festival ərzində iştirakçılar “Ada Band” rock-pop qrupu, DJ tərəfindən təqdim olunan enerjili musiqilərlə rəqs edərək, əsl bayram əhvali-ruhiyyəsi yaşayıb, eyni zamanda sığorta növləri ilə bağlı səsləndirilən suallara cavab verməklə sürpriz hədiyyələr qazanıblar.

Qeyd edək ki, “Sığorta Festivalı” ölkənin aparıcı sığorta şirkətlərini bir araya gətirərək, müxtəlif sığorta məhsulları haqqında əhalini maarifləndirməyi hədəfləyir. Festivalın açılış mərasimi avqustun 17-si Bakı şəhərində baş tutub, tədbir avqustun 24-ü Sumqayıtda, 30-u Lənkəranda keçirilib. Sentyabrın 14-ü Gəncədə təşkil olunacaq festivalın bağlanış mərasimində “Hiss” sevilən ifaları ilə çıxış edəcək.

Xatırladaq ki, Azərbaycanda ilk “Sığorta Festivalı” 2023-cü ildə respublikanın 10 şəhərində keçirilib və böyük maraqla qarşılanıb. Bu festival Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunur. Tədbir geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunması məqsədilə həyata keçirilən genişmiqyaslı maarifləndirmə layihəsinin bir hissəsidir.

 

Nail ƏSGƏROV

Nəşr edilib : 06.09.2024 22:06