NAXÇIVAN :

24 Sentyabr 2026, Cümə axşamı

Naxçıvanda I Beynəlxalq Tibb Günlərinə start verilib

...

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi və təşkilatçılığı, Ankara Universiteti, Avrasiya Qastroenteroloji Cəmiyyəti və Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə " I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026" nın açılış mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, daha sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Açılış mərasimində Ulu Öndərin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə Avropa, Amerika və türkdilli ölkələrdən tanınmış alimlər, həkimlər, tibb mütəxəssisləri, rezident və tələbələr iştirak ediblər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında universitetdə tibb sahəsində elmi və praktiki tədbirlərin keçirilməsinin artıq ənənə halı aldığını bildirib. Tibb təhsilinin inkişafından danışan rektor müasir tələblərə cavab verən təhsil modelinin formalaşdırılması və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov isə NDU ilə səhiyyə müəssisələri arasında əməkdaşlığın əhəmiyyətindən danışıb, tələbələrin xəstəxanalarda praktiki təcrübə keçməsinin və birgə maarifləndirici tədbirlərin səhiyyənin inkişafına töhfə verdiyini qeyd edib.
Tədbirdə, həmçinin Avrasiya Qastroenteroloji Dərnəyinin sədri Yasemin Balaban, Azərbaycan Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin prezidenti Lalə Allahverdiyeva, Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri Çingiz Rəhimov, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş həkimi, baş onkoloq Azad Kərimli, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri Müşviq Həsənov və Qastrointestinal Cərrahi Dərnəyinin sədri Erdal Birol Bostancı çıxış ediblər. Çıxışlarda tədbirin elmi fikir və təcrübə mübadiləsi, yeni tibbi yanaşmaların müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Sonda tədbirin təşkilinə göstərilən dəstəyə görə iştirakçılara təşəkkür plaketləri təqdim olunub və NDU Konservatoriyasının müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.
Qeyd edək ki, üç gün davam edəcək I Naxçıvan Beynəlxalq Tibb Günləri çərçivəsində XXIII Avrasiya Qastroenteroloji Cəmiyyəti Konqresi, beynəlxalq konqreslər, kurslar, master-klaslar, praktiki kurslar, canlı endoskopik və cərrahi nümayişlər, panel müzakirələri və elmi təqdimatlar keçiriləcək. Həmçinin müxtəlif tibbi istiqamətlər üzrə müzakirələr aparılacaq və üç gün ərzində ödənişsiz tibbi aksiyalar təşkil olunacaq.

Nəşr edilib : 24.09.2026 19:12