NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Naxçıvanda gələn il üçün vergi güzəştlərinə dair yeni layihələrin icrası gözlənilir

...

"Bu gün “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eyni zamanda dözlət-biznes dialoq platformasının növbəti mərhələsi çərçivəsində görüş keçirildi. Görüş zamanı muxtar respublikanın sosial-iqtisadi inkişafını dəstəkləyən, əverişli biznes mühiti prioritetindən irəli gələrək vergi və digər dövlət dəstək tədbirləri haqqında müzakirələr aparıldı. Eyni zamanda hədəf baxışlarımız və təklif etdiyimiz yeni layihənin elementlərini sahibkarlar, dövlət qurumu nümayəndələri, eyni zamanda media nümayəndələri ilə bölüşdük. 
Məlumat üçün qeyd edim ki, Dövlət Proqramında işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulmuş vergi güzəştlərinin eynisinin Naxçıvan Muxtar Respublikasına da tətbiq edilməsi nəzərdə tutulur. Eyni zamanda sosial sığorta sahəsində də dövlət dəstək tədbirlərinin təqdim edilməsi plandadır".

“Şərq qapısı” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Naxçıvanda “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində söyləyib. 

İdarə rəisi deyib: “Hazırkı müzakirə məhz vergi güzəştləri ilə bağlıdır. Vergi güzəştləri Naxçıvan rezidentlərinə münasibətdə tətbiq ediləcək. Kimdir Naxçıvan rezidenti? Naxçıvan rezidenti muxtar respublikada qeydiyyata alınan, orada fəaliyyət göstərən sahibkarlıq subyektidir. Bu gün təklif etdiyimiz və danışdığımız mövzuda maliyyə institutları istisna olmaqla real sektorun iştirakçıları yəni ticarətçilər, istehsalçılar, xidmət sahəsində fəaliyyət göstərən şirkətlər və digərləri üçün  mənfəət, gəlir, əmlak, torpaq vergiləri üzrə tam həcmdə 10 il müddətində vergidən azad olunma təklif edilir. Eyni zamanda sahibkarlıq subyektlərinin idxal etdikləri texnika, texnoloji avadanlıqların idxalının əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur”.

Nicat İmanov qeyd edib ki, bütövlükdə, əsas məqsəd məhz Naxçıvan Muxtar Respublikasının mövcud və sonradan yeni yaranacaq vergiödəyicilərinə vergi güzəştləri verməklə onlar üçün əlverişli vergi mühitini təmin etmək, biznes subyektlərinin mənfəətliliyinə şərait yaratmaq, yəni vergi yolu ilə dəstək verilməkdir. Eyni zamanda biznes subyektləri tərəfindən öz sahibkarlıq fəaliyyətini inkişaf etdirməklə ümumi iqtisadi sferaya inteqrasiyasını tam təmin etmək və məşğulluğun təmini, əhalinin rifahının, maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaratmaqdır. Layihələr Prezidentin səlahiyyətli nümayəndəsinin və Naxçıvan hökumətinin təklifləri əsasında, eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət qurumları ilə müzakirə edilərək, qarşılıqlı olaraq razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. İcrası növbəti il üçün gözlənilir. Təbii ki, proses müzakirədədir. Qısa müddətə həlli istiqamətində növbəti addımlar gözlənilir. 

Nail ƏSGƏROV

Nəşr edilib : 06.12.2024 15:22