NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

Naxçıvanda cüdoçular üçün dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan keçirilib

...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Cüdo Federasiyası tərəfindən muxtar respublikada fəaliyyət göstərən cüdo məşqçiləri üçün dan dərəcələri üzrə üç moduldan ibarət seminar və imtahan təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, iyunun 30-da start götürən seminarların sonunda iştirakçılar imtahan veriblər. ACF təhsil şöbəsinin əməkdaşları İbrahim Aslanov və Elçin Mayılov iyulun 3-dək davam edən proses zamanı dan dərəcələrinin verilməsi qaydaları haqqında məlumat verib, imtahana hazırlıqla bağlı nəzəri və praktiki biliklərini bölüşüblər. Sonuncu gün iştirakçılar həmin mütəxəssislərin qarşısında imtahan veriblər. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq tələbləri uğurla yerinə yetirən məşqçilərə ACF tərəfindən dan dərəcələri üzrə sertifikat təqdim olunacaq. 

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq və məşqçi sertifikatlaşdırması üçün zəruri hesab olunur. Tədbirin əsas məqsədi dan sistemi üzrə məşqçilərin bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də onların inkişafına dəstək verməkdir.

Nəşr edilib : 03.07.2026 16:35