Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Bu gün Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə “Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası” mövzusunda hüquqi-maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Strateji planlaşdırma və monitorinq şöbəsinin baş inspektoru ədliyyə mayoru Rasim Xudaverdiyev cəza siyasətinin əsas məqsədlərindən birinin cəzaçəkən şəxslərin islah olunaraq cəmiyyətə faydalı üzv kimi geri qaytarılması olduğunu vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə şöbəsinin böyük məsləhətçisi İmran Hüseynov çıxışında bildirib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin hüquqlarının təmin olunması və onların cəmiyyətə hazırlıqlı şəkildə adaptasiyası insan hüquqları sahəsində əsas prioritetlərdəndir. O qeyd edib ki, hüquqi-maarifləndirmə tədbirləri məhz bu məqsədə xidmət edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nazirlik Aparatının Əlillik siyasəti şöbəsinin Çağırışçıların yekun tibbi müayinəsi sektoru sektor müdiri Əjdərəli Qafarov tədbirdə çıxış edərək bildirib ki, nazirlik tərəfindən cəzaçəkən şəxslərə sosial dəstək, peşə hazırlığı və reabilitasiya istiqamətində bir sıra proqramlar həyata keçirilir. Məqsəd onların cəza müddəti başa çatdıqdan sonra əmək bazarına inteqrasiyasını asanlaşdırmaq və sosial adaptasiyanı təmin etməkdir.
Daha sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının İnsan hüquqlarının müdafiəsi və hüquqi-maarifləndirmə şöbəsinin baş məsləhətçisi Həsən Həsənov və Sosial təminat və övladlığagötürmə siyasəti sektorunun baş məsləhətçisi Araz İbrahimov çıxış edərək penitensiar müəssisələrdə hüquqi-maarifləndirmənin əhəmiyyəti, bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən görülən işlər və həyata keçirilən monitorinqlər barədə ətraflı məlumat veriblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə yanaşı, cəzaçəkən şəxslər də iştirak ediblər. Onlara mövzu ilə bağlı hüquqi və sosial adaptasiya məsələləri üzrə ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Maarifləndirmə tədbirinin sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçıların təklifləri dinlənilib.
Bu cür tədbirlər Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının müdafiəsi və penitensiar sistemdə sosial reinteqrasiyanın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin tərkib hissəsidir.
Digər xəbərlər