NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

İsveçdə “Nuhun izləri” sənədli filminin təqdimatı keçirilib

...

 İsveçin paytaxtı Stokholmda tanınmış isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Nuhun izləri” sənədli filminin premyerası keçirilib.

8 Noyabr – Zəfər Gününə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə bildirilib ki, “Nuhun izləri” filmi Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının layihəsi çərçivəsində Naxçıvanda çəkilib. Film Naxçıvan və onun qədim tarixindən bəhs edir.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Zaur Əhmədov qeyd edib ki, Azərbaycan xalqı bu günlərdə iki mühüm hadisəni – Zəfər Bayramı və Naxçıvan Muxtar Respublikasının 100 illiyini qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında əldə olunan zəfər yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasına imkan verib. “Azərbaycan mədəniyyətinin əsl vurğunu olan əziz dostumuz Mikael Silkeberq Naxçıvana onun zəngin mədəniyyətini və tarixini şəxsən öyrənmək və möhtəşəm sənədli film çəkmək üçün səfər etmişdir”, – deyə diplomat bildirib.

O həmçinin məlumat verib ki, bu, Mikael Silkeberqin Azərbaycana həsr etdiyi üçüncü filmdir. Digər iki film – “Xarıbülbül əfsanəsi” və “Odinin kodu” cümə axşamı, 7 noyabrda Parisdə nümayiş olunacaq.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi yüksək səviyyədə qeyd edilir. Yeni film də Naxçıvanın mədəni irsinin qorunmasına verilən dəyərin daha bir ifadəsidir.

Filmin quruluşçu rejissoru Rəhim Sadıxbəyli çıxış edərək filmin çəkilişlərində iştirak edən Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivinə və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrin İsveçdə akkreditə olunmuş diplomatları, diaspor nümayəndələri, yerli KİV nümayəndələri və xarici qonaqlar iştirak ediblər.      

Nəşr edilib : 07.11.2024 12:46