Səfirlik: ABŞ-ın Azərbaycan vətəndaşları üçün bütü...
14:10 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Bazar mülkiyyətçisi olan vergi ödəyicilərinin vəzifələri” mövzusunda görüş keçirilib.
Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, görüş vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, sahibkarların qarşılaşdıqları vergi riskləri və elektron xidmətlərdən istifadə ilə bağlı olub.
Görüşdə bildirilib ki, qanunvericiliyə əsasən bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkündür. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergiödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.
Qeyd olunub ki, qanunvericiliyin yeni tələblərinə əsasən bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi nəzərdə tutulur. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil. Bundan başqa, bazarların mülkiyyətçiləri tərəfindən qanun qüvvəyə mindikdən sonra növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.
Vurğulanıb ki, qanunvericilikdə edilmiş bu dəyişikliklərə əməl edilməsi qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə, dövlət büdcəsinə ödənişlərin tam və vaxtında həyata keçirilməsinə, eləcə də istehlakçı hüquqlarının təmin olunmasına töhfə verəcək. Bazarlarda uçotsuz fəaliyyət göstərən şəxslərin qarşısının alınması, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə gətirib çıxarır, bazar mülkiyyətçisi bazarın qanunauyğun şəkildə fəaliyyət göstərməsində maraqlı olur və şəffaflaşma prosesi təmin edilir.
Sonra sahibkarları maraqlandıran suallar cavablandırlıb, mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.
Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər 1 oktyabr 2025-ci tarixdən tətbiq ediləcək.
Digər xəbərlər