NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Naxçıvanda baramaçılığın inkişafı məqsədilə salınan tut bağlarında aqrotexniki tədbirlər həyata keçirilib

...

Muxtar respublikanın rayonlarında həyata keçirilən tədbirlər çərçivəsində tut bağlarına aqrotexniki qulluq göstərilməklə budama işləri aparılıb, faiz nisbətilə kiçik həcmdə qurumuş bitkilər eyni növ tinglərlə əvəz edilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr sırasında baramaçılıq və ipəkçiliyin inkişafı prioritet kimi qeyd edilib.
Proqramın icrasına uyğun olaraq baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə ötən dövrdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, eləcə də rayon və şəhər icra hakimiyyətlərinin vasitəsilə yeni tut bağları salınıb, 20 min tut tingi əkilib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müsabiqəsi vasitəsilə alınan 18 min 381 tut tinginin də muxtar respublikanın bütün bölgələrində əkini aparılıb.
Qeyd edək ki, ötən il 30 qutu əsasında barama istehsal olunub. Cari ildə isə 40 qutu ipəkqurdu toxumunun gətirilməsi planlaşdırılır.

Nəşr edilib : 07.04.2025 16:28