NAXÇIVAN :

02 Iyul 2026, Cümə axşamı

Naxçıvanda “Autizmi hiss et” aksiyası keçirilib

...

İyulun 2-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Autizmi hiss et” adlı aksiya keçirilib.
"Şərq qapısı" xəbər verir ki, “Saat Meydanı”nda təşkil olunan tədbirin rəsmi hissəsində çıxış edənlər autizm haqqında ictimai maarifləndirmənin artırılmasının, autizmli şəxslərin cəmiyyətə inteqrasiyasının və inklüziv mühitin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Aksiyanın bədii hissəsində autizmli və digər uşaqların iştirakı ilə musiqi və rəqs nömrələri təqdim olunub, həmçinin autizmli uşaqların rəsm və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Tədbir çərçivəsində iştirakçılar VR (virtual reallıq) texnologiyası vasitəsilə autizmli uşaqların gündəlik həyatda üzləşdikləri çətinliklərlə tanış olub, maarifləndirici guşələri ziyarət edib, dəstək mesajları yazılan lövhə və inklüzivlik mövzusunda hazırlanmış fotozonadan istifadə ediblər. Aksiyanın təşkilinə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də dəstək göstəriblər.
Qeyd edək ki, aksiyanın əsas məqsədi autizm haqqında ictimai məlumatlılığı artırmaq, cəmiyyətdə empatiya və anlayışı gücləndirmək, inklüzivliyi təşviq etmək və autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək olub.

Nəşr edilib : 02.07.2026 19:13