Culfa rayonunda yerləşən “Gülüstan” qum-çınqıl yat...
17:50 19.05.2025
0
0
0
NAXÇIVAN :
19 May 2025, Bazar ertəsi
Mayın 19-da Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.
Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan ordu sahəsindəki islahatların bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr zəfərinin tarixi önəmindən danışıb.
İcra başçısı qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri apardığına diqqətçəkən icra başçısı, tarixi Zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, 8 Noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status-kvonu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı bir nəfər kimi öz dövlətinin, öz Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz Vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.
Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da çıxış edib, 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar. Tarixi zəfərin suverenliyimizin qarantı olduğu vurğulanıb, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə də diqqət çəkilib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atılacağına inam ifadə edilib.
Digər xəbərlər