NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Naxçıvanda 20 oktyabr – Energetiklər Günü ilə bağlı tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində 20 oktyabr – Energetiklər Günü münasibətilə tədbir keçirilib.
Xidmətin əməkdaşları öncə Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Sonra xidmətin əməkdaşları Heydər Əliyev Muzeyini ziyarət edib. Xidmətin əməkdaşları Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla yaxından tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.
Xidmətdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov çıxış edərək energetiklərin muxtar respublikanın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. O, muxtar respublikada enerji təminatının dayanıqlılığının və keyfiyyətinin artırılması sahəsində aparılan işlərdən danışaraq bu gün də energetiklərin əzmkarlıqla öz peşə borclarını yerinə yetirdiklərini qeyd edib.
Xidmətin rəis müavini Tural Murtuzəliyev qeyd edib ki, ölkə başçısının ötən gün imzaladığı müvafiq Sərəncamla xidmətin üç əməkdaşı Tərəqqi medalına layiq görülüb. 
Çıxışlarda Naxçıvanın elektrik enerjisi ilə təminatında əldə olunan uğurlardan, enerji səmərəliliyinin artırılması üçün görülən işlərdən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələrdən bəhs olunub. 
Həmçinin muxtar respublikada "yaşıl enerji"nin inkişafı üzrə nəzərdə tutulan strategiyalara xüsusi diqqət yetirilib.
Tədbirin sonunda energetika sahəsində uzun illər səmərəli fəaliyyət göstərən bir sıra işçilər fəxri fərmanlarla təltif olunub.  
Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdirərək günü birlikdə qeyd ediblər.

Nəşr edilib : 20.10.2024 13:20