Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Naxçıvanda keçirilən “Suverenlik kuboku” uğrunda gedən yarış böyük ümidlərin və gələcək planların da müzakirə olunduğu turnir kimi yadda qaldı. Meydanda gedən mübarizə qədər yarışdan sonra səslənən fikirlər də Naxçıvan və ümumilikdə, Azərbaycan voleybolunun hansı istiqamətdə inkişaf etdiyini göstərdi. Məşqçilərin çıxışları bir daha təsdiqlədi ki, bu turnirin əsas qazancı nəticələrdən çox qazanılan təcrübə və formalaşan perspektivlərdir.
“Gənc Milli Qızlar” komandasının baş məşqçisi Şahin Çatma turnirin əsas məqsədinin nəticədən daha çox inkişaf olduğunu vurğuladı. Onun sözlərinə görə, bu yarışda qalib və ya məğlub anlayışı ikinci plandadır: “Məqsədimiz Azərbaycan voleybolunun inkişafını daha yüksək səviyyəyə çatdırmaqdır. Burada əsas olan komandaların yarışması və təcrübə qazanmasıdır. Bu gün burada qalib və ya məğlub yoxdur. Əsas məqsəd Naxçıvan voleybolunun daha da yüksəlməsidir. Naxçıvan voleybolu nə qədər irəliləsə, Azərbaycan voleybolu da bir o qədər yüksələcək. Bu günün qalibi məhz Azərbaycan voleyboludur”.
Şahin Çatma son illər voleybolda müşahidə olunan inkişafın təsadüfi olmadığını bildirib. O bu istiqamətdə göstərilən dəstəyə görə Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə təşəkkür edib və xüsusilə infrastruktur işlərinin vacibliyini qeyd edib: “Alt struktur işləri, adətən, görünmür, amma ölkənin gələcəyini məhz bu işlər formalaşdırır. Biz bu prosesi illər əvvəl Türkiyədə də həyata keçirmişdik və bu gün Türkiyə voleybolunun hansı səviyyədə olduğu hər kəsə bəllidir. Burada da eyni yanaşma tətbiq olunur. Federasiya rəhbərliyi bizə böyük dəstək verir və əməyimizi yüksək qiymətləndirir”.
Baş məşqçi gənc voleybolçulara olan inamını da gizlətməyib və onların gələcəkdə Azərbaycan Bayrağını beynəlxalq arenalarda layiqincə təmsil edəcəklərinə əmin olduğunu bildirib. O eyni zamanda Naxçıvan komandasının çıxışını da yüksək qiymətləndirib:
“Biz buraya xüsusi hazırlıqla gəlməmişdik. Komandamız Super Liqada çoxlu oyun keçirir. Naxçıvan komandası isə nisbətən az oyun təcrübəsinə malikdir. Buna baxmayaraq, çox əzmkar və yaxşı oyun göstərdilər”.
Naxçıvan voleybol komandasının baş məşqçisi Səməd Əkbəri isə yarışın Naxçıvan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, milli komanda ilə qarşılaşmaq yerli oyunçular üçün böyük təcrübə olub: “Bu gün Naxçıvan komandası yığma milli komanda ilə mübarizə apardı. Tribunlarda naxçıvanlıların böyük dəstəyini hiss etdik. Bildiyiniz kimi, milli komanda ölkəmizi təmsil edir və bu baxımdan əldə olunan nəticə Naxçıvan üçün böyük uğurdur”.
Səməd Əkbəri oğlanlardan ibarət Naxçıvan komandasının turnirdə üçüncü yer tutduğunu xatırladaraq bunun arxasında obyektiv səbəblərin dayandığını da qeyd edib. Onun sözlərinə görə, bəzi oyunçuların milli komandada çıxış etməsi heyətdə dəyişikliklərə səbəb olub. Buna baxmayaraq, komandanın göstərdiyi nəticə gələcək üçün ümidvericidir:
“Bu nəticə onu göstərir ki, həm qızlar, həm də oğlanlar milli komandadan sonra da yüksək səviyyədə oynamaq potensialına malikdirlər”.
Turnirdə iştirak edən Türkiyənin “Altınordu” komandasının baş məşqçisi Onur İşıkçı isə Naxçıvanla bağlı təəssüratlarını bölüşərək şəhəri çox bəyəndiyini bildirib. Onun sözlərinə görə, burada özünü yad ölkədə deyil, sanki doğma mühitdə hiss edib: “Burada özümü sanki öz ölkəmdə hiss etdim. Şəhər çox gözəldir, küçələr geniş və təmizdir, insanlar isə son dərəcə səmimi və mehribandır”.
Onur İşıkçı Azərbaycan və Türkiyənin birliyinə də xüsusi toxunaraq vurğulayıb ki, bu cür turnirlər qardaşlıq münasibətlərini daha da möhkəmləndirir. O, yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Elnurə CƏFƏROVA
Digər xəbərlər