Valideyn Sona Əliyeva: “Ali təhsilli övladlarımız ...
16:30 22.06.2025
0
0
0
NAXÇIVAN :
22 Iyun 2025, Bazar
“Şərq qapısı” qəzeti ilə hələ 9-cu sinifdə oxuyarkən əməkdaşlığa başlamış Sarvan İbrahimov o illərə qayıdır: “1967-68-ci illərdə yazılarım dərc olunardı. Məktəbli kimi bu məni çox həvəsləndirirdi. O zaman qəzetin baş redaktoru Rəşid Qazıbəyov idi. Atam Hüseyn İbrahimov da 60-cı illərdə qəzetə rəhbərlik etmişdi. Odur ki, “Şərq qapısı” bizim ailə üçün hər zaman doğma olub, heç vaxt əlaqələri kəsməmişik. İstər oxucu kimi, istərsə də müəllif kimi”. Sarvan müəllim redaksiyamıza bu dəfə də əliboş gəlməmişdi. Ana babasının ömür yolunu arxiv sənədləri əsasında yazdığı “Mirzə Ələkbər Süleymanov: maarif fədaisi, teatr xadimi” adlı kitabını redaksiyamıza hədiyyə gətirmişdi. Sarvan İbrahimov deyir ki, 1878-ci ildə Çernyayevski uşaqları təhsilə cəlb etmək üçün Naxçıvana gəlib. Qori Müəllimlər Seminariyasında oxumağı seçənlərdən biri də məhz babası Mirzə Ələkbər Süleymanov olub. Seminariyanı bitirdikdən sonra Naxçıvanda yeni üsullu məktəblərin açılmasında xidmətlər göstərib. “Bu kitabı nəşr etməklə örnək ömür yolunu gənclərə çatdırmaq istədim”, – deyir Sarvan İbrahimov. Ziyalı mühitdə, Xalq yazıçısı Hüseyn İbrahimovun ailəsində böyüyən müsahibimiz mədəniyyət sahəsində 25 il çalışıb. 10 il Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə rəhbərlik edib. Ona ilk sualımız da Azərbaycan ictimai fikir tarixində Naxçıvan və mədəni mühiti barədə oldu.
– Dünyanın ən qədim məskənlərindən biri kimi Naxçıvan diyarı həm də ilklərlə doludur. Təbiətin ilkləri ilə yanaşı, Şərqdə ilk memarlıq məktəbi, nücum elmi, ilk realist rəssamlıq məktəbi, realist şeir nümunələri, tarixi roman məktəbi, tragikomediya mövzusunda olan tamaşalar, Atabəylər dövrünə aid dövlətçilik ənənələri və sair mənəvi, tarixi, maddi nümunələr Naxçıvanı fərqləndirmiş, bu zəngin diyara olan elmi marağı artırmış, alimlərin tədqiqat təfəkkürünü həmişə qaynaqlandırmışdır. Müəllifi məlum olmayan, Naxçıvan barədə yazılmış tarixi “Əcaib-əd-dünya” əsərində Naxçıvanın ümumi həyatı haqqında olan maraqlı məlumatlar elmi, tarixi nöqteyi-nəzərdən böyük dəyərə malikdir.
– Gəmiqaya, Nuh Peyğəmbərin qəbri, Duz dağı, böyük memar Əcəminin daş, sənət yadigarları, ulu dağların sinəsindəki yaşayış yerləri, mixi yazılar, daş qoç heykəlləri, sənət, ədəbi nümunələr və sair Naxçıvan diyarının qiymətli, əbədi, pozulmaz tarixidir. Bu diyar tarixin bütün dönəmlərində öz əzmkarlığını, yurda, torpağa sədaqətini uca tutmuş, təlatümlərə, çətinliklərə sinə gərərək həyata, dövrana layiq mənəvi, maddi, ölməz əsərlər yaratmışdır.
Böyük Əcəmi demişkən: “Təlatüm içrə bir sükunətdə daim ruzigar, biz gedərik, fəqət əsər qalar yadigar”. Bəli, təbiətdə, sənətdə yaradılan əsərlər bu yurdun qədirbilən insanları tərəfindən qorunmuş, mühafizə edilmiş, ona yeni, əbədi naxışlar vuraraq bu günümüzə qədər yaşatmış və yaşadırlar.
Qədim Naxçıvanın bütün dövrlərini yüksək qiymətləndirərək, dəyərləndirərək, bizə miras qalmış tarixi uca tutmaqla müstəqillik illərində qazandığımız uğurlara, nailiyyətlərə nəzər yetirmək bir növ keçmişimizə hesabat vermək qədər dəyərlidir.
“... Müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir. Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir...” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu müdrik qənaəti doğma Azərbaycanımızın inkişafı, tərəqqisi, qələbələrlə, zəfərlərlə dolu olan xoşbəxt, firavan günlərlə həmahəng səslənir.
– Müstəqillik illərinin əvvəllərində Naxçıvan mədəni mühitini necə səciyyələndirərsiniz?
– Ölkəmizin ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının həyatında müstəqillik illəri silinməz, əbədi reallıqlarla zəngindir. Ulu Öndərin 1990-cı ilin iyun ayında Naxçıvana gəlməsi, burada yaşayıb fəaliyyət göstərməsi, 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Naxçıvan diyarını o dövrün burulğanlarından, sözün əsl mənasında, xilas etdi.
O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki müstəqilliyə gedən yol məhz o dövrdə Naxçıvandan başlamışdı. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi qaldırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi, 1991-1993-cü illərdə Azərbaycanın səriştəsiz rəhbərliyinin, ayrı-ayrı qrupların və şəxslərin mənafelərinə xidmət edən siyasətin dövlətə ağır zərbələr vurduğu bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən Ulu Öndərin iştirakı ilə keçirilən sessiyaların hər biri Azərbaycan xalqının gələcəyi naminə atılan addım idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himninin, gerbinin bərpası ilə Azərbaycanın suverenliyinin əsasını qoyan, müstəqilliyimizin qarantı olduğunu bildirən Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan qərarlar bir xilaskarlıq missiyası idi. Dahi rəhbər Naxçıvanda olarkən daxili düşmənlərin, bədniyyətli, qərəzli əməllərinin qarşısını almaqla da suverenliyimizin əbədiliyini təmin etdi. Bu tarix bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə həmahəng səslənir.
– Naxçıvanda mədəni mühitin inkişafına Ulu Öndər böyük qayğı ilə yanaşırdı. Bununla bağlı nə deyərdiniz?
– Ulu Öndər Naxçıvanda fəaliyyət göstərdiyi illərdə mədəni mühiti diqqət mərkəzində saxlayır, muzeylərlə, teatr tamaşaları ilə maraqlanır, Bakıdan qastrola gəlmiş müğənnilərin konsertində iştirak edirdi. Ulu Öndər Hüseyn Cavidin 110 illik yubiley tədbirində iştirak və çıxışı ilə dahi mütəfəkkirə öz ehtiramını göstərdi. Həmin illərdə Naxçıvan teatrı, həqiqətən, böyük fədakarlıqla çalışırdı. Çətinliklərə baxmayaraq, 1990-1996-cı illərdə “Aydın”, (C.Cabbarlı), “Özümüz bilərik” (Ş.Qurbanov), “Şəhidlər” (R.Səməndər), “Ürək çalanlar” (M.S.Ordubadi), “Xeyir və Şər” (İ.Səfərli) “Anamın kitabı”, (C.Məmmədquluzadə), “İtilənən xəncərlər” (H.Arzulu), ümumiyyətlə, on beş əsər hazırlanaraq tamaşaçılara təqdim olunmuş, qastrol tamaşaları təşkil edilmiş, maddi və mənəvi sıxıntılara baxmayaraq, digər dövlət tədbirləri, konsertlər yüksək səviyyədə keçirilmişdir.
Hazırda muxtar respublikamızda 289 kitabxana, 233 mədəniyyət evi və klub, 3 dövlət teatrı, 5 xalq teatrı, 2 dövlət filarmoniyası, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi, Dövlət Film Fondu, yaradıcı təşkilatlar, folklor kollektivləri fəaliyyət göstərir. Qədim diyarımızın ərazisində 1200-dən çox dövlət tərəfindən mühafizə olunan tarix, mədəniyyət və arxeoloji abidə mövcuddur. Abidələr qayğı ilə qorunur, onların siyahıya alınması barədə kitabın nəşr olunması dünya, ölkə və yerli əhəmiyyətli abidələr kimi tanınması mühüm əhəmiyyət kəsb edir. Müqayisə üçün demək olar ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikasında 13 muzey var idisə, hazırda qədim diyarımızda 28 müxtəlif profilli muzey və rəsm qalereyası fəaliyyət göstərir. Təkcə Naxçıvan şəhərində 12 muzey hər gün ziyarət edilir.
Şahtaxtinskilər Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Gəmiqaya Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xalq şairi Məmməd Arazın ev-muzeyi, Dövlət Bayrağı Meydanı və Muzeyi, Məhəmməd Tağı Sidqinin ev-muzeyi, müstəqillik illərinin ən qiymətli yadigarları sırasındadır. Bu muzeylər xalqımızın milli sərvəti hesab olunur.
– Teatrla sıx əlaqələriniz var, hətta bu il tamaşaya qoyulan Qriqori Qorinin “Herostratı unudun!” tamaşası ilə bağlı qəzetdə resenziyanız da dərc olunmuşdu. Qeyd etmişdiniz ki, Naxçıvan teatrı teatrın qədim tarixinə yeni bir tamaşanın adını yazdırdı.
– Müstəqillik illərində öz fəaliyyətini daha da inkişaf etdirən incəsənət sahələrindən biri də Naxçıvan Dövlət Milli Dram Teatrıdır. Qədim ənənələrə malik olan teatr bu illər ərzində bir-birindən mənalı, teatrsevərlərin zövqünü oxşayan əsərləri səhnəyə qoymağa müvəffəq olmuşdur. Ötən illərdə teatr binası yüksək səviyyədə təmir edilmiş, bu sənət ocağının maddi-texniki bazası daha da yaxşılaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 31 yanvar tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi təntənə ilə qeyd edilmişdir.
Naxçıvan teatrının, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının beynəlxalq teatr tədbirlərində dəfələrlə iştirakı, qastrol tamaşaları bu mədəniyyət müəssisələrinin hərtərəfli fəaliyyətindən xəbər verir.
2006-cı ildə yaradılmış Naxçıvan Dövlət Uşaq Teatrı bu günə qədər öz səhnəsində göstərdiyi tamaşalarla balaca teatrsevərlərin dərin rəğbətini qazanmışdır.
Naxçıvan teatrı bu gün özünün yeni inkişaf mərhələsindədir. Teatra son illərdə gənc istedadların axını, teatrın gənc baş rejissoru Mir Qabil Əkbərovun fəaliyyəti bu sənət ocağında böyük dəyişikliklərə səbəb olmuşdur. Teatrın ümumi həyatı, sənəti təbliğ etmək formaları dəyişmiş, bir-birinin ardınca keyfiyyətli əsərlərin tamaşaya qoyulması teatra gələn tamaşaçıların sayını xeyli artırmışdır.
– Musiqi kollektivlərinin fəaliyyətini necə, qənaətbəxş saymaq olarmı?
– Müstəqillik illərində Naxçıvanın musiqi həyatında da mühüm dəyişikliklər baş vermişdir. Hazırda filarmoniyada mahnı və rəqs ansamblı, kamera orkestri, estrada orkestri, xor kollektivi fəaliyyət göstərir. Əvvəllər Araz Dövlət Mahnı və Rəqs Ansamblı kimi fəaliyyət göstərən bu kollektiv mövcudluğu dövründə inkişaf edərək tanınmış bir incəsənət müəssisəsinə çevrilmiş, muxtar respublikamızın sərhədlərindən kənarda da tanınmışdır. Kollektiv indiyədək bir çox xarici ölkələrdə qastrol səfərlərində, tədbirlərdə olmuş, Türkmənistanda keçirilən Azərbaycan mədəniyyəti günlərində doğma respublikamızı şərəflə təmsil etmişdir. Filarmoniyanın solistlərinin uğurlu çıxışı Xalq artisti, Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru Teymur Göyçəyevin nəzərini cəlb etmiş və onun dəvəti ilə filarmoniyanın solistləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, Elçin Nağıyev, Mübariz Əsgərov kamera orkestrinə dəvət olunmuş və məşqlərdən sonra Naxçıvan filarmoniyasının həmin solistləri T.Göyçəyevin dirijorluğu və kamera orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Gəncə Dövlət Filarmoniyasının səhnəsində maraqlı, zəngin repertuarla çıxış etmişlər.
Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yaradılması, Şərur Xalq Yallı Ansamblının, “Şərur qönçələri” uşaq yallı ansamblının, “Gülümhey” folklor qrupunun fəaliyyətinin daha da yaxşılaşdırılması xüsusi qeyd olunmalıdır.
– Mədəniyyətin təbliği istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
– Müstəqillik illərində Naxçıvan Mədəniyyət Nazirliyinin xətti ilə yüksək poliqrafiya səviyyəsində 40-dan çox müxtəlif adda bukletlər və muxtar respublikanın sənətinə, mədəniyyət tarixinə aid kitablar hazırlanmış, satışa və kitabxanalara verilmişdir. “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan milli geyimləri”, “Naxçıvan tikmələri”, “Naxçıvan mətbəxi”, “Azərbaycan xalçaları. Naxçıvan qrupu”, “Naxçıvan xalçaları”, “Naxçıvan: 1924-2014”, “Naxçıvan-Şərur el yallıları” Naxçıvan diyarının qədim mədəniyyətini, incəsənətini, görməli, gəzməli yerlərini təbliğ etmək baxımından mühüm əhəmiyyətə malikdir.
2009-cu il oktyabrın 14-də Bakıda təşkil edilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması muxtar respublikamızın tarixinə, elminə, mədəniyyətinə, incəsənətinə verilən qiyməti oldu. Bu etimadı doğrultmaq üçün muxtar respublikada yaddaqalan, maraqlı tədbirlər həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda mədəniyyətin bütün sahələrinin inkişafının diqqət mərkəzində saxlanıldığını yüksək dəyərləndirən Sarvan İbrahimov adıçəkilən sahənin inkişafına mühüm töhfə olacağını bildirib: “Dövlət Proqramında bəzi abidələrdə və muzeylərdə, onların yerləşdikləri ərazilərdə təmir-bərpa işləri nəzərdə tutulub. Bu baxımdan Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 may tarixli Sərəncamı tariximizə, keçmişimizə, mədəniyyətimizə, milli dəyərlərimizə sevginin ən ali nümunəsidir. Tarixi yadigarlarımız olan bütün abidələr muxtar respublikamıza gələn turistlərin, qonaqların maraqla izlədiyi və təbliğ etdikləri vacib obyektlər, məkanlar sırasındadır. Son illərdə bu abidələrin yerləşdiyi ərazilərdə həyata keçirilən yerli və beynəlxalq tədbirlər muxtar respublikamızın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir”.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər