Əhliman Əmiraslanov: Türk dünyası mütəxəssislərini...
16:04 04.09.2026
0
0
0
NAXÇIVAN :
04 Sentyabr 2026, Cümə
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu siyasətin mühüm istiqamətlərindən biri ölkənin müxtəlif bölgələrində sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasıdır. Həmin siyasət artıq nəticələrini verir. 2026-cı ilin birinci yarısında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 1 milyard 940 milyon manat olub. Bu dövrdə istehsal olunan məhsulların 554,7 milyon manatlıq hissəsi ixrac edilib.
"Şərq qapısı" xəbər verir ki, artıq Azərbaycanın sənaye zonalarının inkişafında yeni mərhələ başlayır. Belə ki, bu ilin 11 avqust tarixində Naxçıvan Sənaye Parkının təməli qoyulub. Burada istehsal, emal və təkrar emal sahələri, habelə xidmətlər üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.
Sənaye Parkında kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri sənayesi, qablaşdırma məhsulları, kağız və kağız məmulatlarının istehsalı istiqamətlərində layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Parkın ərazisində istehsal binaları ilə yanaşı, inzibati bina, idman və sağlamlıq mərkəzinin daxil olduğu sosial zona, təmir emalatxanası, anbar binası, TIR parkı və logistika mərkəzinin yaradılması planlaşdırılır.
Naxçıvan Sənaye Parkında digər sənaye parklarında olduğu kimi sahibkarların fəaliyyətinin təşviqi məqsədilə geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq. Belə ki, Parkın rezidentləri dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla təmin olunacaqlar. Bu infrastruktura qaz, elektrik enerjisi, su və kanalizasiya sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin müasir rabitə xətləri daxildir. Bundan əlavə, sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad olunurlar. İstehsal məqsədləri üçün idxal olunan texnika və avadanlıqlar isə ƏDV və gömrük rüsumlarından azad edilir.
Naxçıvan sərhəddə yerləşməsi ilə Azərbaycanın digər regionlarından fərqlənən strateji mövqeyə malikdir. Bu coğrafi yerləşmə regionu yalnız Azərbaycanın daxili bazarına deyil, eyni zamanda, xarici bazarlara çıxış baxımından maraqlı investisiya məkanına çevirir. İnvestor üçün burada əsas üstünlük yalnız məhsul istehsal etmək deyil, istehsalı regional bazarlara yaxın ərazidə təşkil etməkdir. Sahibkar Naxçıvanda istehsal xətti quraraq məhsullarını yerli bazarla məhdudlaşdırmadan xarici bazarlara çıxarmaq imkanlarını nəzərdən keçirə bilər. Bu baxımdan Naxçıvanın üstünlüyü onun istehsal və ticarət arasında körpü rolunu oynaya bilməsidir. Bir tərəfdən regionun yerli xammal və istehsal potensialından istifadə etmək, digər tərəfdən isə qonşu dövlətlər ilə ticarət əlaqələrindən yararlanmaq mümkündür.
Naxçıvan Sənaye Parkının strateji əhəmiyyətini artıran əsas amillərdən biri onun regionun gələcək nəqliyyat və logistika imkanları ilə sıx bağlı olmasıdır. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın iqtisadi və coğrafi mövqeyinə yeni dinamika qazandıra bilər. Dəhlizin istifadəyə verilməsi ilə Naxçıvanın regionun beynəlxalq nəqliyyat və logistika marşrutlarındakı rolu da əhəmiyyətli dərəcədə arta bilər.
Bu baxımdan Naxçıvan Sənaye Parkına yalnız istehsal müəssisələrinin cəmləşdiyi sənaye zonası kimi yanaşmaq kifayət deyil. Parkın gələcək potensialını qiymətləndirərkən onun nəqliyyat-logistika imkanları ilə birlikdə nəzərdən keçirilməsi daha doğru yanaşmadır. Zəngəzur dəhlizinin açılması Naxçıvanın yükdaşımalar, anbar-logistika xidmətləri, tranzit və regional ticarət baxımından mövqeyini gücləndirə bilər.
Digər mühüm amil Naxçıvanın nəqliyyat və logistika potensialının gələcəkdə genişlənməsi ilə bağlıdır. Zəngəzur dəhlizi Naxçıvanın təkcə Azərbaycanın digər bölgələri ilə əlaqəsini gücləndirən nəqliyyat xətti deyil, həm də regionun daha geniş Avrasiya nəqliyyat şəbəkəsinə inteqrasiyasını sürətləndirə biləcək layihə kimi qiymətləndirilir. Bu kontekstdə Naxçıvanın sərhəddə yerləşməsi də onun regional ticarət və logistika imkanlarını artıran mühüm üstünlükdür.
Daha geniş regional perspektivdən yanaşdıqda isə Naxçıvanın Orta Dəhliz üzrə formalaşan nəqliyyat bağlantılarında potensial rolunu da nəzərə almaq lazımdır. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan Avropa istiqamətində yük axınlarının Cənubi Qafqaz və Xəzər üzərindən daşınmasını nəzərdə tutan mühüm marşrutlardan biridir. Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın bu daha geniş nəqliyyat sisteminə inteqrasiyası baxımından yeni imkanlar yarada bilər. Burada sənaye ilə logistikanın yaratdığı sinerji xüsusilə diqqət çəkir. Əgər sənaye parkı istehsal üçün əlverişli infrastruktur və investisiya mühiti formalaşdırırsa, nəqliyyat-logistika imkanlarının genişlənməsi həmin istehsalın bazarlara çıxışını asanlaşdırır. Park gələcəkdə Naxçıvanın istehsal, logistika və ticarət imkanlarının bir-birini tamamladığı iqtisadi hablardan birinə çevrilə bilər. Burada yaradılan istehsal müəssisələri üçün yeni bazarlara çıxış imkanlarının genişlənməsi isə regionun investisiya cəlbediciliyini də artıra bilər.
Beləliklə, Naxçıvan Sənaye Parkı üçün əsas üstünlük yalnız sənaye istehsalının təşviqi ilə məhdudlaşmır. Sənaye infrastrukturu, strateji coğrafi mövqe, xarici bazarlara yaxınlıq, gələcək nəqliyyat bağlantıları və Zəngəzur dəhlizinin yarada biləcəyi imkanların bir araya gəlməsi Naxçıvanı investorlar üçün daha geniş regional perspektivə malik iqtisadi məkana çevirə bilər.
Digər xəbərlər