Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə h...
16:30 26.11.2024
0
0
0
NAXÇIVAN :
26 Noyabr 2024, Çərşənbə axşamı
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsndə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Naxçıvan şəhər idarəsinin rəisi, polkovnik-leytenant Sultan Zamanov bildirib ki, Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə gənclərin həqiqi hərbi xidmətə yola salınması kampaniyası çərçivəsində növbəti tədbir keçirilir.
Bildirilib ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki bazasına, hərbi potensialına, döyüş imkanlarına, kadr hazırlığına və digər hərbi göstəricilərinə görə ilk sırada dayanır. Qeyd olunub ki, ordumuzun Aprel döyüşlərində, Günnüt əməliyyatında, Vətən müharibəsində, lokal xarekterli anti-terror əməliyyatlarında qazandığı qələbələr bunu bir daha sübut etdi.
Sonra çıxış edənlər ordu sıralarına yola düşən gənclərimizin Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına inandıqlarını qeyd edib və onlara müvəffəqiyyətlər arzulayıblar.
Valideynlər adından çıxış edən Sədərək döyüşləri qazisi Sahib Quliyev xidmətə yola salınan çağırışçılara tövsiyələrini verib.
Çağırışçılardan Hüseyn İmanov Vətənə ləyaqətlə xidmət edəcəklərini bildirib.
Yolasalma mərasimində valideyn Sahib Quliyevlə həmsöhbət olduq.
O bildirdi: “Sədərək döyüşlərində iki dəfə ağır yaralanmışam. Həmin illərdə ov gülləsi ilə düşmənin qarşısına çıxanda gözümüz Vətəndən başqa heç nəyi görmürdü. Canımızı fəda edirdik ki, torpaqları itirməyək. Ulu Öndərin həmin illərdə ordu-xalq birliyi yaratmağı bizə qələbə qazandırdı. Həmin illərdəki birliyə Vətən müharibəsində bir daha şahid olduq. Artıq Azərbaycan güclü dövlətdir, Ordumuz qalib. Hər bir baba kimi mən də fəxr edirəm ki, nəvəm qalib ordunun əsgəridir”.
Çağırışçı Hüseyn İmanov qeyd etdi ki, qalib ordunun sıralarında xidmət etmək hər bir azərbaycanlı gəncin qürurudur. Ali təhsilini bitirdikdən sonra Vətənə borcunu yerinə yetirməyə tələsən bir gənc kimi qüruru sonsuzdur. Vətənə şərəf və ləyaqətlə xidmət etmək əziz şəhidlərimizin də ruhunu şad edir.
Əsgər anası, Naxçıvan şəhər sakini Tərlan Əsgərova da duyğularını bizimlə bölüşdü: “Oğullarımız Vətənə xidmət borcunu ödəməyə gedir. Onlar artıq qalib bir ordunun əsgəridir. İgid oğulların açdığı yolda yürüməkdən şərəfli və əziz heç nə ola bilməz”.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər