Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının 2024-cü ilin 9 ayı üzrə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İclasda konfederasiyanın sədri Vüqar Abbasov çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən diyarımızın azad iqtisadi zonaya çevrilməsi mühüm hədəflərdən biridir. Bu məqsədlə Naxçıvanda xüsusi iqtisadi rejimin tətbiq edilməsi nəzərdə tutulur. Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qeyd olunub ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zəruri edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini ön plana çıxarır. Qeyd olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının əməkdaşı Nuray Kərimovanın da çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçib. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin iqtisadi siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Son illərdə yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırıb, idxalın həcmini isə azaldıb.
Bu gün artıq Naxçıvan Muxtar Respublikası dayanıqlı inkişafa malik, ixrac imkanlarını hər il daha da artıran müasir bir diyar kimi nüfuzlu beynəlxalq qurumların, investorların da diqqətini cəlb edir. Muxtar respublikamızda da sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür, yerli istehsalın çəkisi artırılır özəl sektorun inkişafı daim diqqətə saxlanılır. Bununla bağlı yerli sahibkarlıq subyektlərinin xarici ölkələrdə təşkil edilən kurs və biznes forumlarda iştiraka cəlb edilməsi və bu məsələ ilə bağlı onların maarifləndirilməsi konfederasiya tərəfindən nəzarətdə saxlanılır.
Sonra sahibkarlığın inkişafı istiqamətində yaranan problemlərin həll yollarının araşdırılması ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Gülcamal TAHİROVA
Digər xəbərlər