NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçirilib

...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası, Türk Dünyası Mediatorlar Birliyi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illiyi: Türkdilli dövlətlərin mediasiya islahatlarında birgə rolu” mövzusunda konfrans keçirilib. 

“Şərq qapısı” xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.

Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev ölkəmizdə mediasiya institutunun yaradılması, əhəmiyyəti barədə danışıb, konfransın Hüquq fakültəsində təhsil alan tələbələr üçün mühüm rol oynadığını vurğulayıb.

 Rektor qeyd edib ki, Türkiyə-Azərbaycan qardaşlığı regionda sülhün bərqərar olunması baxımından nümunədir. Bu qardaşlıq, dostluq bağları Türk dünyasının həmrəyliyinə mühüm töhfələr verib, 15 il bundan öncə Naxçıvanda imzalanan sazişlə Türk Dövlətləri Təşkilatının əsası qoyulub. Bu münasibətlə ötən ay Naxçıvan Dövlət Universitetində böyük konfrans keçirilib, təşkilatın Türk dünyasının birləşdirilməsi missiyasından, gələcək perspektivlərindən söhbət açılıb. 

Universitetin yaranması, inkişaf yolu, həyata keçirdiyi proqramlardan, əməkdaşlıq əlaqələrindən söhbət açan rektor bildirib ki, bu günədək universitetin Hüquq fakültəsinin 2000-ə yaxın məzunu olub. Həmin məzunlar ölkəmizin bir sıra təşkilatlarında təcrübəli hüquqşünas kimi fəaliyyət göstərirlər. Türkiyənin mediasiya sahəsində qazandığı qabaqcıl təcrübənin tələbələrlə bölüşülməsinin onların fəaliyyəti baxımından əhəmiyyətli olduğunu vurğulayan Elbrus İsayev gələcəkdə qardaş ölkənin ali təhsil ocaqlarındakı kimi, Naxçıvan Dövlət Universitetində də mediasiyaya dair xüsusi fənnin yaradılmasının məqsədəuyğunluğunu qeyd edib. 

Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov bildirib ki, ölkəmizdə mediasiya prosesinin rəsmi olaraq tətbiqinə isə 1 iyul 2021-ci ildən başlanılıb. İnstitut gənc olmasına baxmayaraq, qısa zamanda müəyyən inkişaf yolu keçib, bu sahədə xeyli iş görülüb. Mediasiya institutu bu gün ölkəmizdə nəinki məhkəmə-hüquq sistemi, eləcə də hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır, cəmiyyətin müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində ictimai sabitliyi təmin edir. Hüseyn Səfərov qeyd edib ki, belə konfrans və görüşlər gənclər arasında bu sahədə təbliğatın artırılmasına, institutun inkişafına mühüm töhfələr verir. 

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Türkiyənin mediasiya sahəsində qazandığı uğurlardan danışıb, praktiki fəaliyyət istiqamətlərindən söhbət açıb. Qeyd edib ki, bu günədək Türkiyədə mediasiyaya dair 6 milyon müraciət daxil olub, onlardan 4 milyonunda məhkəməyə getmədən tərəflər arasında barışıq əldə olunub.  

Mediasiya Şurası İdarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov ölkəmizdə mediasiya sahəsində həyata keçirilən işlərdən danışıb, konfransın önəmindən bəhs edib.  

Sonra Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri, Mediasiya Şurası Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvü Sadiq Bağırovun “Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunu və Qanundan irəli gələn keyfiyyətli mediasiya xidmətləri”, Bakı 15 saylı mediasiya təşkilatının rəhbəri, mediasiya təlimçisi Qasım Şalıyevin “Türkdilli dövlətlərdə mediasiya prosesləri, fərqli və oxşar cəhətlərin Azərbaycan mediasiya ilə müqayisəli təqdimatı” mövzularında çıxışları dinlənilib. 

Sonda Türk Dünyası Mediatorlar Birliyi tərəfindən Naxçıvan Dövlət Universiteti və Naxçıvan Mediasiya Təşkilatına hədiyyələr təqdim olunub.

Nəşr edilib : 04.11.2024 17:52