NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Fərmanı

...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 31 oktyabr tarixli 383-06/S nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq muxtar respublikada avtomobil nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sərnişin və yük daşımalarının beynəlxalq tələblərə və təcrübəyə uyğun təşkil edilməsi və rəqabətədavamlı avtomobil nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs (bundan sonra - Agentlik)  yaradılsın.

2. “Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Agentliyin nizamnamə fondu 6 432 000 (altı milyon dörd yüz otuz iki min) manatdır və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin (bundan sonra - Xidmət) əsas vəsaitlərinin qalıq dəyəri hesabına formalaşdırılır.

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə:

4.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

4.1.3. Agentliyin yenidən təşkili və ləğvi;

4.2. Nazirliyə:

4.2.1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

4.2.2. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiqi;

4.2.3. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

5.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etsin;

5.2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat versin;

5.3. Agentliyin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını təsdiq etsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Nazirlik:

6.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.2. Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;

6.3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Xidmətin balansında olan əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

6.4. Agentliyin 2024-cü ilin növbəti dövrü üçün maliyyələşdirilməsini “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 28 dekabr tarixli 223-VI FR nömrəli Fərmanının 1.10.1.2-ci yarımbəndində nəzərdə tutulan vəsait hesabına təmin etsin;

6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 29 avqust 2024-cü il

Nəşr edilib : 29.08.2024 18:16